image-01-1backend

İki qardaş ölkə arasında iqtisadi münasibətlər inkişaf edir

image-reklam_sirab_01

Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. İkinci Qarabağ müharibəsində Azərbaycan güc yolu ilə torpaqlarını işğaldan azad etdi. 44 günlük savaş Prezident İlham Əliyevin qətiyyətinin, dövlətimizin gücünün, xalqımızın həmrəyliyinin təntənəsi oldu. Eyni zamanda təsdiq olundu ki, heç bir təzyiq və ya təhdid Azərbaycanı özünün milli maraqlarını təmin etməsindən çəkindirə bilməz.
Müharıbədə qələbənin qazanılmasında son illlərdə aparılan düzgün iqtisadi siyasətin böyük rolu oldu. Ölkədə iqtisadiyyatın düzgün təhlili, makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində köklü dəyişikliklər baş verdi. Azərbaycan iqtisadiyyatının şəffaflığı və sahənin liberallaşması təmin edildi. Həyata keçirilən iqtisadi islahatların, beynəlxalq əhəmiyyətli layihələrin, müxtəlif ölkələrlə qurulan iqtisadi əlaqələrin sayəsində möhkəmlənən Azərbaycan öz iqtisadi gücünü göstərdi, onun sayəsində Qafqazın ən güclü ordusunu yaratdı və müharibəni qələbə ilə başa vurdu.
Bu gün regionda müharibədən sonra yaranan reallıqlar fonunda yeniliklər baş verir. Prezident İlham Əliyev mayın 30-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunu qəbul edərkən ölkələrimiz arasındakı dost və qardaş münasibətlərə toxunularaq birgə inşa edilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun xüsusi önəmi vurğulanıb. Qeyd edilib ki, bu dəmir yolu Şərq-Qərb dəhlizinin önəmli hissəsidir. Son illər bu dəhliz yolu ilə yüklərin həcmi daha da artır.
Görüşdə bildirildi ki, Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində Zəngəzur dəhlizi məsələsi müzakirə edilir və yaxşı nəticələr də var. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur dəhlizi kimi təsbit edildi. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək. Bildiyiniz kimi, müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdir. Lakin sonradan Ermənistan tərəfi də artıq bu dəhlizin qaçılmaz olmasını başa düşüb və indi üçtərəfli çərçivədə müzakirələr aparılır.
Azərbaycan artıq azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə start vermişdir. Yaxın iki il, bəlkə iki il yarım ərzində o dəmir yolu tam istismara veriləcəkdir.
Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək. Ermənistan ərazisində Zəngəzur dəhlizinin önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir dəhliz açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaqdır.
Bütövlükdə isə nəqliyyat sahəsi həm Türkiyə, həm Azərbaycan üçün çox böyük önəm daşıyır, xalqlarımızı bir-birinə bağlayan sahədir. Nəticədə isə hər iki qardaş ölkənin iqtisadiyyatı daha da güclənəcəkdir.
Ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu enerji və nəqliyyat layihələrinin ölkələr, xalqlar arasında dostluq körpüsünün daha da möhkəmlənməsində rolu göz qabağındadır. Prezident İlham Əliyev günün əsas reallıqlarından biri kimi bu məqamı daim vurğulayır ki, güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür.
Qlobal güc mərkəzi olan Avropa İttifaqının da Azərbaycanla əlaqələri yüksələn xətlə inkişaf edir. Quruma üzv dövlətlərin böyük hissəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər və bəyannamələr imzalanmışdır. Avropa İttifaqı həmişə Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, ölkəmizlə əlaqələrin inkişafına dəstək göstərir.
Cari ildə qlobal investisiyalar 2020-ci ildəki 326 milyard dollara nisbətən 351 milyard dollara çatacaq. Orta və yaxınmüddətli investisiyaların keçənilki 197 milyard dollar səviyyəsindən 252 milyard dollara yüksələcəyi, kömür investisiyalarının isə 91 milyard dollar səviyyəsində qalacağı gözlənilir.
Şirkətlərin 2020-ci ildəki şokdan maddi cəhətdən xilas olması səbəbindən bu il neft və təbii qaz investisiyalarının da 10 faiz artacağı nəzərdə tutulur. Lakin xərclər hələ də böhrandan əvvəlki səviyyədən çox aşağıdır.
Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinin hər biri yeni sosial obyektlərin təməlinin qoyulması ilə yadda qalır. Bu, artıq torpaqlarımızın bundan sonra inkişafının qaçılmaz olduğunun təsdiqidir. Bu günlərdə Ağdam rayonuna səfər edən dövlətimizin başçısı İlham Əliyev Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak etdi. Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.
O da məlumdur ki, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək.
Çıxışlarında Azərbaycanın son 17 ildə qazandığı uğurlara, keçdiyi inkişaf yoluna diqqət yönəldən dövlətimizin başçısı İlham Əliyev düzgün qurulan siyasətin beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyimizi qorumağa əsas yaratdığını xüsusi qeyd edir. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına diqqət yetirməklə ölkəmizin nəqliyyat infrastrukturunun yenilənməsinə və təkmilləşməsinə göstərdiyi diqqətin ümumi mənzərəsini təqdim edə bilərik. Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə beşinci yerdə, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir. İnfrastruktur layihələri ilə bağlı olaraq dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdədir. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün çətinliklərə, işğala, 1 milyon qaçqının olmasına baxmayaraq, ötən illər ərzində bu nailiyyətləri əldə etmişik: «İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.»

 

Israfil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki