image-thumb-1backend

Malik Həsənov: Ölkə Prezidenti Ermənistana keçmişlə deyil, gələcəklə yaşamaq mesajını ünvanladı

image-reklam_sirab_01

“Dövlət başçısı İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövründə dünya dövlətlərinin ikili siyasətinin yaratdığı problemlərə diqqəti yönəldərək Ermənistana və ona  havadarlıq edən dövlətlərə mesajlarını ünvanladı. 30 ilin reallıqları ədalətə maraqların arxasından baxan dövlətlərə “məlum” olmasa da beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirdiyi siyasətin önündə saxlayan, haqqın, ədalətin yanında olanlara bəllidir. Hazırda tarixə qovuşan Dağlıq Qarabağ  münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri 28 illik fəaliyyətləri dövründə  bir dəfə də olsun işğalçını adı ilə çağırmadılar, amma məsələnin danışıqlar yolu ilə həllinin mümkünlüyünü bildirməklə imitasiya naminə aparılan danışıqlara dəstəkləri ilə Ermənistana vaxt qazandılar. İşğalçı dövlət bu müddət ərzində silahlandırıldı, işğal etdikləri torpaqlarımızda qurduqları istehkamlarla bu əraziləri  geri qaytarmaq istəmədiklərini  təsdiqlədilər. Bu gün də oxşar proseslər cərəyan etsə də Vətən müharibəsində  “Dəmir yumruq” əməliyyatının verdiyi dərslər unudulmamalıdır.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, cənab İlham Əliyevin müsahibədə diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin  gündəmdə olması, işğalçı dövlətin müxtəlif bəhanələrlə bundan yayınmasıdır: “Ermənistan ya  buna hazır deyil, ya da bunun əleyhinədir. Ölkə Prezidentinin bəyan etdiyi kimi, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar.

Təbii ki, ölkəmiz öz siyasətini qarşı tərəfin  atacağı addıma uyğun  aparacaq. Əgər Ermənistan  Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda  bölgəyə uzunmüddətli sülh gələcək.  Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası,  Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi ölkəmizin maraqlarına cavab verir. Təbii ki, Ermənistanın da maraqlarına uyğundur. İşğalçılıq siyasəti ucbatından bütün layihələrdən kənarda qalan, iqtisadi böhran icərisində çabalayan Ermənistan əməkdaşlıq yolu ilə özünü düşdüyü ağır vəziyyətdən xilas edə bilər.”

Millət vəkili vurğulayıb ki, Ermənistan baş nazirinin  Azərbaycanla danışıqlara hazır olduğunu bildirməklə yanaşı, ATƏT-in Minsk qrupundan təklif gözlədiklərini dilə gətirməsi yenə də Vətən müharibəsindən əvvəlki  vəziyyətə, yəni Minsk qrupu həmsədrlərinin maraqlarına uyğun  addımların atılmasına qayıtmaq istəklərini nümayiş etdirir. Amma Ermənistan  dövlər başçısı İlham Əliyevin “Biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik” mesajından dərs almalıdır.

M.Həsənov bildirib ki, reallıqlar Ermənistanın dağıdıcı, Azərbaycanın qurucu obrazını təqdim edir: “Ermənilərin 30 ilə yaxın dövrdə işğal altında olan torpaqlarımızda törətdikləri dağıntılar, hətta 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın geri qaytarılanda  bu əraziləri boşaldarkən  etdikləri vəhşiliklər dünyanın  gözü qarşısında baş verdi. Halbuki ermənilər həmin razılaşmaya görə Kəlbəcəri noyabrın 15-də boşaltmalı idilər. Onların Rusiyanın vasitəsilə Azərbaycandan vaxt istəmələri bu prosesin vaxtının noyabrın 25-dək uzadılması ilə nəticələndi. Azərbaycan yenə də humanizm siyasətinin imkanlarından istifadə etdi. Ermənilər bu addımın  qarşılığında apara bildiklərini  apardılar, apara bilmədiklərini yandırdılar, hətta ekoloji terror törətdilər. Budur, ATƏT-in Minsk qrupundan sülh müqaviləsinin imzalnması ilə bağlı  təklif gözləyən mənfur düşmənin əsl siması.”

Millət vəkili   Ermənistan və Azərbaycanın mədəni irsə münasibətində də kəskin fərqin olduğunu faktlar əsasında qeyd edib: “Azərbaycan multikultural  dəyərləri, ölkəmizdə bütün xalqların və etnik azlıqların mədəni irsini qoruyub saxladığı halda,  Ermənistan monoetnik dövlətdir,   işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni və İslam irsinin dağıdılması bu ölkənin digər xalqların dəyərlərinə  münasibətdə barbar davranışını, vandalism, dözümsüzlük siyasəti yürütdüyünü təsdiqləyir.”

M.Həsənov bildirib ki, sözügedən müsahibədə cənab İlham Əliyevin cavablarında yer alan hər bir fikir informasiya mübarizəsində  tutarlı fakt, həmçinin  işğalçı Ermənistana keçmişlə deyil,  gələcəklə yaşamaq mesajıdır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki