image-4a316308-8f15-4ab9-8261-dee8d72d9935backend

Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır

image-reklam_sirab_01

 

 

27 sentyabr – Anım Gününün ikinci ildönümünü Azərbaycan vətən uğrunda şəhid olan qəhrəmanlarını hüznlə və ehtiramla yad etdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Anım günündə Füzuli rayonuna səfər edərək savaşın ilk günündə azad edilən Qaraxanbəyli kəndində şəhidlərimizin şərəfinə ucaldılan abidə – qaya parçasını ziyarət etməsi həm də simvolik xarakter daşıyırdı. Abidə önündə çıxış edən prezident Vətən müharibəsi və ondan sonrakı dönəmlə bağlı vacib məlumatları bir daha ictimaiyyətin diqqətinə çatdırdı. Çıxışında əsgər və zabitlərimizin qəhrəmanlığına toxunan dövlət başçımız bildirmişdir: “Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik”.

Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq.

Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər” – deyə vurğulayıb.

Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. 30 il ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı.

Prezidentin çıxışında hər zamankı kimi Azərbaycana və dünyaya bəyan edilən əminlik mesajı var idi. Bir daha düşmənin baş qaldırmasına, ölkəmizin suverenliyinə hər hansı bir təhdidə imkan verilməyəcəyini inamla söyləyən prezident əks halda ölkəmizin gərəkən addımları atacağını bir daha bəyan etdi. Amma dövlətimizin qüdrətinin düşmənin hər hansı cəhdinə şans tanımadığı da prezident tərəfindən ifadə olunub: “Ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.

 

Aysel Mənsimova – politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki