image-malik-hasanovbackend

Malik Həsənov: 53 il bundan əvvəl Azərbaycanda baş verən möhtəşəm siyasi hadisə bugünkü uğurlarımızın əsasıdır

image-reklam_sirab_01

“Bu gün müasir müstəqil, qalib Azərbaycanın dünyaya səs salan davamlı uğurlarından böyük fəxr və qürur hissi ilə bəhs edirik. Təbii ki, bu uğurlar böyük səylərin, ən əsası düzgün qurulan və gələcəyə hesablanan siyasətin nəticəsidir. Bu isə öz növbəsində hər bir ölkənin  inkişafında, tərəqqisində Lider amilinin rolunu önə çəkir. Ulu öndər  Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkəmizin  həyatında yeni mərhələnin başlanğıcı oldu. Hər zaman xalqının yanında olan, Azərbaycanın inkişafı üçün çalışan Ümummilli Lider  o mürəkkəb tarixi şəraitdə ölkəmizi Sovetlər Birliyinin  ən qabaqcıl respublikalarından birinə çevirmək üçün qısa müddətdə bütün sahələrdə geniş islahatlar həyata keçirdi, gələcək müstəqil, güclü və qüdrətli Azərbaycanın əsasını qoydu. O dövr, eyni zamanda, milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Ulu Öndərin inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın dünyada yeri və rolunu müəyyən etdi, dövlətçiliyimizin əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Ümumi şəkildə qeyd etsək, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən başlamışdır.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan qısa müddətdə inkişaf etmiş sənaye respublikası kimi tanındı: “O illərdə respublikada xeyli sayda sənaye müəssisələri yaradıldı. Sürətli iqtisadi artım sosial sahənin də inkişafı üçün möhkəm zəmin yaratdı, xalqın həyat səviyyəsində böyük dəyişikliklər baş verdi.  Məhz 1969-1982-ci illərdə yaradılan sosial-iqtisadi, siyasi, mənəvi baza sonrakı dövrdə, Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizin həyatında  əhəmiyyətli rol oynadı. Bircə faktı qeyd etmək kifayətdir ki, Sovetlər Birliyinin dağılması ərəfəsində 15 müttəfiq respublika arasında Azərbaycanın adı  öz daxili imkanları hesabına iqtisadi çətinliklərini həll etməyə qadir ölkələr sırasında çəkildi. Bu, ulu öndər Heydər Əliyevin  böyük səylərinin, Azərbaycanın bu gününə hesablanmış addımlarının nəticəsi idi.”

Millət vəkili onu da əlavə edib ki, Ümummilli Liderin Azərbaycanın gələcəyini düşünərək atdığı  mühüm addımlardan biri də gənclərimizin  keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa  göndərilməsi, elmin sirlərinə dərindən yiyələnmək imkanlarının yaradılması idi: “Ümumilikdə ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq görərik ki, gənclərin  milli-mənəvi dəyərlərimizi, dilimizi, tariximizi öyrənmələri, daha da inkişaf etdirmələri prioritet məsələlərdən olub. Azərbaycan dilinin inkişafı istiqamətində Ümummilli Liderin göstərdiyi səylər, əldə olunan uğurlar da deyilənlərin təsdiqidir. Onun  Azərbaycan dilinə dövlət dili statusu qazandırmağa yönələn  fəaliyyətinin nəticəsi idi ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi kimi mühüm addım müstəqil gələcəyimizə xidmət edirdi.”

“Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası ölçüyəgəlməzdir” söyləyən Malik Həsənov diqqəti  Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə yaşadığı çətinliklərə, təhlükələrə yönəldərək bildirib ki, 1993-cü ildə Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi: “Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu, dövlətçiliyimizin əsasları yaradıldı, müstəqilliyimiz əbədi və dönməz oldu. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi, ölkəmizə investisiya axını sürətləndi. Malik olduğumuz təbii resurslardan səmərəli istifadəni təmin etmək məqsədilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu artdı. Tarixi həqiqətlərimizin beynəlxalq aləmə çatdırılması istiqamətində mühüm addımlar atıldı, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Azərbaycanın faktlara, tarixi həqiqətlərə əsaslanan siyasətinin nəticəsi olaraq beynəlxalq təşkilatların qərar və qətnamələrində dövlətimizin ədalətli mövqeyi dəstəkləndi.”

Millət vəkili qeyd edib ki, möhkəm təməl Azərbaycanın davamlı uğurlarında stimulverici amildir: “2003-cü ildən ulu öndər Heydər Əliyevin  siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları nəticəsində Azərbaycan biri-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqətindədir. Artıq iki ilə yaxındır ki, tarixi Zəfərimizin sevincini yaşayırıq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində  torpaqlarımız işğaldan azad edildi. Qalib Azərbaycan işğaldan azad edilmiş torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçirir. Tezliklə soydaşlarımızın Böyük Qayıdışının sevincini yaşayacağıq. 53 il bundan əvvəl Azərbaycanda baş verən möhtəşəm siyasi hadisə,  ulu öndər Heydər Əliyevin respublikada  siyasi hakimiyyətə gəlişi bugünkü uğurlarımızın əsası oldu. Heydər Əliyev yolu ölkəmizə, xalqımıza daim uğurlar qazandırır. Bu gün böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, Heydər Əliyev kimi Ümummilli Lideri, cənab İlham Əliyev kimi qalib Sərkərdəsi olan xalq xoşbəxtdir.”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki