Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan siyasi əlaqələrin vacibliyi qeyd edilmiş və bu münasibətlərin xarakteri uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verdiyi vurğulanmışdı. Rusiya ilə Azərbaycan arasında uzun illərdir ki, ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə əməkdaşlıq aparılır. Bu gün Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün olduqca mühüm ölkə kimi çıxış edir. Rəsmi Bakının siyasi iradəsi, təşəbbüskarlığı, ölkəmizin iqtisadi gücü təkcə Azərbaycan üçün yox, bütün region üçün tənzimləyici funksiyasını yerinə yetirir. Bu mənada Azərbaycanın istər bölgə daxilində, istərsə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri, həyata keçirdiyi və ya dəstək verdiyi layihələr əsas stimulyatordur. Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsi ilə Azərbaycan öz ixrac potensialını realizə etmək üçün Rusiya kimi geniş bazara çıxış əldə edir, əlaqələr siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, bütün digər əməkdaşlıq əlaqələri üçün möhkəm sütun rolunda çıxış edir. Eyni zamanda, bu əlaqələr regionda sabitlik, təhlükəsizlik və davamlı inkişaf meyillərini və maraqlarını gücləndirir.
Azərbaycanda rus dilində təhsilə icazə verilməsi Azərbaycan – Rusiya münasibətlərinin daha dərin köklərə malik olduğunu bir daha sübut edir. Rus sektoruna məktəblərdə tələbatın çoxluğu, 140 mindən çox uşaqların orta məktəbdə, 15 mindən çox Azərbaycan vətəndaşının ali məktəblərin rus bölmələrində təhsil alması buna əyani sübutdur.


























