image-suqovbackend

Madagiz yox, SUQOVUŞAN!

image-reklam_sirab_01

Ərazisindən Tərtərçay axan, əhəng daşı ehtiyatı ilə zəngin olan, seyrək meşəlik çəmənliklərindən ibarət olan Suqovuşan kəndi 1923-cü ildə təşkil olunmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonu inzibati ərazisinə daxil edilmişdir. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü və Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biri oldu.

Suqovuşan ərazisində XII əsrə aid Alban monastırı (Müqəddəs Yelisey monastırı), 1898-ci ildə inşa olunmuş kilsə və körpü kimi tarixi memarlıq abidələri, həmçinin kənd ərazisində Suqovuşan su anbarı, “Suqovuşan- 1” və “Suqovuşan – 2” su elektrik stansiyaları, 2014-cu ildə tikilmiş balıqartırma zavodu da yerləşir.

Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan ordusu tərəfindən işğaldan azad olunsa da, 1994-cü ilin aprel ayında Ermənistan ordusunun Eçmiədzin könüllü dəstəsi tərəfindən yenidən işğal olunmuşdur.

2016-cı il Aprel döyüşlərinin əsas hədəflərindən biri də Suqovuşanı işğaldan azad etmək idi. Bu addım 27 sentyabr 2020-ci ildə başlanan  Vətən müharibəsində qələbə ilə tamamlandı. Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətə malik olan və Böyük Qələbəni təmin edən önəmli uğurlardan biri 2020-ci il 3 oktyabr tarixində Suqovuşanın işğaldan azad edilməsi idi. Bu ərazilər işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev “Madagiz” adlandırılan qəsəbənin adını dəyişərək,   “Suqovuşan” adlandırmışdır. Bununla belə, işğaldan azad olunan ərazilərimizdən biri də yenidən öz tarixi adını daşımağa başlamışdır.

Suqovuşan qəsəbəsi ilə eyni gündə Talış kəndi də işğaldan azad edilmişdir. Düşmənin çox güclü istehkamlarının yerləşdiyi bu əraziləri azad edən Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Vətən müharibəsi başladığı ilk vaxtlardan əldə olunan qələbələrdən sonra bu yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi. Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdən sonra Ermənistan ordusu büyük psixoloji sarsıntı keçirdi. Bundan sonra artıq müharibənin sonuna kimi Ermənistan ordusu qorxu içində idi. Bu da təsadüfi deyildi ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Düşmən tərəfindən yayılan dezinformasiyalar rəsmi İrəvanı və həmçinin Ermənistan ordusunu daha çətin vəziyyətə  saldı. Düşmənin gündən-günə geriləməsinə baxmayaraq,  ordumuz tərəfindən azad edilən şəhər və kəndlərin aktiv döyüş gedən ərazilər kimi təqdim edilməsi uydurma cəfəngiyat idi.

Suqovuşan  qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, Suqovuşan su anbarı burada yerləşir. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən – Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su verməkdir.

İşğal dövründə Ermənistan Suqovuşan su anbarından istifadə edərək, Azərbaycan qarşı dəfələrlə ekoloji terror törətmişdir. Nəzərə alsaq ki, hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuş və xüsusi qətnamə qəbul edilmişdir. Ermənistan tərəfinin yayda suyu kəsib, qışda buraxması Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan vururdu. Bunların nəticəsi idi ki,yayda fermerlər susuz qalırdı, qışda isə bir sıra daşqınlara səbəb olan təbii fəlakətlər törədilirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 oktyabr 2021-ci il Suqovuşan qəsəbəsinin azadlığının bir illiyi ilə bağlı həmin ərazilərdən etdiyi çıxışında bildirmişdir : “Ermənistanın rəhbərliyi münaqişənin bütün dövrlərində öz cinayət əməlləri ilə seçilmişdirlər. Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın adı erməni fərarilərin içində çəkilir. Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Hərbi cinayətlərə görə erməni rəhbərliyi mütləq olaraq məsuliyyət daşımalıdır. Bu adamı Ermənistanda kütləvi surətdə lağa qoyurlar, ələ salırlar, ona nifrət edirlər. Revanşizm yolverilməzdir və bu cür cəhdlərin qarşısı sərt alınacaqdır.  Ermənistanda revanşist hisslərlə yaşayanlar bilməlidir ki, onların bütün niyyətləri boşa çıxacaq və Azərbaycanın dəmir yumruğu ilə rastlaşacaqlar. Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir”.

 

Azərbaycanın yenilməz Sərkərdəsi və onun müzəffər Ordusu  işğal altında olan torpaqlarını qarış-qarış işğalçılardan azad etdi. Bunun nəticəsidir ki, bu il 30 il ərzində ilk dəfə olaraq Suqovuşan su anbarından istifadə edərək Tərtər və digər rayonlara su verildi. Bu həm də Azərbaycana qarşı törədilən ekoloji terrora son qoymaq və həmin ərazilərdəki kənd təsərrüfatının sürətli inkişafına imkan yaratmaq üçün atılan ən mühüm addımlardan biri deməkdir.

 

 

 

 

 

 

 

 

 

Bakı Slavyan Universiteti

Aypara Babayeva /Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki