image-img-20220610-wa0010backend

Könül Nurullayeva: “Canlı mədəni mübadilə milli mədəniyyətin orijinallığını qoruyub saxlayır”

image-reklam_sirab_01
“Mədəni irs əvəzolunmaz dəyəri olan mənəvi, mədəni, iqtisadi və sosial kapitaldır”. Milli Məclisin deputatı Könül Nurullayeva MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Forumunun və Gənclər Parlamentlərarası Assambleyasının Sankt-Peterburqda keçirilən 18-ci iclasında çıxışı zamanı belə deyib. “MDB-də mədəni irsin qorunmasında və xalq yaradıcılığının inkişafında gənclərin rolu”na dair çıxış edən deputat xüsusilə gənclərin bu məsələyə yanaşmasının vacibliyinə diqqət çəkib. Bildirib ki, vətənpərvərlik tərbiyəsinin düzgün forma və üsulları, milli kodun tərkib hissəsi kimi ölkələrin tarixi-mədəni irsinin öyrənilməsi, qorunub saxlanması və təbliğində gənclərin təşəbbüskarlığı mühüm əhəmiyyət kəsb edir.
K.Nurullayeva sosial şəbəkələrdə məlumat axınının çoxluğuna diqqət çəkərək, qeyd edib ki, internetdə reklamlara əksər hallarda nəzarət olunmur ki, bu da gənclərə, gənclərin mənəvi-əxlaqi keyfiyyətlərinin formalaşmasına mənfi təsir göstərir. Deputat hesab edir ki, rəqəmsallaşma və süni intellektin dominantlığı fonunda yalnız canlı mədəni mübadilə milli mədəniyyətin orijinallığını qoruyub saxlaya bilir. Odur ki, mədəni inkişafın stimullaşdırılmasına yönəlmiş istənilən təşəbbüs, xüsusilə gənclər siyasəti sahəsində həyata keçirilməsi dövlət əhəmiyyətli məsələdir.
“İnternet kommunikasiyalarının və sosial şəbəkələrin inkişafı ictimai qüvvələrin səfərbər edilməsinə, memarlıq abidələrinin mühafizəsi və bərpasına fədakarlıqla töhfə verməyə hazır olan minlərlə könüllüləri birləşdirməyə kömək edə bilər” deyən millət vəkili vurğulayıb ki, milli irsin qorunmasında dövlətin səylərini ictimai təşkilatlarla, könüllülük hərəkatları ilə birləşdirmək, bu vasitə ilə gəncləri xalqın irsinin qorunub saxlanmasına cəlb etmək vacibdir.
K.Nurullayeva həmçinin mədəni irsin ölkələrin sosial-iqtisadi inkişafına mühüm töhfəsi olduğunu qeyd edib. Onun sözlərinə görə, MDB-yə üzv dövlətlərin iqtisadi və siyasi əməkdaşlığı ilə yanaşı, mədəni əməkdaşlığı da böyük əhəmiyyət kəsb edir: “Dövlət başçılarımız MDB-nin Xartiyasını qəbul etməklə bütün mədəniyyətlərin qorunub saxlanması və inkişafı üçün şərait yaratmaları, mədəni dəyərlərin və mədəni mübadilənin qorunması, münasibətlərini xalqlara hörmət, sıx əməkdaşlığa əsaslanan mənəvi birlik əsasında qurmaları barədə razılığa gəliblər.
2018-ci ilin MDB-nin tarixinə Mədəniyyət ili kimi daxil olduğunu xatırladan millət vəkili qeyd edib ki,  mədəniyyətlərarası dialoq xeyli sayda yaradıcı insanları mədəni əməkdaşlığa cəlb etməyə, gənclərin MDB ölkələri xalqlarının irsi ilə tanışlıq imkanlarını genişləndirməyə rəvac verir.
K.Nurullayeva bu kontekstdə Azərbaycanın uğurlu nümunəsinə diqqət çəkib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənc nəslin sosial dəyişikliklərin və innovasiyaların hərəkətverici qüvvəsi kimi dəstəklənməsi istiqamətində sistemli kurs həyata keçirilir ki, bu da gənclərin potensialının mümkün qədər geniş şəkildə təzahürünə imkan yaradır.
Deputat həmçinin bildirib ki, Azərbaycan gəncləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mədəni həyatının bərpasına mühüm töhfələr verirlər. Azərbaycan MDB ölkələri ilə təcrübə mübadiləsi aparmağa və sıx əməkdaşlıq etməyə hazırdır.”
K.Nurullayeva MDB platformasını humanist dəyərlərin yayılması, Birlik ölkələrinin bütün xalqlarının tarixi və mədəni irsinə qarşılıqlı hörmətin gücləndirilməsi üçün yeni imkanlar yaratdığını da qeyd edib.
Qeyd edək ki “Gənc parlamentarilər – MDB-nin gələcəyinə baxış” mövzusunda keçirilən MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Forumuna Milli Məclisinin deputatı, MDB Gənclər Parlamentlərarası Assambleyasının (GPA) koordinatoru  Emin Hacıyev sədrlik edib. Forum MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleyasının 30 illiyinə və Gənclər Parlamentlərarası Assambleyasının 10 illiyinə həsr olunub.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki