image-reklam-veteninfo
image-asifbackend

Kəlbəcər şəhəri günü: dayanıqlı inkişaf və dirçəlişin təcəssümü

image-reklam-veteninfo
Asif Əsgərov

Milli Məclisin deputatı

Böyük Qayıdış Proqramı çərçivəsində sürətlə bərpa edilən Kəlbəcər dayanıqlı inkişafın bariz nümunəsi kimi diqqət çəkir. Bölgədə uğurla reallaşdırılan genişmiqyaslı layihələr bu rayonun gələcək strateji əhəmiyyətini daha da gücləndirir.

1930-cu ildə inzibati rayon statusu almış Kəlbəcər işğala qədər bölgənin sosial-iqtisadi və mədəni mərkəzlərindən biri hesab olunmuşdur. O dövrdə təqribən 53 min nəfər əhalisi olan rayonda 1 şəhər, 1 qəsəbə və 145 kənd mövcud idi.

1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin qətlə yetirilmiş, 321 nəfər əsir və itkin düşmüşdür. Nəticədə tarixi-mədəni abidələr, muzeylər, məktəblər, kitabxanalar, uşaq bağçaları və tibbi müəssisələr dağıdılmış, minlərlə ev və inzibati bina talan edilmişdir. Həmçinin, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Bu hadisələr həm insan hüquqları baxımından, həm də beynəlxalq hüquq norma və prinsiplərinə görə ağır cinayətlər hesab olunur. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel tarixli 822 saylı Qətnaməsi işğalçı qüvvələrin Kəlbəcərdən və işğal olunmuş digər ərazilərimizdən dərhal çıxarılmasını tələb etsə, rəsmi İrəvan bu qərarı icra etməmişdir.

1999-cu ildən başlayaraq Ermənistan işğal altında saxladığı Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşdırma həyata keçirmişdir. Bu, BMT və ATƏT prinsiplərinə açıq şəkildə zidd olan, bölgədə demoqrafik tərkibi süni şəkildə dəyişdirməyə yönəlmiş siyasət idi. Bu faktorlar yalnız hüquqi baxımdan deyil, həm də ekoloji və sosial baxımdan böyük fəsadlar yaratmışdır.

2020-ci ilin Vətən müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Strateji yüksəkliklərin tutulması Ermənistan ordusunun hərəkət imkanlarını məhdudlaşdırmış, Basarkeçər-Kəlbəcər yolunun istifadəsini qeyri-mümkün etmişdir. Bu hərbi əməliyyatlar şanlı Qələbənin əldə olunmasında mühüm rol oynamışdır.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfər nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu 25 noyabrda ölkəmizə təhvil verilmişdir. Rayonu tərk edən ermənilər vandalizm aktları törədərək vəhşi xislətlərini bir daha nümayiş etdirmişdir. Sözügedən hadisələr həm də ekoloji fəlakət və hərbi cinayət aktı kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmişdir. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə Kəlbəcər uğrunda döyüşlərdə iştirak etmiş 9455 hərbi qulluqçu bu medalla təltif olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” ərazinin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. Şəhər əhalisinin sayı 17 000 nəfərə çatdırılacaq, yaşayış fondu 488 min m² təşkil edəcəkdir. Burada ortamərtəbəli çoxmənzilli və inzibati binalar, ətrafda isə fərdi yaşayış evləri tikiləcəkdir. Həmçinin, 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.

Kəlbəcər şəhərində 524 ailəlik yeni yaşayış məhəlləsi, Yanşaq kəndində 421, Zallar kəndində 487, Zar kəndində isə 855 ailənin məskunlaşması nəzərdə tutulub. Hər bir məhəllədə müasir mənzillər, məktəblər, uşaq bağçaları, sosial-məişət obyektləri və istirahət guşələri salınır. Bu layihələr bölgənin sosial və iqtisadi həyatının canlanmasına, müasir yaşayış standartlarının təmin edilməsinə xidmət edir.

82 km-lik Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu bölgəni ölkənin digər hissələri ilə əlaqələndirəcəkdir. Yolun üzərində Murovdağ tuneli uzunluğuna görə dünya üzrə 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birinci yer tutur. Rayonun su ehtiyatları üzərində qurulan kiçik su elektrik stansiyaları enerji təhlükəsizliyini təmin edir və bölgənin dayanıqlı inkişafına töhfə verir.

25 noyabr – Kəlbəcər şəhəri günü həm tarixi irsin, həm işğaldan azad olunmuş torpaqlarda müasir quruculuğun təzahürü kimi mühüm önəm kəsb edir. Bu şəhər artıq gələcəyin inkişaf perspektivi ilə diqqət çəkən bir məkana çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki