M.Həsənov qeyd edib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il Novruz bayramında Cıdır düzündən müraciətində “Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm” bəyan edərək torpaqlarımızın azad edilməsindən daha ümdə vəzifənin olmadığını, hər gün qələbənin yaxınlaşdığını əsaslı şəkildə diqqətə çatdıraraq bu çağırışı da etdi ki, gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi qədim Azərbaycan torpağında dayanmışam və heç kim bundan sonra bizi buradan çıxara bilməz.
“Bu gün xalqımız sevinclidir. İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır, Novruz tonqalları alovlandırılır. 30 ilə yaxın dövrdə düşmən tapdağı altında qalan torpaqlarımız rahat nəfəs alır, yazın gəlişini duyur, sahibinə qovuşduğu üçün özünü qürurlu hiss edərək Novruzun bütün ənənələrini sevinclə qeyd edir” söyləyən Malik Həsənov bildirib ki, bu gün bu torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Əminik ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab-havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, Böyük Qayıdışı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirərək Qarabağımızı beynəlxalq turizm məkanına çevrəcəyik.
Millət vəkili bu məqamı da xüsusi qeyd edib ki, hər bir xalq, millət öz milli-mənəvi dəyərləri, adət-ənənələri ilə tanınır: “Azərbaycan xalqı öz dəyərlərini qoruyan, inkişaf etdirən, gələcək nəsillərə çatdıran xalq kimi nüzuz qazanıb. Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olan milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstəyi təqdir edilərək 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyimizə yol açdı. Təsadüfi deyil ki, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.”
Malik Həsənov onu da əlavə edib ki, Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
Millət vəkili hər bir bayram tədbirinin bir hesabat xarakteri daşıdığını önə çəkərək son bir ildə Azərbaycanın tarixi Zəfərimizin reallıqlarının təsdiqi və qəbulu istiqamətində atdığı addımların, diplomatik uğurlarımızın sırasına etdiyi əlavələrin qürurverici olduğunu qeyd edib: “Dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətində olan Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmlənir, yeni əməkdaşlıq fomatlarının müəllifi kimi çıxış edir. Əldə etdiyi uğurlarla kifayətlənməyərək daim irəliyə baxan ölkəmizin qarşısında yeni imkanlar yaranır.”


























