image-17jpg-1674115011backend

Malik Həsənov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir

image-reklam_sirab_01

“Azərbaycanın çoxəsrlik tarixində faciəli səhifələrimiz çoxdur. Amma elə faciələrimiz var ki, onlar həm də tariximizin qəhrəmanlıq və şərəf səhifəsi kimi xarakterizə edilir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi 20 Yanvar faciəsinin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayət olduğunu təsdiqləyir. Reallıq budur ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi. Həmin müdhiş gecədə həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov bu mühüm məqamı xüsusi qeyd edib ki, Vətənini, xalqını, millətini canından artıq sevən ulu öndər Heydər Əliyev bu faciə zamanı da xalqına bağlılığını bir daha nümayiş etdirdi: “Belə ki, Bakıda olmamasına baxmayaraq xalqının səsinə hər kəsdən əvvəl səs verən Ümummilli Lider hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, kommunist partiyası rejiminin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirdi, təqsirkarların cəzalandırılmasını tələb etdi. Cəsarətli bəyanatı ilə əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu öndər Heydər Əliyevin bu bəyanatı hadisəyə verilən ilk siyasi qiymət idi.”

Millət vəkili vurgulayıb ki, bu hadisədən çox keçmədi Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi: “Azad, müstəqil yaşamaq xalqımızın ən böyük arzularından biri idi. Lakin müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu ucbatından Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Belə çətin məqamda xalq yenə də üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu. Dahi şəxsiyyət ölkəsinin, xalqının düşdüyü ağır vəziyyətə biganə qalmadı, xalqının səsinə səs verdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa zamanda düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxardı. Həmin çətin günlər arxada qaldı, Azərbaycan xalqı müstəqilliyinin əsl sevincini yaşamağa başladı. 1993-2003-cü illərdə Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl formalaşdı.”

Malik Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində biri-birindən mühüm addımlar atıldı: “Ulu Öndərin 5 yanvar 1994-cü il tarixli “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Bu gün hər kəsin and yerinə çevrilən Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. Ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verildi. Son 19 ildən artıq dövrdə Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrini, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslərə daim diqqət göstərir, həyata keçirilən sosial siyasətdə bu kateqoriyadan olan insanlara qayğı əsas yer tutur. Müstəqilliyimizin qorunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi hamımız üçün əzizdir.”

Malik Həsənov qeyd edib ki, üç ildir 20 Yanvar faciəsinin ildönümünü torpaqlarımızın işğaldan azad edilməsindən keçirdiyimiz qürur hissi ilə qeyd edirik: “Bugünkü Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin daimiliyi, sarsılmazlığı təmin olundu, dünyaya Günəş kimi doğdu. Onun siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində isə tariximizin Zəfər səhifəsi yazıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Müzəffər Ordumuzun yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu gün şəhidlərimizin ruhu şaddır. Müasir müstəqil, qalib Azərbaycanın üçrəngli bayrağı azad Qarabağda, Şərqi Zəngəzurda dalğalanır.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki