image-thumb-1backend

Malik Həsənov: Həqiqətlərə ədalət meyarından yanaşmaqla dayanıqlı sülhə, təhlükəsizliyə nail olmaq mümkündür

image-reklam_sirab_01

“Azərbaycan öz xarici siyasətini əməkdaşlıq müstəvisində tam bərqərar edib.  44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlar fonunda  yeni əməkdaşlıq formatlarının  təşəbbüskarı kimi çıxış edən Azərbaycan  altılıq platformanın yaradılmasını dəstəkləyir.  Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanın iştirakı ilə formalaşacaq bu əməkdaşlığın   bölgəyə sülh, təhlükəsizlik, rahatlıq gətirəcəyi  böyük əminliklə vurğulanır.  Baş verən proseslər ölkəmizin xarici siyasətinin  yalnız region deyil, eyni zamanda, bütün dünya siyasətinə təsir edəcək qədər düşünülmüş, praqmatik, əhatəli və açıq  olduğunu təsdiqləyir.  Müstəqil siyasəti ilə tarixi Zəfərinə yol açan Azərbaycan   yaşadığı  bərpa və quruculuq dövründə  yalnız dost ölkələrin yanında olmasını, onların iştirakı ilə  nəzərdə tutulan işlərin başa çatdırılmasını istəyir.  Bu da təbiidir.  Bu baxımdan ki, həqiqət anı kimi dəyərləndirdiyimiz Vətən müharibəsindən sonra da dünyanın supergücləri  ikili siyasətlərindən əl çəkə bilmir, fürsət düşdükcə işğalçı  Ermənistana dəstək göstərir, yenə də qərəzli yanaşma ilə üz-üz qalan Azərbaycan olur.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki,  dövlət başçısı İlham Əliyevin iyulun 13-də  Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı  bu gün Azərbaycanın  dünya birliyində yeri və rolunun aydın mənzərəsini yaradır: “Azərbaycan  dövlətinin  beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində  təşəbbüskarlığı, dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin  həyata keçirildiyi iki ilə yaxın dövr ərzində 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi, həmçinin “Qlobal problemə qarşı qlobal birlik, həmrəylik gərəkdir” bildirərək  müxtəlif təşəbbüslərlə çıxış etməsi, o cümlədən BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin,  Prezident, Ali Baş  Komandan İlham Əliyevin nüfuzunun göstəricisidir. Möhtərəm Prezidentimiz  qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi”nin narahatlıq doğurduğunu önə çəkərək Azərbaycanın  ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınadığını diqqətə çatdırdı  və bu rəqəmi açıqladı ki,   bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb. Azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur.”

“Azərbaycanın hər bir məsələyə ədalət  meyarından və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindən yanaşması bu dəyərləri maraqlarının arxasında gizlədən dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara  nümunə olmalıdır” söyləyən millət vəkili qeyd edib ki, məhz bu ədalətsizliyin tüğyan eytməsinin nəticəsidir ki, 50-dən artıq ölkənin və beynəlxalq təşkilatın 100-dən artıq nümayəndəsinin  Şuşaya səfərinə ABŞ, Fransa və Rusiya səfirləri qatılmayaraq seyrçi  mövqedən yanaşmağa daha çox üstünlük verdilər: “Əvvəlcə razılıqlarını ifadə etdikləri  halda, sonra fikirlərini dəyişmələri sual doğurmaya bilməz. Nəzərə alsaq ki, səfir bir dövlətin digər ölkədə elçisidir və missiyası  təmsil etdiyi ölkə ilə  olduğu ölkə arasında yeni prioritetlər müəyyənləşdirmək, əlaqələrin inkişafına dəstək olmaqdır.  Ən əsası ABŞ, Fransa və Rusiya səfirləri ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri olduqlarını yada salıb  işğaldan azad edilmiş ərazilərimizə səfər etməyin təşəbbüskarı kimi də çıxış edə bilərdilər.  30 ilə yaxın dövrdə ölkələrinin dəstəyi ilə ərköyünləşən Ermənistanın istər işğal, istərsə də Vətən müharibəsinin getdiyi vaxtlarda  və 10 noyabr razılaşmasına uyğun olaraq Azərbaycan ərazilərini boşaldarkən törətdikləri vandalizm aktlarının izlərini  görməli idilər.”

“Reallıq budur ki, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Ölkə Prezidenti  məlum çıxışında səsələndirdiyi   çağırışlarla, bəyanatlarla bir daha dünyaya çatdırdı ki,  həqiqətlərə ədalət meyarından yanaşmaqla dayanıqlı sülhə, təhlükəsizliyə nail olmaq mümkündür”, – deyə Malik Həsənov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki