image-thumbbackend

Kamaləddin Qafarov: “Ölkə Prezidenti Avropaya Ağdamdan səsləndi”

image-reklam_sirab_01

“28 May Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edən bir gündür. 1918-ci ildə, məhz bu tarixdə Azərbaycan Şərqdə ilk demokratik dövlətin yaradılmasını bəyan edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Respublika Gününü işğaldan azad edilmiş Ağdam şəhərində qeyd etməsi də böyük rəmzi məna daşıyır. Bununla dövlətimizin başçısı Azərbaycanın güclü və sözün əsl mənasında müstəqil bir dövlət olması barədə dünyaya yeni bir mesaj göndərmiş oldu. Eyni zamanda da bu səfər Azərbaycan xalqının öz tarixi torpaqlarına artıq əbədi qayıdışının daha bir göstəricisidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili qeyd edib ki, ölkəmizdə gedən mütərəqqi proseslərin, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin fonunda Ermənistanın hələ də Azərbaycana qarşı revanşist planlardan əl çəkməməsi həm təəssüf, həm də eyni zamanda gülüş doğuran bir haldır: “Azərbaycan artıq uzun illərdir ki, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən və bütün sahələri əhatə edən davamlı islahatlar öz nəticələrini verməkdədir. Azərbaycanın iqtisadi qüdrəti gün-gündən artır, ölkənin beynəlxalq nüfuzu durmadan yüksəlir, insanlarımızın rifah səviyyəsi getdikcə yaxşılaşır. Hətta torpaqlarımızın işğal altında olduğu illərdə də bütün bu göstəricilər üzrə sürətli artım tendensiyası müşahidə olunmaqda idi.
Bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan bu gün artıq öz ərazi bütövlüyünü də tam bərpa etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində tarixi Qələbəyə imza atan Azərbaycan artıq Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar isə öz növbəsində regionda yeni əməkdaşlıq və inkişaf perspektivləri açıb ki, bu yeni imkanlar da ölkəmizin daha da güclənməsini, qüdrətlənməsini şərtləndirir. Bütün bu proseslərin fonunda Ermənistanın hələ də öz təxribatlarından əl çəkə bilməməsi əlbəttə ki, təəssüf və heyrət doğurur. Anlamaq olmur ki, qarşı tərəf nəyə ümid edir və məqsədi nədir? Əslində, istənilən sivil dövlət ilk növbədə ölkənin çiçəklənməsi və vətəndaşlarının rifah yüksəlişinin təmin olunması üçün çalışmalıdır. Bunu Ermənistan hökuməti Azərbaycanın timsalında da müşahidə edə bilər. Lakin işğalçılıq siyasəti, düşmənçilik ideyaları Ermənistanı 30 il ərzində bütün iqtisadi inkişaf imkanlarından məhrum etdi.
Nəticə göz qabağındadır. Düşünmək olardı ki, Ermənistan ən azından bundan sonra öz səhvlərini düzəltmək, heç olmasa bundan sonrakı regional əməkdaşlıq proqramlarında iştirak hüququ əldə etmək üçün Azərbaycanın mərhəmətlə ona təklif etdiyi imkanlardan yararlanmağa çalışacaq, səy göstərəcək. Lakin biz hələ də bunu müşahidə etmirik və bu, çox böyük təəssüf doğurur. Halbuki, Ermənistan artıq Azərbaycanın gücünə bələddir. Dövlətimizin başçısı dəfələrlə çox aydın və net şəkildə bəyan edib: “Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə var, dərhal düşməni yerindəcə məhv edəcəyik.” Buna heç kim artıq nə şübhə edə, nə də əngəl ola bilər. O cümlədən, son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat da təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Buna görə də əgər Ermənistan hökuməti bundan sonra öz xalqına daha böyük məşəqqətlər yaşatmaq istəmirsə, Azərbaycanla münasibətlərində kəskin dönüş yaratmalıdır. Hələ ki, buna imkanlar var.”
Kamaləddin Qafarov daha sonra deyib ki, Prezident İlham Əliyevin Ağdama növbəti səfərinin daha bir əhəmiyyəti də ondadır ki, bu səfərin fonunda bəzi ermənipərəst ölkələrin Azərbaycana qarşı səsləndirdikləri bəyanatların, əslində, tamamilə önəmsiz olduğu bir daha qabarıq şəkildə özünü göstərdi: “Bu gün dünyada bəzi ermənipərəst ölkələr, müəyyən dairələr Azərbaycana qarşı müəyyən fikirlər söyləyir, bəyanatlar verirlər. Həmçinin Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Lakin bütün bunlar əhəmiyyətsiz və Azərbaycana heç bir təsir gücünə malik olmayan addımlardır. Dövlət başçımız Ağdamda olarkən etdiyi çıxışında bir daha qeyd etdi: “Biz isə öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz.” Bu isə o deməkdir ki, Azərbaycan hansısa bir qurumun qətnaməsilə öz siyasətindən, öz yolundan döndərilə biləcək bir dövlət deyil. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə Azərbaycanın gücünə güc qatdı və artıq ölkəmiz həm regional, həm də qlobal miqyasda gedən beynəlxalq siyasi proseslərə təsir imkanlarını inamla öz əlində saxlayan və əsas söz sahibi olan dövlətlərdən biridir.”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki