image-hesenov-malikbackend

Malik Həsənov: Brüssel sülh gündəliyi böyük əhəmiyyət kəsb edir

image-reklam_sirab_01

Tarixi Zəfərimizin fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərdən, aparılan danışıqlardan və əldə olunan nəticələrdən daha aydın görünür. Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə olunan məsələlərdən biri dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığına səfəri, səfər çərçivəsində keçirdiyi ikitərəfli və üçtərəfli görüşlər, onların nəticələridir. Reallıq budur ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Qurum ölkə Prezidenti İlham Əliyevin regional liderliyini qəbul edir və onunla yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Bu nöqteyi-nəzərdən yanaşsaq, yaranan yeni format-Brüssel sülh gündəliyi postmünaqişə dövrünün reallıqlarının qəbulunda və təqdimatında böyük əhəmiyyət kəsb edir. Aprelin 6-da 4 saat yarımdan çox davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla əlaqədar olaraq işçi qrupun yaradılması qərara alınıb. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Artıq tərəflər biri-birinin ərazi bütövlüyünü tanımaq və dəstəkləmək istəklərini ortaya qoyub. Azərbaycanın təkmil sülh təklifində də bu maddə xüsusi yer tutur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, tarixi Zəfərimizdən iki ilə yaxın dövr keçməsinə baxmayaraq Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı konkret mövqe nümayiş etdirməməklə müxtəlif fikirlərin yaranmasına rəvac verir. Azərbaycan üçün lazımsız təsisata çevrilən ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yenidən bərpa edilməsi Ermənistanın hazırda əsas diqqət göstərdiyi məsələlərdəndir. Lakin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsinin və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupu həmsədrlik institutuna istinadın olmaması Ermənistanın bu istəyinə son qoydu. Bəyanatda diqqəti çəkən bu məqam münaqişənin tarixə qovuşması ilə yanaşı, postmünaqişə dövrü üçün yeni formatın zəruriliyini təsdiqləyir. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb.

Prezident İlham Əliyevin Brüsselə səfərini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla görüşlərini, əldə olunmuş nəticələri dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisi kimi dəyərləndirən deputat vurğulayıb ki, sənəddə Azərbaycanı düşündürən bütün məsələlərə diqqət yönəldilib.

“Gərginliyin azalmasına xidmət edən razılıq əldə olunub. Belə ki, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması qərara alınıb. Həmçinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. Tarixi sahibinə qayıdan torpaqlarımızda bərpa və quruculuq işlərinin tez başa çatması bu ərazilərin minalardan təmizlənməsindən asılıdır. Avropa İttifaqı bu prosesə öz dəstəyini göstərməklə işlərin qısa zamanda tamamlanmasında və 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın Böyük Qayıdışının təmin edilməsində maraqlı olduğunu nümayiş etdirir. Azərbaycan və Ermənistan Avropa İttifaqına etimad göstərirlər. Bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına nail olmaq üçün Avropa İttifaqının göstərdiyi səylər dünya dövlətləri tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, dövlət başçısının Belçika Krallığına işgüzar səfərindən əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng vuraraq aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirmişdir. Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini diqqət çatdırmışdır”, – deyə deputat əlavə edib.

Malik Həsənov bu fikri xüsusi vurğulayıb ki, Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına, yeni prioritetlər üzrə inkişafına xüsusi önəm verməsi diplomatik müstəvidə qələbəsini qaçılmaz edir. Artıq dünya postmünaqişə dövrünün reallıqlarından, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətindən bəhs edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki