“İnanıram ki, yeni oranjemanda, yeni nəfəsdə olan bu ifam musiqisevərlər tərəfindən maraqla qarşılanacaq”.
Bu sözləri illərin sənətkarı, Xalq artisti Elmira Rəhimovanın repertuarında xüsusi yer tutan məşhur “İntizar” mahnısı ilə musiqi gündəmini dəyişən gənc və istedadlı müğənni Sehri Əliyeva Yenicag.az-a açıqlamasında deyib.
Xalq artisti Aygün Bayramovanın yetirməsi olan Sehri bu mahnının səhnə fəaliyyətində ona böyük uğur qazandıracağına ümid bəslədiyini bildirib:
“İllərlə əsl sənətkarlardan dərs almışam. Əvvəlcə Asəf Zeynallı adına Musiqi Kolleci, ardınca Milli Konservatoriyada Xalq artisti, sevilən muğam ifaçısı Aygün Bayramovanın sinfini bitirdim. Hazırda magistr pilləsində təhsilimi davam etdirirəm. 9 ildir ki, ustadların yanında sənətin incəliklərini öyrənən, korifeylərin əlindən su içən gənc bir ifaçı kimi özümü digər fərqli janrlarda da sınamağa qərar verdim.
Musiqi dünyamızda öz möhürünü vuran sevimli sənətkar Elmira Rəhimovanın repertuarına müraciət etdim. Sözləri Südabə Şəfaya, musiqisi isə Nüşabə Muradovaya məxsus olan məşhur “İntizar” mahnısını oxudum. Belə demək mümkündürsə, mahnıya yeni nəfəs gətirdim, yeni ruh verdim. Əlbəttə, bu addımla nə qədər böyük məsuliyyət daşıdığımın da fərqindəyəm. Elmira Rəhimova kimi böyük sənətkarın repertuarına müraciət etmək sözsüz ki, gənc bir ifaçıdan hədsiz cəsarət, özgüvən, istedad, musiqi duyumu tələb edir. Həm də söhbət milli musiqimizdə xüsusi yeri olan bənzərsiz “İntizar” mahnısından gedir.
Açığı, bu ifa ilə bağlı mümkün tənqidlərə və fərqli fikirlərə özümü öncədən hazırlamışam. Amma dünəndən mahnını müxtəlif sosial platformalarda paylaşmışıq. İzləyicilər tərəfindən o qədər xoş fikirlər yazılır ki, yaranan təəssürat məndə olan ilk qorxu, həyəcan və narahatlığı xeyli azaldıb. Deyəsən, dinləyicilərin qəlbini oğurlaya bildim. Ümid edirəm və ən əsası, inanıram ki, yeni oranjemanda, yeni nəfəsdə olan bu ifam musiqisevərlər tərəfindən maraqla qarşılanacaq, gənc müğənni olaraq, mənə gələcək səhnə fəaliyyətimdə böyük uğurlar qazandıracaq”.