image-1-21backend

Könül Nurullayeva fəaliyyət hesabatını təqdim edib

image-reklam_sirab_01

Milli Məclisin deputatı Könül Nurullayeva 2022-ci il yanvar-avqust aylarına dair fəaliyyət hesabatını təqdim edib. Hesabat dövründə Deputat Qərargahına ümumilikdə 904 vətəndaş müraciəti daxil olub.

14 səyyar,  27 birbaşa,  15-i online olmaqla ümumilikdə 56 qəbulda 790 nəfər sakin dinlənilib. Bütün müraciətlərə diqqət ayrılıb, aidiyyatı üzrə yönləndirilib. Maddi yardım, tibbi müayinə və müalicəyə köməklik, mənzil təmiri xahişləri ilə bağlı edilmiş müraciətlərin (526 nəfər) 94%-i müsbət həll edilib. Seçicilərin müraciəti əsasında Nizami rayonu Keşlə qəsəbəsində İnternetin sürətinin artırılması üçün yeni optik xətlərin çəkilməsinə başlanılıb.

Bu müddətdə cəmiyyətin həssas təbəqəsi olan, Nizami rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri, aztəminatlı ailələri qayğılandıran əksər məsələlər də həllini tapıb, çoxsaylı dəstək aksiyaları keçirilib, ümumilikdə 258 nəfərə yardımlar edilib.

Deputat Qərargahından verilən məlumata görə, yardımlar müxtəlif şirkət, iş adamları, dostların dəstəyi ilə formalaşıb.

Hesabat dövründə millət vəkili ölkə və dünya gündəmində baş verən əhəmiyyətli hadisələrə də münasibət bildirib. Bu müddətdə millət vəkilinin beynəlxalq mətbuatda 50 məqaləsi dərc olunub. Yerli mətbuatda ümumilikdə 2229 resursda 301 məqalə və açıqlama ilə çıxış edən K.Nurullayeva sosial şəbəkələrdə də fəallığı ilə seçilib. Belə ki, deputat sosial şəbəkələrdə Azərbaycan, ingilis, rus, türk dillərində 4298 paylaşım edib.

Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, eyni zamanda Azərbaycan-Türkiyə və Azərbaycan-İtaliya, eyni zamanda Yunanıstan, İsveçrə, Böyük Britaniya, Yaponiya, ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi bir çox tədbir və görüşlərdə iştirak edib.

Hesabat dövründə deputatın AŞPA-dakı fəaliyyəti də səmərəli olub. Qurumun qış və yaz plenar sessiyalarında onlayn formada, yay plenar sessiyasında isə canlı şəkildə iştirak edən K.Nurullayeva AŞPA-nın qış, yaz və yay plenar sessiyaları çərçivəsində ümumilikdə 9 komitə iclasında iştirak edib.

Deputat Azərbaycanın ev sahibliyi ilə Milli Məclisdə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı çərçivəsində İƏT PA-nın Qadın, gənclər və mədəni məsələlər üzrə komitəsinin ilk iclasına sədrlik edib.

İHİF Nəzarət və Koordinasiya Komitəsi ilə “Konya 2021” V İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi arasında keçirilən görüşdə, Oyunların rəsmi açılış mərasimində, eyni zamanda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 5-ci İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızla görüşündə iştirak edib.

Milli Məclisdə fəaliyyətə gəlincə, hesabat dövründə deputat ümumilikdə 10-dan çox qanun layihəsi və ya dövlət qurumlarının hesabatlarına dair çıxış edib, təkliflərini səsləndirib.

Bu müddətdə K.Nurullayevanın fəaliyyətində bir çox yeniliklər də baş verib. Belə ki, deputat Azərbaycan Atletika Federasiyasının İcraiyyə Komitəsinin növbəti dövr üçün üzvü, Türk döyüş sənəti olan Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti seçilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki