image-img-20220629-wa0016backend

Kəlbəcərdə yeni həyat qurulur

image-reklam_sirab_01

44 günlük Vətən müharibəmizin Zəfərlə başa çatmasından çox qısa zaman sonra azad edilən torpaqlarımız böyük quruculuq meydanına çevrilib. Azərbaycanın bu gün Qarabağda və Şərqi Zəngəzurda nümayiş etdirdiyi bu misilsiz bərpa, yenidənqurma layihələrini dünya da heyrətlə izləyir.
Azad edilən ərazilərdəki bütün bu genişmiqyaslı layihələr birbaşa Prezident İlham Əliyevin diqqət və nəzarəti altında həyata keçirilir. Dövlət başçısının tarixi torpaqlarımıza hər səfərində əzəli yurd yerlərimizdə daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, təməllər qoyulur. İşğalçı Ermənistanın 30 il ərzində darmadağın etdiyi yurdlarımız günbəgün dəyişir, onlara yeni nəfəs verilir.
Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonuna səfəri çərçivəsində “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxış edərkən bildirdi ki, bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Dövlət başçısı tikinti-quruculuq işləri ilə bağlı danışarkən bildirir ki, işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işlərinin həyata keçirilməsi üçün əlbəttə ki, ilk növbədə avtomobil yollarının tikintisi prioritetdir. Hazırda burada 15 avtomobil yolu inşa edilir. Bu il Füzuli-Hadrut, Hadrut-Tuğ-Azıx mağarası, Bərdə-Ağdam, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yollarının bu il istifadəyə verilməsi planlaşdırılır. Bundan başqa, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Ağdam-Füzuli, Əhmədbəyli-Füzuli-Şuşa, Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Kəlbəcər-Laçın, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yollarının inşası da sürətlə davam etdirilir. Hazırda dəmir yolu xətlərinin çəkilişi də uğurla davam etdirilir. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır.
İşğaldan azad olunan kənd və şəhərlərin elektrik enerjisi ilə təchiz olunması istiqamətində də ciddi işlər görülür. Bölgənin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Bu stansiya və yarımstansiyalar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. “Yaşıl enerji” strategiyasına uyğun olaraq hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir. Kiçik su elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcək. Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat/saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon kubmetr təbii qaza qənaət edilməsi deməkdir.
Bol sulu Kəlbəcər və Laçın çayları üzərində nəzərdə tutulandan dəfələrlə artıq ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal etmək mümkündür. Həmçinin növbəti illərdə Kəlbəcər və Laçın rayonlarında yenidən qurulması təklif edilən digər kiçik su elektrik stansiyalarının ümumi gücü 82,2 MVt təşkil etsə də, yeni hesabatlara əsasən bu həcmi iki dəfə artırmaq mümkün olacaq.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki