image-thumbbackend

Malik Həsənov: İqtisadi rayonların yeni bölgüsü tarixi reallıqları və iqtisadi səmərəliliyi özündə ehtiva edir

image-reklam_sirab_01

“İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dayanıqlı inkişafın əsasıdır. Dövlət başçısı İlham Əliyevin 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoyması və bu istiqamətdə atılan addımlar öz müsbət nəticəsini verir.   Belə ki, bu məqsədlə bölgələrin malik olduğu potensialdan istifadə etmək uçün Regional inkişaf proqramları təsdiqləndi, uğurla icra edilir. Bu isə öz növbəsində şəhər və rayonlarımızın tarazlı inkişafına, onların   simasının  köklü şəkildə dəyişməsinə,  regionların iqtisadi potensialının artmasına, infrastruktur  təminatına, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına, əhalinin rifah halının  yüksəlməsinə geniş imkanlar açır. Ümumilikdə ardıcıl həyata keçirilən  məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və  hərbi-müdafiə  qüdrətini gücləndirdi və  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirdi.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Qələbəmizin yaratdığı yeni reallıqlar yeni prioritetlərin müəyyənləşdirilməsini bir zərurət kimi ortaya qoyur: “Hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpası, gələcək inkişafının   təmin olunması, bu torpaqlarda infrastrukturun yenilənməsi, soydaşlarımızın Böyük Qayıdışının reallaşdırılması istiqamətində mühüm  tədbirlər həyata keçirilir.  Dövlət başçısının “Azərbaycan 2030: sosial-iqtisasdi inkişafa dair Milli Prioritetlər”in  təsdiq edilməsi haqqında Sərəncamın ardınca  “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı imzalaması  özündə tarixi reallıqları və iqtisadi səmərəliliyi ehtiva edir. Yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə imzalanan bu sənədlər  işğaldan azad edilmiş ərazilərimizin  zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli şəkildə istifadə olunması  üçün  bütün işlərin vahid proqram əsasında aparılmasını təmin edəcək.”

“İqtisadi rayonların yeni bölgüsü Vətən müharibəsində əldə edilmiş parlaq Qələbənin daha bir uğurlu nəticəsidir” söyləyən M.Həsənov vurğulayıb ki, bu addım yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır: “ Sənəddə Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi  tarixi, ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqla əsaslandırılır,  Zəngəzur yaylasının tarixi-coğrafi birliyi məsələsi önə çəkilir,  Şərqi Zəngəzur tarixi adın bərpa edilməsinə xüsusi diqqət yetirilir. Bununla işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bu mesaj ünvanlanır ki,  Azərbaycan Zəngəzur dəhlizi məsələsində israrlıdır. Artıq Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Vahid Qarabağ və Qarabağlı bütöv Azərbaycan var.  Ermənistan bunu qəbul etməlidir. Xankəndinin, Xocalının Qarabağ iqtisadi rayonununa daxil edilməsi də  əhəmiyyəti ilə diqqət çəkən məqamlar sırasındandır.  Bu günədək  ölkəmizdə 10 iqtisadi rayon var idisə, bu gün  onların sayı 14-ə çatdırılır. Bir sözlə, yeni təsnifatın  Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəsinin yaratdığı yeni  reallıqlara uyğun olaraq həyata keçirilməsi, iqtisadi rayonların sırasına  Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının  daxil edilməsi imzalanan Fərmanın  strateji, iqtisadi,  tarixi əhəmiyyətinə işıq salır.”

“İşğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan istifadə etməklə bu torpaqlarımızın ümumi iqtisadiyyatımızda payı artacaq. Böyük Qayıdışın reallaşması, eyni zamanda,  yeni iş yerlərinin yaradılması və güclü iqtisadi inkişafın təmin olunması deməkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də bu hədəflərə hesablanıb. Qarabağ yaxın zamanlarda “yaşıl enerji” zonası kimi tanınacaq. Prezident İlham Əliyev bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqətdə saxlayır. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində  Zəngilan rayonunun Ağalı kəndlərində ilk addımın atılması, 2022-ci ilin yanvarında  başa çatdırılmasının, soydaşlarımızın həmin vaxtdan  bu kəndlərə köçürülməsinin nəzərdə tutulması artıq Böyük Qayıdışın çox uzaqda olmadığını təsdiqləyir.  Ümumilikdə  Qarabağ iqtisadi rayonu sənaye,  turizm,  aqrar sektorda böyük potensiala malikdir.  Bu potensial əsasında iqtisadi inkişafın formalaşdırılması işlərin   daha sistemli və dövlət proqramları çərçivəsində həyata keçirilməsini aktuallaşdırır. İqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərmanda da bu məqamı özündə əks etdirən  müddəa əksini tapıb. Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” icra edilir. Yeni təsnifata uyğun olaraq qəbul olunacaq Dövlət Proqramlarının icrası  doğma Qarabağımızı tezliklə böyük investisiyalar məkanına çevirəcək, Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranacaq”, – deyə millət vəkili bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki