image-photo-2021-10-20-15-53-51backend

Hər qələbə bir qisas

image-reklam_sirab_01

Hər qarışı güllə ilə, hər addımı mərmi ilə azad olunan vətən torpağı- Qubadlı! 1993-cü il avqustun 31-də erməni işğalçıları tərəfindən canımızdan, qanımızdan qopardılmış Qubadlı Müzəffər Ali Baş Komandanın əsasını qoyduğu dəmir yumruqla 2020-ci il oktyabrın 25-də vətənimizə qaytarıldı. Bəs düşmən əsarətində keçən o ağrılı günlər ?! Unudulması mümkündür mü?! Dünyaya “mənim torpaqlarımdır” deyə car çəkən Ermənistan Qubadlıda hansı quruculuq işləri görmüşdü? Yoxsa ermənilər quruculuqla dağıdıcılıq arasındakı fərqi bilmirdilər? 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü, 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar “qonşular” tərəfindən  dağıdılmış, yararsız hala salınmışdır. Əlbəttə, ermənilərin necə barbar məxluqlar olduqları bizlərə gün kimi aydındır. Lakin gözü kor, qulağı kar dünya hələ də həqiqətlərlə qarşılaşmağa hazır deyil. Təbii ki, dünyanın hazır olub-olmaması nə Azərbaycan əsgərinin, nə xalqımızın, nə də Ali Baş Komandanımızın maraq dairəsində deyil. Çünki artıq müzəffər xalq olaraq öz torpaqlarımızda öz quruculuq işlərimizi həyata keçiririk.

Sentyabrın 27-dən başlanan zəfər yolumuz bizi hər gün Qarabağımızın bir parçası ilə əbədi birləşdirirdi. 44 gün ərzində hər kəsin səbirsizliklə gözlədiyi bir şey var idi- Cənab Prezidentin qələbə soraqlı twitləri, hər kəlməsi düşmənə zərbə olan çıxışları. Alnımızın ləkəsini silən bu xəbərlər üçün isə Azərbaycan ordusu yorulmadan, qorxmadan irəliləyirdi. Qubadlıda qurulmuş güclü erməni istehkamları, hər yüksəlikdə əsgərimizə tuşlanan düşmən silahı şəhərin işğaldan azad olunmasını çətinləşdirirdi. Oktyabrın 20-də Zəngilanın vətənimizə qaytarılmasından sonra növbə Qubadlının idi. Heç bir istehkam, heç bir düşmən pusqusu Azərbaycan əsgərini geri addım atmağa vadar edə bilmədi. Qəlbində daşıdığı 30 illik vətən həsrəti, lakin qəlbinə sığmayan vətən sevgisi və düşmənə nifrət idi Azərbaycan əsgərini irəli aparan! Beləliklə, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər azad edildi, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və digər strateji yüksəkliklər Azərbaycan əsgərinin addımları ilə əsarət yuxusundan oyandı. Nəhayət, o möhtəşəm xəbər gəldi- oktyabrın 25-i Qubadlımız erməni işğalçılarından tamamilə təmizləndi. Artıq torpaqlarına həsrətlə baxıb köks ötürən deyil, müzəffər dəmir iradəli bir xalqıq!

Lakin heç nə unudulmur, heç nə yaddan çıxmır! Ermənistanın müharibədən öncə də, müharibə ərzində də törətdiyi hərbi cinayətləri Azərbaycan xalqı heç vaxt unutmayacaq! Qubadlı rayonunun Xanlıq kəndində ermənilər tərəfindən hərbi istehkam, hərbi baza qurulmuşdu. Xanlıq kəndində qanunsuz məskunlaşdırılma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər və  Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Hətta onlar məskunlaşdırma siyasəti aparmaqla kifayətlənməmiş, xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə də salmışdılar. Maraqlısı isə budur ki, bütün baş verənləri yalnız Azərbaycan və ona dəstək olan qardaş ölkələr görür, Cenevre konvensiyalarını özlərinə rəhbər tutan digər hər hansısa ölkə səssizliyini pozmur. Onlar səssizliklərini pozmadıqları halda Azərbaycan xalqı Ali Baş Komandanı ilə birlikdə dünyaya səs salır. İlk dəfə 2020-ci il dkebarın 23-də Müzəffər Komandan tərəfindən Qubadlıda üçrəngli bayrağımız qaldırıldı. Qubadlıda ucaldılmış nazlı hilal əbədiyyən səmalarda dalğalanıb ulduzlara yaraşıq verəcək. Ruhunuz şad olsun, Milli Qəhrəman Şükür Həmidov! Siz və digər igid vətən oğullarının uğrunda canlarından keçdiyi Vətən Torpağı bu gün azaddır, bizə əmanət etdiyiniz torpaqlarda sizlərin ruhunuzu hiss edib addımlayırıq, tökdüyünüz qandan, verdiyiniz candan güc alaraq addımlayırıq! Addımlayırıq, yalnız irəli!

 

Azərbaycan Tibb Universiteti

Günəş Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki