Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Heydər zirvəsi”ə yürüş təşkil edilib. Bu barədə təşkilatdan məlumat verilib.
Məlumatda bildirilir ki, Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə reallaşdırılan “Heydər Əliyev irsinin gənc nəsil arasında təbliği” adlı layihənin icrasını davam etdirir. Bu günlərdə layihə çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri, “Heydər zirvəsi”nə yürüş baş tutub.
Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin nümayəndləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, tanınmış jurnalistlər, bloqerlər, qazilərin qatıldığı yürüş Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarının ziyarəti ilə başlayıb. Yürüş iştirakçıları Ulu öndərin məzarı üzərinə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla anıblar. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub.
Zirvəyə Xınalıq kəndi yaxınlığından başlayan yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”ndə başa çatıb. Yürüş iştirakçıları çətin relyef və hava şəraitinə baxmayaraq qarşıya qoyulan məqsədə nail olublar. Yürüş iştirakçıları Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Yürüşdə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müşaviri Firdovsi Əliyev və Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş tədbirin mənəvi əhəmiyyətindən danışıblar.
Zirvədə qazi-xanəndə Əvəzxan Əzizov Ulu öndərin xatirəsinə həsr olunan “Sən elə bir zirvəsən” mahnısını ifa edib.
Qeyd edək ki, yürüş zamanı aparılan çəkiliş əsasında qısametrajlı sənədli film hazırlanaraq ictimaiyyətə təqdim olunacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edib.