Azərbaycan xarici siyasətini əməkdaşlıq müstəvisində tam bərqərar edib. 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edən Azərbaycan altılıq platformanın yaradılmasını dəstəkləyir. Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanın iştirakı ilə formalaşacaq bu əməkdaşlığın bölgəyə sülh, təhlükəsizlik, rifah gətirəcəyi böyük əminliklə vurğulanır. Baş verən proseslər ölkəmizin xarici siyasətinin yalnız region deyil, eyni zamanda, bütün dünya siyasətinə təsir edəcək qədər düşünülmüş, praqmatik, əhatəli və açıq olduğunu təsdiqləyir. Müstəqil siyasəti ilə tarixi Zəfərinə yol açan Azərbaycan yaşadığı bərpa və quruculuq dövründə yalnız dost ölkələrin yanında olmasını, onların iştirakı ilə nəzərdə tutulan işlərin başa çatdırılmasını istəyir. Bu da təbiidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov ifadə edib.
Dövlətimizin başçısı İlham Əliyevin iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışının bu gün Azərbaycanın dünya birliyində yeri və rolunun aydın mənzərəsini yaratdığını bildirən M.Həsənov qeyd edib: “Azərbaycan dövlətinin beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində təşəbbüskarlığı, dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin həyata keçirildiyi iki ilə yaxın dövr ərzində 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi, həmçinin “Qlobal problemə qarşı qlobal birlik, həmrəylik gərəkdir” deyərək müxtəlif təşəbbüslərlə çıxış etməsi, o cümlədən BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi”nin narahatlıq doğurduğunu önə çəkərək, Azərbaycanın ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınadığını diqqətə çatdırdı və qeyd etdi ki, bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb. Azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur”.
M.Həsənov xatırladıb ki, Azərbaycan 30 illik münaqişəyə son qoyub, özünün ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yollarla bərpa edib. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Ölkə Prezidenti çıxışında səsləndirdiyi çağırışlarla, bəyanatlarla bir daha dünyaya çatdırdı ki, həqiqətlərə ədalət meyarından yanaşmaqla dayanıqlı sülhə, təhlükəsizliyə nail olmaq mümkündür.