image-hulya-memmedli-1backend

İrəvanın sülh danışıqlarından yayınması Ermənistanı daha ağır duruma salacaq

image-reklam_sirab_01

 

Məlum olduğu kimi, Azərbaycanın parlaq qələbəsi və işğal altındakı torpaqların azad edilməsi ilə başa çatan 44 günlük Vətən müharibəsi ilə ölkəmiz təkcə ərazi bütövlüyünü bərpa etmədi, həm də regionda real güc olduğunu göstərdi, beynəlxalq nüfuzu daha da artdı.

Münaqişənin həlli Azərbaycana siyasi dividendlər verməklə yanaşı, yeni iqtisadi imkanlar da yaratdı. Qarabağın əlverişli coğrafiyası, təbii gözəlliyi, yerüstü və yeraltı sərvətləri xarici tərəfdaşların marağını cəlb etməklə bölgənin dirçəlişi və bütövlükdə ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlığını genişləndirməsi üçün geniş potensial ortaya qoyur. Artıq azad edilmiş ərazilərdə yerli və xarici şirkətlərin iştirakı ilə görülən genişmiqyaslı bərpa və yenidənqurma işləri mövcud potensialın realizə edilməsi mərhələsinə qədəm qoyduğumuzu göstərir.

Məğlub edilmiş, 30 illik müstəqillik dövrünü hər vəchlə işğal etdiyi əraziləri əldə saxlamağa çalışmaqla boşa sərf etmiş, bir çox əlverişli tərəfdaşlıq fürsətlərini əldən qaçırmış, regional iqtisadi əməkdaşlıqdan kənarda qalaraq təcrid olunmuş və siyasi, iqtisadi, sosial böhran bataqlığına düşmüş Ermənistan isə bu gün ciddi seçim qarşısındadır.

Ermənistan ya indiyədək rəhbər tutduğu Azərbaycanafob, irqçi, ekspansionist və miflərə söykənən ideologiyadan tamamilə imtina edərək sivil dünyanın, inkişaf edən regionumuzun bir parçasına çevriləcək, ya da nifrət dolu, revanşist xəyallarla özünün və əhalisinin durumunu daha da pisləşdirəcək.

Ermənistanın sivil inkişaf yolunu seçmənin başlıca göstəricisi isə onun Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanıyaraq sülh razılaşması istiqamətində əməli addımlar atması olacaq. Prezident İlham Əliyevin bu günlərdə Fransanın “France-24” televiziya kanalına verdiyi müsahibəsindən də aydın olur ki, sülh və regionun inkişafı naminə Azərbaycan danışıqların aparılmasına hazırdır: “Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq”.

Azərbaycan danışıqlara və istənilən yüksək səviyyəli təmaslara hər zaman hazır olduğunu bildirib. Dövlət başçısının sözlərindən aydın olur ki, aparılan hər bir yeni danışıq regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Azərbaycanın mövqeyi çox aydındır. Münaqişə artıq həll olunub, keçmişə qayıdış olmamalıdır və revanşizm yolverilməzdir. Danışıqlar gələcək və sülh haqqında, regionu daha da sabit və təhlükəsiz etmək imkanlarını ortaya qoymaq istiqamətində aparılmalıdır.

Rəsmi Bakı bu prosesdə vasitəçilik institutunun da rolunu inkar etmir və hesab edir ki, bu, danışıqlara müsbət təsir edə bilər. İndiyədək əksər hallarda Azərbaycan və Ermənistan rəhbərləri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Minsk qrupu gündəliyi təklif edir və görüşləri təşkil edirdi. Rəsmi Bakı bu gün də Minsk qrupunun həmsədrləri tərəfindən iki ölkə arasında belə bir görüşün təşkili barədə təklif olarsa, müsbət reaksiya verməyə hazırdır.

Azərbaycanın sülh çağırışlarına  Türkiyənin də ciddi dəstəyi var. Məlum olduğu kimi, Türkiyə işğal səbəbindən uzun illərdir ki, Ermənistanla diplomatik münasibətlərə son qoyub. Ölkəmizin İkinci Qarabağ savaşındakı zəfərindən sonra isə rəsmi Ankara Ermənistanın Azərbaycanla sülh və əməkdaşlığa can atacağı təqdirdə Türkiyə ilə də münasibətlərinin normallaşacağı mesajını verib.

Ermənistanın bundan sonra normal bir ölkə kimi inkişafı isə onun Azərbaycan və Türkiyə ilə münasibətlərindən asılı olacaq. Ona görə də bu günədək Azərbaycanın sülh təklifinə Ermənistan rəhbərliyinin adekvat cavab verməməsi, bir sıra hallarda bu ölkə rəsmilərinin aqressiv, revanşist bəyanatlar verməsi, təxribatlara cəhd göstərməsi regionda sülh və sabitlik, ilk növbədə isə Ermənistanın özü üçün təhlükəlidir.

Rəsmi İrəvan və bütövlükdə Ermənistan ictimaiyyəti İkinci Qarabağ savaşından dərs almalı, düzgün nəticələr çıxarmalıdır. Ermənistan və onun havadarları unutmamalıdır ki, dəmir yumruq yerindədir və növbəti cəza onlar üçün daha ağır ola bilər.

Hülya Məmmədli

Politoloq

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki