image-iran-qanbackend

İranın ağına da lənət, qarasına da…

image-reklam_sirab_01

İlanın ağına da lənət, qarasına da. Elə İranın da… Düz iki ildir ki, uzun illər düşmən tapdağı altında olan torpaqlarımızı azad etmişik. Buna hansı əzab-əziyyətlərlə, nə qədər qanlar tökməklə, canlar verməklə nail olduğumuzu hər kəs bilir. Azərbaycan Əsgəri o torpaqlarda can verməyi ilə həm də o torpaqlara can vermiş oldu, oralar dirçəldi, həyat qayıtdı. Necə deyərlər: torpaqlarda can verən torpaqlara can verər.

Amma nədənsə qonşu müsəlman ölkəsi bizim bu azadlığımızı, bu qayıdışımızı, bu haqqımızı həzm edə bilmir. Əcəba, İslam deyib bar-bar bağıran bu ölkənin bizə çatanda dinsiz-imansızlıq damarı niyə tutur?

– Gəlin, bu suala birlikdə cavab tapmağa çalışaq, öz də faktlarla və sübutlarla…

Məlumdur ki, işğal dövründə İran rejimi Şuşa şəhərində azərbaycanlılara məxsus məscidi guya təmir etmək adı ilə özününküləşdirməyə çalışıb. İbadət evini fars məscidi adı ilə müsəlman aləminə sırımağa cəhd göstəriblər. Təsəvvür edin ki, bu iyrənc təşəbbüsü bizim “din qardaşlarımız” irəli sürüb və müvəqqəti də olsa, gerçəkləşdirə biliblər. Məscidin əsl sahibləri qayıdana qədər…
Bundan əlavə, qırx üç ildir ki, haqq-ədalət-din-iman-quran-namaz deyə, hayqıraraq dünyanı haqqa dəvət edən bu qonşu dövlət nədənsə işğal dövründə tövlələrə çevrilən, donuzların saxlandığı məkan kimi istifadə olunan məscidlərimizdən heç xəbər tutmayıblar. Allahın evinə olan bu hörmətsizlik məgər İslamı aşağılamaq deyilmi? Məgər İslamın qadağan etdiyi donuzu məscidlərdə saxlamaq, dinimizi və dinimizin ədalət carçısı olan əziz peyğəmbərimizi təhqir etmək deyilmi? O zaman bütün bunları görə-görə İranın müdafiə damarı niyə tutmurdu? Axı söhbət məsciddən – Allahın evindən – müqəddəs məkandan gedir! Deməli, özünü İslam Respublikası kimi təqdim edən İranın maraqları heç də dinimizi qorumaq, İslami dəyərli mühafizə etmək və əxlaqi-mənəvi dəyərlərə sahib olmaq deyil! Əgər belə olsaydı, məscidlərin tövləyə çevrilməsinə etirazını bildirərdi.

Eyni zamanda, Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsi Vətən müharibəsi zamanı işğaldan azad olunduqdan sonda sözün əsl mənasında İranın başına daşımız düşdü.

– Bilirsinizmi niyə?

Azərbaycanın bu əzəli torpaqlarını qanunsuz olaraq narkotik poliqonuna çevirən mənfur qonşularımızın (İran və Ermənistan) bazarı artıq bağlanmışdı. İqtisadiyyatlarını narkotika ilə möhkəmləndirməyə çalışan ölkələrin iqtisadi çöküşü isə bizim gözümüzün önündə gerçəkləşir.

Azərbaycanın qələbəsi ilə nəticələnən Vətən müharibəsinin son günü – noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatda yer alan bəndlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhlizin açılması üçün Ermənistan öz üzərinə öhdəlik götürüb. Amma işğalçı ölkə bu günə qədər bu öhdəliyi yerinə yetirməyib. Zatən düşməndən gözlədiyimiz də budur, düşməndən bundan artıq daha nə qədər iyrəncliklər desən – gözləmək mümkündür. Amma bununla yanaşı Zəngəzur dəhlizinin açılmasına Ermənistandan çox əngəl törədən “din qardaşlarımız”dır – İrandır.

Göründüyü kimi, müsəlman dövləti Azərbaycanın Naxçıvanla quru yolla gediş-gəlişini arzulamır.

Bütün bunlarla yanaşı, İran rejiminin bu ölkədə yaşayan azərbaycanlılara düşmən münasibəti də hər kəsə bəllidir. Güney Azərbaycanda milyonlarla azərbaycanlı yaşayır. Amma onlar daima təzyiqlərə, təqiblərə məruz qalıb və hər zaman zorakılıqla üzləşiblər. Bunun yeganə səbəbi isə onların məhz Azərbaycan türkü olmasıdır. Azərbaycanlılara qarşı nifrət isə farsların damarlarına hopub – desək, bəlkə də yanılmarıq. Təkcə bir misal gətirək və kifayətlənək:

– İranda yaşayan ermənilərin öz dilində məktəbləri mövcuddur. Amma ana dilində danışmaq istəyən 40 milyona yaxın azərbaycanlının isə az qala dilini kəsməyə çalışırlar. Dünyanın heç bir ölkəsində (müsəlman olmayan ölkələrdə belə) azərbaycanlılara qarşı bu cür münasibət sərgilənmir.

Artıq bir müddətdir İranda başlayan etiraz aksiyalarına güneyli soydaşlarımız da qatılıb. Onlar da haqlarını İran hökumətindən, molla rejimindən tələb edirlər. Amma lentə alınan kadrlardan da açıq-aydın görünür ki, rejim küçələrə axışan öz vətəndaşlarına qarşı belə xüsusi amansızlıq nümayiş etdirir. Amma buna baxmayaraq, heç bir güneyli soydaşımız geri çəkilmir, qorxmur.

Molla rejimi bilməlidir ki, bütün dünyanın harasında olmağından asılı olmayaraq azərbaycanlıların sözünü eşidəcəyi yalnız bir böyüyü var: o da cənab Prezidentimizdir. Çünki o, təkcə Azərbaycan vətəndaşlarının deyil, bütövlükdə dünya azərbaycanlılarının Prezidentidir.

Azərbaycan hər zaman öz vətəndaşlarına olduğu kimi, öz soydaşlarına da, diaspor nümayəndələrinə də diqqət və qayğı ilə yanaşıb.

Bu gün hansısa mollanın dili ilə Azərbaycanı hədələmək İran üçün baha başa gələn problemə çevrilə bilər. Azərbaycan artıq iki ildir ki, həm regionda, həm də dünyada söz sahibinə çevrilib. Azərbaycanla heç kim diqtə ilə danışa bilməz. Azərbaycan regionda güc dövlətidir.

Toğrul Allahverdili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image