Kanada hökumətinin qurumlarının İranın keçmiş vitse-prezidenti Hüseyn Qafurifərdin oğlu Məhəmməd Rza Qafurifərdə milyonlarla dollar dəyərində müqavilələr verdiyi iddia olunur.
Vətəninfo.az “Global News”ə istinadən xəbər verir ki, Qafurifərd Kanadaya köçdükdən sonra “Sel Qafuri” adından istifadə edib. Onun təsis etdiyi “Melanite Group” və “Radian Group” şirkətləri vasitəsilə federal və əyalət qurumlarından ümumilikdə 2 milyon dollardan çox vəsait əldə etdiyi bildirilir.
Məlumata əsasən, Qafurifərd İranda hava hücumundan müdafiə və elektron müharibə sistemlərinin hazırlanmasında, həmçinin ölkənin hərbi proqramları üçün sanksiyalara zidd komponentlərin əldə edilməsində iştirak edib.
İddialara görə, onun şirkətləri təhlükəsizlik araşdırmasından keçdikdən sonra da Kanadada dövlət vəsaiti almaqda davam edib.
2024-cü ildə həmin şirkətlərdən biri əvvəlcə qrant əldə edib, daha sonra isə Kanada Silahlı Qüvvələrindən müqavilə qazanıb.
Məlumatda qeyd olunur ki, sözügedən faktlar Kanada dövlət qurumlarının təhlükəsizlik yoxlamaları və dövlət müqavilələrinin verilməsi ilə bağlı prosedurları barədə suallar doğurub.


























