image-malik-hasanovbackend

Malik Həsənov: Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir

image-reklam_sirab_01

Dövlətçilik tariximizin şanlı səhifəsi olan Milli Qurtuluş Gününün 29 illiyini qeyd edirik. Bu tarixi günün Azərbaycan dövlətinin, xalqının taleyində rolu bugünkü reallıqlarımızda özünün aydın təsəvvürünü tapır. İnkaredilməz həqiqət budur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla Azərbaycanı faciələrdən, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. O illərdə Azərbaycana rəhbərlik edən ünsürlərin ölkəmizi hansı faciələrlə üz-üzə qoyduqları məlumdur. Bu baxımdan Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günü kimi də xarakterizə olunur. Müstəqilliyimizin daimiliyinin, sarsılmazlığının təmin edilməsi qarşıda dayanan əsas vəzifələr sırasında idi. Ulu öndər Heydər Əliyev bu yolda bütün maneələri dəf etdi, möhkəm təməl fomalaşdırdı və bu gün Ümummilli Liderin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksələn ölkəmiz yeni-yeni hədəflərə doğru inamla addımlayır. Müasir müstəqil Azərbaycan əbəs yerə ulu öndər Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilmir. Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi: “Milli Məclisin 1997-ci ildə qəbul etdiyi qərara əsasən bu tarix Milli Qurtuluş Günü kimi qeyd edilir. Qurtuluşdan başlanan inkişaf yolunun Azərbaycana qazandırdığı uğurların xronologiyasına diqqət yetirək. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Dövlətçiliyin əsasları yaradıldı. Azərbaycan xalqı sözün əsl mənasında təbii sərvətlərinin sahibinə çevrildi. 1994-cü ildə Ümummilli Liderin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı və Azərbaycanın hərtərəfli inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı, Azərbaycan dünya birliyinin fəal üzvü kimi yeri və rolunu möhkəmləndirdi”.

Deputat vurğulayıb ki, ulu öndər Heydər Əliyevin böyük siyasi nüfuzu, dövlətçilik təcrübəsi Azərbaycanın müstəqilliyinin daimiliyini, sarsılmazlığını təmin etdi: “Ümummilli Lider ilk gündən bəyan etmişdir ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Ulu öndər Heydər Əliyevin bu çağırışı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı sıx birləşdirdi və 44 günlük tarixi Zəfərimizdə öz sözünü deməsinə yol açdı. Bu il Qarabağın tacı Şuşada keçirilən Zəfər qurultayı dünya azərbaycanlılarının birliyinin əhəmiyyətinə və postmünaqişə dövründə qarşılarında dayanan vəzifələrə işıq saldı, həmçinin dünyaya birliyimizi, həmrəyliyimizi bir daha təqdim etdi”.

M.Həsənov Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etməyin mümkünsüzlüyünü qeyd edərək vurğulayıb ki, Onun ideyaları Azərbaycanın gələcəyinin əsaslarıdır. Ulu öndər Heydər Əliyevin “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri Azərbaycanın dünəninə baxış, gələcəyi barədə böyük təqdimatdır.

“Qurtuluşun Azərbaycanın qarşısında açdığı imkanlardan bəhs edərkən tarixi Zəfərimizi xüsusi qeyd etməliyik”, – söyləyən deputat bildirib ki, son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları ilə dünyaya nümunə olan inkişaf modelini formalaşdırmaqla həm Azərbaycanın dayanıqlı inkişafını təmin edir, həm də ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunu artırır: “Şanlı Zəfərimiz Azərbaycanın bütün sahələrdə qazandığı uğurların, torpaq, Vətən sevgimizin nümayişi oldu. Ulu öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur. 2003-cü ildə xalqa müraciətində də bu istəyi reallığa çevirəcək ünvanı göstərmişdir. Ümummilli Lider İlham Əliyevə Özü qədər inandığını bəyan etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev haqqa, ədalətə söykənən bu istəyi reallığa çevirdi, üçrəngli bayrağımızın işğaldan azad edilmiş ərazilərimizdə dalğalanmasına nail oldu”.

Deputat qeyd edib ki, Azərbaycan ötən il ilk dəfə olaraq Zəfər ruhunda Milli Qurtuluş Gününü dost, qardaş Türkiyə ilə birlikdə qeyd etdi: “Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı azad Qarabağda qarşıladı. Milli Qurtuluş Günündə dünyaya səs salan Şuşa Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi dostluğumuzun, qardaşlığımızın və müttəfiqliyimizin rəsmi sənəddə də öz təsdiqini tapdığını nümayiş etdirdi. Azərbaycan və Türkiyə bayraqlarının azad Qarabağda, azad Şuşada qoşa dalğalanması dünyaya ünvanlanan mesajlar sırasında xüsusi yer tutdu. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir və bundan sonra da bir yerdə olacaqlar. İmzalanmasının bir ili tamam olan Şuşa Bəyannaməsində əksini tapan müddəalar iki qardaş ölkənin münasibətlərinin inkişafı üçün yol xəritəsidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki