image-vaqif-quliyevbackend

İşğaldan azad olunmuş ərazilərdə icra olunan layihələr Azərbaycanın potensialının göstəricisidir.

image-reklam_sirab_01

Bəşəriyyət yaranandan bu günə qədər hər bir toplum, cəmiyyət, xalq və dövlət üçün onun liderinin kim olması çox vacib amil olub. Bəşəriyyətin dünyaya bəxş etdiyi az sayda liderlər vardır ki, tarixdə onların bənzəri olmur, onlar insanlığın zirvəsinə çevrilir, xalqının sevimlisi, istinad mənbəyi olur, bütün ictimai və siyasi fəaliyyətini onun xoşbəxt gələcəyi naminə qurur, bir sözlə, insanlıq tarixində əbədiyaşarlıq qazanırlar. Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab prezident çox qısa zamanda sözünün həqiqiliyini sübut etdi. Nəticədə, Azərbaycan xalqı hal–hazırda tarixinin ən əlamətdar günlərini yaşayır. Azərbaycan xalqı bu gün yaxın keçmişindəki qara səhifələri ilə vidalaşaraq gələcəyimiz üçün yeni tarix yazır. Zəfət tarixi…

Təbii ki, 44 günlük müharibədə qalib gəlmək heç də asan məsələ deyildi. Amma cənab prezidentin xalqla birlikdə nümayiş etdirdiyi “Dəmir yumruq” nəticəsində biz bu günlər işğaldan azad olunan ərazilərin yenidən bərpasının şahidi oluruq.

Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.

17 oktyabrda Füzulinin işğaldan azad olunmasının birinci ildönümünü məhz Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə qeyd edən cənab Prezident Füzulinin işğaldan azad olunmasının əhəmiyyətindən, Azərbaycan Silahlı Qüvvələrinin öz tarixi missiyasını layiqincə yerinə yetirməsindən, düşmənin 30 il ərzində törətdiyi vəhşilikdən söz açıb.

Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Çünki digər rayonlara da yol açıldı, qələbələr ard- arda gəldi. Xalq – dövlət birliyi bütün dünyaya nəyə qadir olduğumuzu göstərdi. Cənab prezident nəinki tarixi torpaqlarımızın bütövlüyünü bərpa etdi, eyni zamanda qısa vaxt ərzində dərin zəkası, uzaqgörən siyasəti nəticəsində onların müasir dövrə uyğun bərpasına nail olur.

Beləliklə, Prezident İlham Əliyevin başçılığı ilə bölgədə yeni prosesləri seyr etməkdəyik. Erməni işğalçıları torpaqlarımızdan qovulub, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə start verilib. Artıq 2021-ci il dövlət büdcəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatı da yaradılıb. İlkin rəqəmlərə görə işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası 2,2 milyard manat nəzərdə tutulub.

Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək. Bu gün Füzuli rayonunun inkişafı ilə bağlı böyük işlərin şahidi oluruq. Horadiz qəsəbəsinə şəhər statusu verildi və Horadiz Füzuli rayonunun qeyri-rəsmi mərkəzi müəyyən edilmişdir. Böyük sosial infrastruktur layihələri icra edildi – 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikildi. İnfrastrukturla bağlı çox böyük işlər aparılmışdır. Fərdi evlərin bərpası işləri görülmüşdür. Yəni, Füzuli rayonunun inkişafı ilə bağlı çox genişmiqyaslı işlər aparılıb. Füzuli şəhəri və rayonun qalan hissəsi azad olunandan sonra yaxşı evlər tikiləcəyini, daha gözəl şərait yaradılacağını qeyd edən prezidentin əməllərinin artıq nəticəsini görə bilirik. Çünki Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Çünki Şuşa azad olunandan sonra mənfur düşmən bütün elektrik xətlərini kəsib, hətta su xəttini də partlatmışdır və Şuşa işıqsız qalmışdır, özü də qış aylarında. Ona görə çətin şəraitdə Füzulidən Şuşaya elektrik xətləri çəkildi. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli bu gün qoyulmuşdur.

Bütün bunlar göstərir ki, məcburi köçkünlər tez bir zamanda öz doğma yurdlarına qayıda biləcəklər.

Bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyasının təməli qoyulması, “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacağına gətirib çıxardacaq. Cənab prezidentin yaxından bütün bu işləri izləməsi göstərir ki, tezliklə nəinki Füzuliyə, o cümlədən bütün Qarabağa həyat qayıdacaq.

Beləliklə, zaman göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi.

O, sözün həqiqi mənasında tam müstəqil dövlət qurmağı bacardı.

 

 

Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktoru Vaqif Quliyev

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki