Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə məhdud və geniş tərkibdə görüşləri, Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi keçirilib. Mərasimdən sonra hər iki prezident mətbuata bəyanatlarla çıxış ediblər. Həmçinin həmin gün prezidentlər Azərbaycan-Litva biznes forumunda iştirak ediblər.
Qeyd edilməlidir ki, Azərbaycan ilə Litva arasında iqtisadi əməkdaşlığı dərinləşdirən güclü potensial var. Məsələn, hər iki dövlət bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə fəaliyyət göstərir, Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi mənbələrini hərəkətə gətirir.
Hazırda Azərbaycan və Litvada bu istiqamətdə bir sıra layihələr gerçəkləşdirilir. Respublikamızda enerji təhlükəsizliyi mövcuddur. Lakin bununla belə, Azərbaycanın qarşısında ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək enerjilərindən yararlanmaq önəmli vəzifə kimi durur. Respublikamız 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Yeri gəlmişkən, əgər 2021-ci ildə Avropaya təbii qaz təchizatı 8 milyard kubmetr olubsa, həmin göstəricinin bu il 12 milyard kubmetrə çatdırılacağı və bunun 2027-ci ilə qədər 20 milyard kubmetr təşkil edəcəyi nəzərdə tutulur. Dövlətimizin başçısının sözlərinə əsasən, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur.
Prezident İlham Əliyev mayın 22-də Vilnüsdə keçirilən Azərbaycan–Litva biznes forumundakı çıxışında işgüzar dairələrin nəzərə alacaqları digər mühüm sahəyə–logistika, şəbəkələr və daşımalarda olan böyük potensiala da toxunub. Dövlətimizin başçısı bununla bağlı deyib: “Biz daşımalar sektorunu yalnız tranzit gəlirləri baxımından yox, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsəti kimi görürük”.
Həqiqətən də, ölkə rəhbərinin nitqində vurğulandığı kimi, bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Bu isə Xəzər və Baltik regionları arasında şəbəkə qurmaq zərurəti yaradır. Azərbaycan neft və qaz boru kəmərləri ilə regionda tamamilə yeni vəziyyət yaradır. Bakının dəniz limanı infrastrukturuna, Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə böyük investisiya qoyması təbii ki, qeyd edilən bağlantıların möhkəmlənməsini, daşımaların həcminin daha da artmasını şərtləndirir. Litvanın biznes dairələrinin də bu fürsəti dəyərləndirmək üçün münasib vaxtdır. Bir sözlə, Azərbaycanın yükdaşımaları sistemində böyük imkanlar var. Belə bir şəraitin hazırkı geosiyasi vəziyyətdə əlavə dəyərin əldə olunmasına da mühüm təsiri danılmazdır.
Ölkələrimiz arasında müxtəlif sahələrdə–energetika, yaşıl enerji, nəqliyyat təhlükəsizliyi, ətraf mühitin qorunması, gənclər, səhiyyə, pensiya islahatı, İT və mina əleyhinə layihələr üzrə əməkdaşlıq üçün sazişlər imzalanıb. Gələcəkdə işğaldan azad olunan bölgələrimizdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyasının qurulmasında, İT sahəsində mütəxəssislərin yetişdirilməsində, qeyri-neft sektorunun inkişafında Litva əhəmiyyətli töhfələr verə bilər.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü