image-img-20210702-wa0105backend

Könül Nurullayeva: “Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı planlaşdırdığı cinayət əməlləri tam sübut edildi”

image-reklam_sirab_01

Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvünün məhkəməsində bir neçə məqama aydınlıq gəldi. Məlumdur ki, prokuror çıxış edərək təqsirləndirilən şəxslərə verilən ittihamlardan yalnız Cinayət Məcəlləsinim 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviçin 5 il, digərlərinin isə həmin maddə ilə 2 il azadlıqdan məhrum edilməsini xahiş edib. Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilən digər maddələrin ittihamdan xaric edilməsini istəyib. Hökmə əsasən, Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib. Azərbaycan əslində məhkum olunan şəxslərə qarşı humanizm sərgilədi. Ümid edək ki, bu humanist yanaşma Ermənistanı uzun illər apardığı məkrli siyasətdən əl çəkməyə, regionda sabitliyin bərqərar olmasına töhfə verəcək.

Cinayət işində ilk növbədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı planlaşdırdığı cinayət əməlləri tam sübut edildi. Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı terrorçuluq, təxribat hərəkətlərinin məhkəmədə təkzibedilməz sübutlarla təsdiqidir. Azərbaycan əvvəlcədən də bəyan etmişdi ki, erməni cinayətkarlar mütləq şəkildə törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər. Azərbaycan indiki halda bunu milli səviyyədə həyata keçirdi. Belə ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı törətmiş olduğu cinayət əməllərinə görə cinayət işinin başlanması üçün prokurorun vəsatəti əsasında məhkəmə tərəfindən xüsusi qərar çıxarıldı və prokurorluğa göndərildi. Məhkəmədə ittiham olunan şəxslərə rəhbərlik etmiş Ermənistan Respublikasının vətəndaşı, polkovnik-leytenant Arsen Qazaryan və digər vəzifəli şəxsləri barəsində beynəlxalq axtarış elan edilmişdir. Məhkəmədə eyni zamanda məlum oldu ki, ermənilər hərbi xidmətə getmək, döyüşmək niyyətində olmayıblar.​ Ermənistanın siyasi-hərbi rəhbərliyi hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası ilə təhdid etməklə məcburi hərbi xidmətə, döyüşə göndərib. Lakin həmin şəxslərin Azərbaycan xalqına və Ordusuna qarşı cinayət törətmək niyyətləri olmayıb. İttiham olunan şəxslərin əksəriyyəti işsiz və ya işləmək üçün dəfələrlə xarici ölkələrə getmiş şəxslərdir. Bu şəxslərin ifadələrindən də aydın oldu ki, erməni ordusunda döyüşənlər yalnız hədə-qorxu ilə orduya cəlb edilənlərdir. Yəni, bu şəxslər Ermənistan rəhbərliyinin məkrli, bütün bəşəri dəyərlərə zidd əməllərinin qurbanıdırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki