image-ramin-hesenbackend

“Göyçə-Zəngəzur Respublikası”, yaxud erməni maraqlarına xidmət

image-reklam_sirab_01

 

Azərbaycan dövləti 44 günlük Vətən müharibəsini qələbə ilə başa vurduqdan Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətdə önəmli təşəbbüslərlə çıxış edir. Dövlətimiz eyni zamanda Ermənistanla münasibətlərin normallaşdırılması üçün qarşı tərəfə beş bənddən ibarət sülh sazişinin imzalanmasını təklif edib. Hansı ki, ölkəmizin təqdim etdiyi təkliflər beynəlxalq hüquq normalarına əsaslanır. Amma Ermənistan münasibətlərin normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəkləmək əvəzinə vaxtaşırı təxribatlar edərək sülhə gedən yolu pozmağa çalışır. 12-14 sentyabrda dövlət sərhədində erməni tərəfinin hərbi təxribatları buna sübutdur. Şanlı ordumuz düşmən təxribatının qarşısını layiqincə aldı. Bu hadisədən sonra Ermənistan hakimiyyəti dünya ictimaiyyətinə car çəkərək guya Azərbaycanın Ermənistana qarşı təcavüz etdiyi görünütüsü yaratmaq və bununla da dövlətimizin beynəlxalq imicinə zərbə vurmağa çalışır.
Belə bir şəraitdə sapı özümüzdən olan baltalar da erməni dəyirmanına su tökməklə məşğuldur. Bu əməllər sırasında Türkiyə ərazisində bir qrupun “Göyçə-Zəngəzur Respublikası”nın yaradılmasını elan etməsidir. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın Ermənistana beş bənddən ibarət təklif etdiyi sülh sazişində dövlətlərin qarşılıqlı sürətdə ərazi bütövlüyünün tanınması bəndi var. Bu halda, “Göyçə-Zəngəzur Respublikası”nın yaradılmasını elan etmək ermənilər üçün dövlətimizə qara yaxmaq üçün yeni fürsət verir. Belə rəy formalaşdırmağa çalışacaqlar ki, Azərbaycan Ermənistan ərazisində yeni dövlət yaratmaq istəyir. “Zəngəzur dəhlizi” məsələsinin danışıq masası üzərinə qoyulduğu bir vaxtda “Göyçə-Zəngəzur Respublikası” yaradılmasının ictimai rəyə daşınması bu dəhlizin reallaşmasını istəməyən qüvvələrin birbaşa xeyrinə işləyən məsələdir. Verilən mesaj isə bundan ibarətdir ki, “baxın, Azərbaycan dəhliz adı altında Ermənistanın bu ərazisində özünün ikinci dövlətini yaratmaq istəyir”. Lakin təəssüf ki, “Respublika”nın yaradıcısı Rizvan Talıbov bunu dərk edəcək səviyyədə deyil. R.Talıbovun bu cür avantürist hərəkətlərinin qarşısı dərhal alınmalı və onun Türkiyədəki həmin insanlarla əlaqələri və bu əlaqənin vasitəçiləri dərhal araşdırılmalıdır.
Əslində, R.Talıbov kimdir? O, 2005-ci ildə keçmiş səhiyyə naziri Əli İnsanovun həbsindən sonra Qərbi Azərbaycana Qayıdış Birliyi adlı qondarma təşkilat yaratdığını elan edib, ilk işi Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsini “yaratması” və ona sədrlik etməsi olub. Az sonra xuliqanlıqda ittiham olunan R.Talıbova məhkəmənin hökmü ilə 4 il həbs cəzası verilib və o, bu müddəti həbsdə keçirib. 2020-ci ilin 9 may tarixində bir qrup “İrəvan-Türk Cümhuriyyəti” yaradandan az sonra – 10 mart 2021- ci il tarixdə R.Talıbov da yalandan Qərbi Azərbaycana Qayıdış Birliyinin (QAQB) iclasını keçirib, Göyçə-Zəngəzur Respublikası “yaratdığını” və onun “prezidenti” olduğunu elan edib. Buna etiraz edənlər ümumi yığıncaq keçirərək qərar qəbul ediblər ki, Rizvan Talıbovun Ali Məclis adından heç bir toplantı keçirmədən, növbəti dəfə özbaşına qərar yazıb “dövlət” elan etmə əməli siyasi dələduzluq kimi qiymətləndirilsin və QAQB sədrliyi vəzifəsindən kənarlaşdırılsın. Eyni vaxtda o və oğlu QAQB-nin təsisçiliyindən çıxarılsın. Lakin həmin şəxslər ona baş qoşmağın mənasız olduğunu dərk edərək, onu tərk edib. Ötən müddətdə R.Talıbov özü üçün “dövlət” qurub, onun “strukturlarını” yaradıb, “Baş nazir”, “nazirlər”, “komitə sədrləri” təyin edib, “parlament” yaradaraq “spiker”, “vitse-spiker” təyin edib, xəyali virtual iclas keçirib, iclasda “çıxış edib”, vatsapda “çıxışını” paylaşıb, saytlara müsahibə verib, müxtəlif hadisələrə “münasibət bildirib” və s. Bir sözlə, öz-özünü inandırıb ki, artıq yaratdığı “dövlətin” “prezidenti”dir. Hətta bəzən “nazirlərinin” üstünə açıqlanmaqdan da çəkinmir.
Özünü Qərbi Azərbaycanlıların “prezidenti” sayan bu şəxsin faktiki olaraq Qərbi Azərbaycanla bağlı heç bir araşdırması yoxdur, Qərbi Azərbaycanın nə tarixini, nə də coğrafiyasını bilir. Ətrafında bir nəfər də ciddi adam yoxdur, adlarını çəkdiyi, “vəzifəyə qoyduğu”, “strukturlara” daxil etdiyi adamların çoxunun heç bundan xəbəri də yoxdur. Onun Türkiyədəki “yardımçısına” gəlincə, ola bilər ki, R.Talıbov o adamı heç tanımır, məhz o adam (yaxud onun Azərbaycandakı adamları) R.Talıbovla əlaqə saxlayıb ki, Mehmet Ali Arslan adında fəaliyyəti şübhəli olan bir adamı özünə Türkiyədəki nümayəndə təyin et. Bunu özü üçün böyük şərəf sayan R.Talıbov Türkiyədən də ona “dəstək” verilməsinə sevinərək həmin şəxsi özünə “prezident köməkçisi” təyin edib. Həmin qüvvələr isə onun bu siyasi savadsızlığından istifadə edərək, öz işlərini görür, gündəmə gəlir, “Göyçə-Zəngəzur Respublikası” adından danışır, şübhəli qüvvələrlə, bəlkə də Türkiyəyə düşmən təşkilatlarla danışıqlar aparırlar və sabah hansı məkrli addımı atacaqları məlum deyil. Sonda isə Qərbi Azərbaycanlıların və Azərbaycan dövlətinin imici zədələnə bilər. Ona görə də, belə adamların və təşkilatların qarşısı dərhal alınmalıdır.
Bir məqamı da qeyd etmək lazımdır ki, yaranmış anlaşılmazlığı aradan qaldırmaq məqsədilə Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikasını tanımırıq” adlı bəyanat verib. Qərbi Azərbaycan İcması belə bir qurumun yaradılmasını yolverilməz hesab edir. Dövlət tərəfindən rəsmi qeydiyyatdan keçən Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bu səbəbdən də ictimaiyyət “Göyçə-Zəngəzur Respublikası” haqqında yayılan məlumatları ciddiyə almamalı, əslində bu qurumun yaradılmasının indiki həssas dönəmdə milli maraqlarımıza zidd olduğunu bilməlidir.
Şübhəsiz ki, qondarma “Göyçə-Zəngəzur Respublikası”nın arxasında duranlar Azərbaycan dövlətinin güclü və qüdrətli olmasını istəməyən, Ali Baş Komandanımızın güclü iradəsi, diplomatik təcrübəsi, hərbi-siyasi manevr qabiliyyəti ilə ölkəmizin daha da qüvvətlənərək inkişafını arzulamayan, bölgəyə sülh, sabitlik və əminamanlığın gəlməsinin qarşısını almaq istəyən dövlətlər və güclərdir. Biz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi bir olmalıyıq. Dövlətimizin cənab İlham Əliyev kimi rəhbəri, lideri, sərkərdəsi var və cənab Prezidentin həyata keçirdiyi xarici siyasət hər bir azərbaycanlının, o cümlədən Qərbi Azərbaycanlıların milli maraqlarına xidmət edir. Bu baxımdan, iyrənc düşüncə əsasında “Göyçə-Zəngəzur Respublikasını” yaradan dairələr bilməlidirlər ki, atdıqları bu addımlar və onların arxasında dayanan qüvvələr dəmir yumruğun zərbəsini qəbul edəcəklər. Azərbaycan dövləti və xalqı əsla milli maraqlarımıza zidd olan hər hansı addıma dəstək verməyəcək, ona sahib çıxmayacaq. Amalımız, qayəmiz Azərbaycanın lideri İlham Əliyevin ətrafında sıx birləşmək və “dəmir yumruq” olaraq yolumuza davam etməkdir!

 Ramil Həsən

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki