image-thumbbackend

Malik Həsənov: Mədəniyyət paytaxtımız Şuşada bərpa və yenidənqurma işlərinin sürətlənməsi fonunda Böyük Qayıdış yaxınlaşır

image-reklam_sirab_01

 “Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya sayca beşinci səfərləri Zəfər tariximizi növbəti mühüm hadisələrlə zənginləşdirdi. Şuşanın baş planının təqdim edilməsi, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı və ev-muzeyində aparılacaq işlərlə tanışlıq, “Otel və Konfrans Mərkəzi”nin  təməlinin qoyulması mədəniyyət paytaxtımızın bərpası və yenidən qurulması istiqamətində atılan addımların tərkib hissələridir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə  “Xarıbülbül” musiqi festivalının ardınca Vaqif Poeziya Günlərinin ənənəsinin  bərpası Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti  mesaj oldu.  Bərpasına 2021-ci il yanvarın 14-dən,  ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı Zəfərimizdən sonra Şuşaya  ilk səfərindən  başlanan  işlərin miqyasının böyüklüyü qürur doğurmaqla yanaşı, Böyük Qayıdışın tezliklə reallaşacağının  təsdiqidir. Dövlət başçısının Şuşaya ilk səfəri zamanı Füzuli-Şuşa yolunun və  Füzuli Beynəlxalq Hava Limanının da  təməli qoyulmuşdur. Qarabağın hava qapısı kimi dəyərləndirilən Füzuli Hava Limanının iqtisadi və strateji əhəmiyyəti hazırda geniş təhlil olunmaqdadır. Cənab İlham Əliyev Şuşaya səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə də tanış oldu. Ümumilikdə icrası başa çatmaqda olan, yaxud təməli qoyulan hər bir layihədə məqsəd  işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərini, bunun fonunda isə Böyük Qayıdışı  sürətləndirməkdir.”

 

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, dövlət başçısı İham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında bir daha diqqəti  30 illik işğal dövrünün reallıqlarına yönəldərək bu fikri böyük inamla vurğulamışdır ki, Azərbaycan ədaləti bərpa etdi: “Vətən  müharibəsi tariximizdə əbədi yaşayacaq. Bu müharibəni şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazandıq. 6 şəhərin, 5 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycanın müstəqillik,  qəhrəmanlıq salnaməsinə yazılan zəfər səhifələridir. 44 günlük İkinci Qarabağ savaşında  qalib gələn Azərbaycan Ordusu yazdığı yeni tarixlə, eyni zamanda, ədalətin, beynəlxalq hüququn yoxluğu barədə düşüncələri  dəyişdi. Sübut olundu ki, bu məfhumlar var və  onların tətbiqi  üçün fədakarlıq göstərmək,  dünyanın ikili siyasətinin qarşısına  həqiqətləri qoymaq, diplomatik mübarizədə üstünlüyü qazanmaq, ədalətə söykənən  mövqedən bir addım da belə  geri çəkilməmək lazımdır. Azərbaycan 30 ilə yaxın dövrdə dəyişməz mövqeyini Vətən müharibəsində bir daha nümayiş etdirdi, dünya xalqımızın nə qədər məğrur, yenilməz xalq olduğunun şahidi oldu.”

“İşğaldan azad edilmiş ərazilərimizə, o cümlədən   Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı  Şuşaya ilk səfərində qədim şəhərin  əvvəlki simasına qaytarılacağını bildirən Prezident İlham Əliyev həmişə olduğu kimi yenə də hər vədini konkret əməli ilə təsdiqləyir.   Mədəniyyət paytaxtımızın  dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. İşğaldan azad edilmiş ərazilərimizdə yeni idarəçilik sisteminin yaradılmasının təsdiqi kimi  Prezidentin xüsusi nümayəndəsinin ilk olaraq Şuşada fəaliyyətə başlaması, Ağdamdan sonra  Şuşanın baş planının təqdim olunması, yeni yaşayış kompleksinin təməl daşının qoyulması, Zəfər Yolunun çəkilişi və sair kimi biri-birindən əhəmiyyətli addımlar Qarabağın tacının önəmini  açıqlayır. Bu reallıqlar bir daha  Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində Müzəffər Ali Baş Komandanın  “Şuşasız bizim  işimiz yarımçıq olar”  fikrinin məqsəd və məramına işıq  salır. Hədəfimiz də,  Zəfərimiz də Şuşa oldu. Şuşanın azad olunduğu  günün   Zəfər Günü kimi təsis edilməsi özündə bütün məqamları ehtiva edir”, – deyə Malik Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, Şuşa artıq azaddır. 30 il əsarətdə olsa da əyilmədi, milli ruhu qorudu. 30 ildə mədəniyyət paytaxtımızı  erməni  şəhəri kimi qəbul etdirməyə çalışan Ermənistan rəhbərliyi aparılan bərpa və quruculuq işlərindən dərs almalıdır. Dağıtmaq, məhv etmək ermənilərin xislətidir. Torpağın əsl sahibi isə  qurur, yaradır, hər daşı, qayanı bir tarix kimi  qoruyur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki