Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin böyük önəm verdiyi sahədir. Dövlətimizin başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı” haqqında 6 aprel 2011-ci il tarixli sərəncamı, proqramın hazırlanması üçün işçi qrupunun yaradılması gəncliyin rifahına hesablanan dövlət qayğısını bir daha ortaya qoydu.
Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Hər zaman adlarını fəxrlə çəkdiyimiz Mübariz, Fərid, Murad, Samid, Ruhin, Elnur, aprel döyüşlərinin onlarla qəhrəmanı bu gün Azərbaycanımızda yüzlərlə, minlərlədir.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.
1997-ci il fevralın 1-də “2 fevral” – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Dövlət gənclər siyasəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
• xalqın gələcəyini müəyyən edən xüsusi içtimai qrup kimi gənclərin özünəməxsus mənafe və ehtiyacları olduğunun etiraf edilməsi:
• cinsindən, milliyyətindən dilindən, dini etiqadından, təhsilindən, sosial mənşəyindən və siyasi baxışlarından asılı olmayaraq gənclərin cəmiyyətdə hüquq bərabərliyinə təminat verən hüquqi və sosial statusunun müəyyənləşdirilməsi;
• gənclərin hərtərəfli sosial, mənəvi və fiziki inkişafına, onların hüquq və azadlıqlarının Həyata kecirilməsinə təminat verən şəraitin yaradılması;
• gənclərdə xalqın mədəni irsinə və ənənələrinə, nəsillərin mənəvi əlaqəsinə qayğıkeş münasibətin tərbiyə edilməsi;
• gənclərin azadlıq, hüquq və vəzifələrinin vəhdəti;
• gənclərin sosial müdafiəsi üçün hüquqi və təşkilati təminatların yaradılması.
Respublikanın gəncləri, gənclər təşkilatları və birlikləri onlara verilmiş hüquq və azadlıqlardan, sosial-iqtisadi güzəştlərdən istifadə edərək fəaliyyətlərinin respublikanın, cəmiyyətin tərəqqisinə, onun mənafeyinin qorunmasına yönəldirlər.
Gənclər dedikdə, vətən,torpaq uğrunda öz canından keçən igidlərimizin adını çəkməmək qeyri-mümkündür. Onlar gənc yaşlarında torpaqları uğrunda yağı düşmənə qarşı vuruşmuşdular. Onların haqqını heç kim ödəyə bilməz. Biz ömrümüz boyunca onlar qarşısında borclu olacağıq.
İndi ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib. Azərbaycan gənclərin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir.
Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Niftiyeva Günel. YAP üzvü


























