image-received_2857596491162810backend

Köçəryan Azərbaycan cəmiyyətində maraqla qarşılanacaq bəzi məqamları etiraf etdi

image-reklam_sirab_01

Gülsel Səfərova

 

Köçəryanın Poznerlə olan müsahibəsi ciddi mesajlarla dolu, dəqiq və siyasi proseslərdə marağı olan hər kəsin sualına cavab verildiyi qənaətindəyəm.
Nəticə odur ki,
1) R. Köçəryan həm Ermənistan, həm də Azərbaycan auditoriyasına hesablanmış cavablar verdi. Azərbaycan cəmiyyətində maraqla qarşılanacaq bəzi məqamları etiraf etdi.
2) O,eyni zamanda Azərbaycanda yaratdığı nifrətdən agahdır. Ona görə də Qarabağ məsələsində danışıqlar yoluna qayıdılmasına önəm verilməli olduğunu söylədi, müharibə yox.
3) 1998-2008-ci illərdə özünün prezidentlik dövrünü qalib bir prezident kimi təqdim etdi, bu da ermənilərə indi ən lazım olan vaciblik hissinin ödənilməsinə hesablanmışdı.
4) 2000-ci illərdə Köcəryan adını çəkməsə də, amma ulu öndər Heydər Əliyevlə olan danışıqlar masasını nəzərdə tutaraq guya “qalib” tərəf olduğunu göstərirdi.
5) Köçəryan Ermənistanı xaotik durumdan 1998-ci ildəki kimi, indi də yalnız özünün çıxara biləcəyi qənaətindədir.
6) Əgər prezident seçilərsə, Ermənistanın Qarabağda və ətraf rayonlarda özünün ifadə etdiyi kimi “itirilmiş” pozisiyalarını danışıqlar yolu ilə, daha doğrusu Rusiyanın Azərbaycana təsir etməklə qayıdışının mümkün olduğunu dedi.
7) Açıq-aşkar Rusiyayönümlü olduğunu və bunu gizlətmədiyini söylədi. Üstəlik V. Putinlə dostluq münasibətlərinin yüksək səviyyədə olmasına eyham vurdu.
8) Köçəryan Paşinyandan fərqli olaraq səlis ruscası ilə adekvat cavablar verirdi. Əslində Köçəryanın siyasi təcrübəsi Paşinyan və onun təyin etdiyi adamlardan qat-qat çoxdur. Buna görə də indiki hakimiyyətin zəif tərəflərini düzgün şəkildə şərh edirdi.
9) Köçəryan sanki 2008-ci ildən sonra yenidən siyasi hakimiyyətə gəlmək üçün düzgün zaman axtarırmış, özünü kifayət qədər rahat hiss edirdi. Ermənistanın İkinci Qarabağ müharibəsində uduzmağı Köçəryanın əslində revanş üçün siyasətə qayıdışına təkan verdi.
10) Köçəryan Paşinyanın Ermənistan ordusundan islahatlar və ya satqınçılıq adı ilə uzaqlaşdırdığı hərbçiləri və generalları əslində müharibədə uduzmağa yönəlmiş addım kimi qiymətləndirdi. Yəni Paşinyan müharibədə uduzacağını əvvəldən bilirdi. Köçəryana görə o, danışıqlar prosesinin qeyri-adekvat çıxışları ilə sonlandırdı.Məsələn, “Qarabağ Ermənistandır” kimi absurd şüarlarıilə…

R. Köçəryan əmindir ki, seçkilərdə qalib gələcək. Köçəryan qalib gələ bilər. Amma bu Ermənistanın yenidən işğalçılıq siyasətinin davam etdirə biləcəyi anlamına gəlmir. Azərbaycan 20 il əvvəlki ölkə deyil. Azərbaycanın siyasi, iqtisadi və hərbi sahədə əldə etdiyi uğurlar həm də illərlə qazanılmış düzgün qonşuluq və tərəfdaşlıq siyasətinin nəticəsidir. Bugün ölkəmiz bütün siyasi platformalarda təmsil olunur və öz sözünü deməkdədir. Amma və lakin…Yenə də vətəndaş cəmiyyəti,mətbuat və aydınlarımız prosesləri dərindən analiz etməlidir. Cəmiyyətə sağlam mesajlar ötürülməsi belə zamanlarda çox vacibdir. Dəmir yumruq isə yerindədir. Lazım gələrsə, Ali Baş Komandanın əmri ilə yenidən yumruğu nümayiş etdirmək iqtidarındayıq.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image