image-1619526316_qudrethesenquliyev-1backend

“İnkişaf etmiş ölkələr vaksinlərin hazırlanması formulunu açıqlamırlar”

image-reklam_sirab_01

Qüdrət Həsənquliyev: “Azərbaycan Respublikası olaraq beynəlxalq ictimaiyyətə müraciət etməliyik”

“Dünən Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün iqtisadi və sosial komissiyasının 77-ci sessiyasında çıxış etdi. Orada Dağlıq Qarabağla bağlı dünya ictimaiyyətinə məlumat verdi. Bununla yanaşı koronavirusa qarşı aparılan mübarizədə Azərbaycanın rolundan danışdı. Eyni zamanda vaksinlərin ədalətsiz bölüşdürülməsinə növbəti dəfə öz etirazını bildirdi. Bəyan elədi ki, dünyada istehsal olunmuş vaksinlərin 53 faizi otuz inkişaf etmiş dövlət arasında bölüşdürülüb”.

Bu fikirləri parlamentin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili əlavə edib ki, hazırda Hindistanda və Braziliyada koronavirusdan əziyyət çəkənlərin sayı çox böyük sürətlə artır və insanlar kütləvi şəkildə həyatlarını itirirlər: “Belə bir vəziyyətdə məni ciddi şəkildə narahat edən məsələlərdən biri odur ki, dünyanın inkişaf etmiş ölkələri vaksinlərin hazırlanması formulunu açıqlamırlar. Bu gün dünyada 3 milyondan artıq insan həyatını itirib və hər gün minlərlə insan həyatını itirir. Bundan pul qazanmaq fikrinə düşən insanlar var. Hesab edirəm ki, bu heç bir mənəvi normaya sığmır. Ona görə də biz, Azərbaycan Respublikası olaraq, beynəlxalq ictimaiyyətə, o cümlədən qoşulmama hərəkatına müraciət etməliyik ki, həmin ölkələrə müraciət olunsun və onlar istehsal etdikləri vaksinlərdən az qazanc götürsünlər. Formulu açıqlasınlar ki, texnoloji imkanları olan ölkələr, həmin ölkələrdəki farmakoloji fabriklər vaksin istehsalını sürətləndirsinlər. Yəni bundan da pul qazanmaq olar. Bütün dünya böyük faciə içərisindədir, insanlar əzizlərini itirirlər. Ona görə də, Azərbaycan tərəfinin belə bir müraciət etməsi çox yaxşı olar. Mən mətbuatda oxudum ki, artıq Türkiyə Rusiya vaksinlərinin istehsalına başlayıb, Qazaxıstan, İran artıq öz vaksininin istehsalına başlayıb. Amma bu yenə də yetərli deyil. Məni ən çox narahat edən məsələ isə Azərbaycanla bağlıdır. Mətbuatda oxuyuram ki, dünən cəmi 365 nəfər vaksin olunub. Onun 362 nəfəri birinci dəfə, 3 nəfəri isə ikinci dəfə vaksin olunanlardır. Ona görə də, mən, Əhliman müəllimə (Əhliman Əmiraslanov) müraciət edirəm ki, hansı səbəbdən 362 nəfər vaksin olunub? Vaksin yoxdur, yoxsa insanlar vaksin olunmaq istəmirlər? Bizim komitə sözsüz ki, bu məsələni diqqətdə saxlamalıdır. Vaksin olunmaq istəmirlərsə onda yaş həddini aşağı salmaq lazımdır ki, 20, 30 yaşdan yuxarı yaşı olan insanlar vaksin olunsunlar. Bir çox ölkələrdə artıq 18 yaşdan vaksinləşmə prosesi aparılır. Cənab Prezident dünən çıxışında vurğuladı ki, Azərbaycanda ümumilikdə cəmi 1 milyon 400 min nəfər vaksin olunub. Bu da əhalinin 14 faizidir. Yəni bu bir çox ölkələrlə müqayisədə yaxşı göstəricidir. Amma vaxtında müəyyən addımlar atılmış olsaydı daha yaxşı ola bilərdi. O zaman hələ vaksinlərlə bağlı ilkin iş aparıldığı dövrdə səhiyyə sahəsi üzrə bir çox rəsmilər bəyan ediridilər ki, dünyanın aparıcı vaksin hazırlayan şirkətləri ilə danışıqlar gedir və biz vaksinlər alacağıq. Amma sonra bəlli oldu ki, bunlar heç də deyildiyi kimi deyilmiş və həqiqətə uyğun gəlmirmiş. Ona görə də hesab edirəm ki, bizim müvafiq komitə bu barədə dinləmə keçirsin. Bu barədə bizə məlumat verilsə çox yaxşı olardı”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki