image-16506484372559433182_1000x669backend

Malik Həsənov: Hədəflərə nail olmaq üçün geniş imkanlar yaranır

image-reklam_sirab_01

“İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Ümumilikdə türk dünyasının birliyi, həmrəyliyi Azərbaycanın əsas çağırışları sırasında yer tutur. “Gücümüz birliyimizdədir” söyləyən dövlət başçısı İlham Əliyevin son 19 ilə yaxın dövr ərzində atdığı addımların xronologiyasına diqqət yetirdikdə türk dünyasının birliyinə böyük töhfələr verdiyini əminliklə deyə bilərik. Bircə faktı qeyd etmək kifayətdir ki, ötən il İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevə “Türk Dünyasının Ali Ordeni” təqdim edildi. Bu qərar Türkdilli Ölkələrin Dövlət Başçıları Şurası tərəfindən qəbul edilib. Belə bir mühüm qərarın qəbul edilməsini şərtləndirən əsas amillər Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, ölkəmizin türk dünyasının birliyinə böyük töhfələr verməsi oldu”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov diqqəti Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfərinə yönəldərək bildirib ki, əlaqələrin inkişafında qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır: “Səfərlər çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlər, həmçinin imzalanan yeni sənədlər əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsinə yol açır. Qazaxıstan Prezidentinin bu səfəri də ikitərəfli gündəliyin aktual məsələlərinin müzakirəsi, münasibətlərin inkişafına xidmət edən mühüm sənədlərin imzalanması ilə diqqətdə oldu. Belə ki, hər iki ölkənin dövlət başçıları “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”ni imzaladılar. 20-dən çox sənəd isə müvafiq strukturlar arasında imzalandı. Bu sənədlər, təbii ki, əlaqələrimizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Strateji tərəfdaşlıqdan müttəfiqliyə atılan addım Azərbaycan-Qazaxıstan münasibətlərinin uğurlu inkişafının, hər iki ölkənin dövlət başçılarının əlaqələrimizin inkişafına göstərdikləri diqqətin göstəricisidir”.

Deputat bir mühüm məqamı da xüsusi vurğulayıb ki, Qazaxıstan Prezidentinin səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olması dövrünə təsadüf edir: “Bu baxımdan səfər 30 illik yolun təhlili, əldə olunan uğurların fonunda perspektivlərin müəyyənlşdirilməsi baxımından bir hesabat kimi də dəyərləndirilə bilər. Prezidentlərin bəyanatlarında bu kimi məqamlar öz əksini tapıb. Qarşılıqlı etimad münasibətlərin inkişafına bələdçilik edir. Dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan bu əlaqələrin əsası ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulub. Son 19 ilə yaxın dövrdə atılan addımların əsas təqdimatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Azərbaycan Prezidentinə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninin təqdim olunması oldu. Qazaxıstan Prezidenti qeyd etdi ki, ölkəsində dövlət başçısı İlham Əliyevi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər”.

Səfər çərçivəsində imzalanan sənədlər arasında Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanan Bəyannaməyə xüsusi diqqət yönəldən M.Həsənov bildirib ki, bu sənədin əhəmiyyəti adında özünü ehtiva edir: “Artıq Azərbaycan və Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, müttəfiqlərdir. Prezidet İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu, üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək”.

Deputat əlaqələrimizin gələcək inkişafına yönələn addımlardan biri kimi Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünü qeyd edib: “Səfər çərçivəsində dövlət başçısı İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış oldular. Bu addım qardaş ölkənin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini necə sevinclə qarşıladığını, soydaşlarımızın bu torpaqlara qayıdışını səbirsizliklə gözlədiyini nümayiş etdirir. Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.”

M.Həsənov deyib ki, türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsi, hədəflərə yüksək səviyyədə nail olunması üçün geniş imkanlar yaranır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki