image-a6609491-cdb8-4d00-87d8-e17bd1524094backend

Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur

image-reklam_sirab_01

Ümummilli liderimiz Heydər Əliyevin  2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur..

Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir. Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, sonuncu kiril qrafikalı əlifba isə ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edilib. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-cı illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşıya məqsəd qoymuşdu.

Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalq­larının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Hə­min vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı.

Bundan sonrakı illərdə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir.

Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin doğma dilimizə həs­saslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam həm də əlifba ilə bağlı problemləri həll etdi.

Ölkə prezidentinin 2012-ci il mayın 23- də imzaladığı “Azərbaycan dilinin qlo­ballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam da onun ana dilimizə verdiyi böyük önəmdən xəbər verir.

Qeyd edim ki, Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ünsiyyət vasitəsidir.

Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

Humay Muradova

Azərbaycan Dillər Universiteti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki