image-50jpg-1668154818backend

Malik Həsənov: Ölkə Prezidenti Şuşadan Ermənistana bir daha mesajlarını çatdırdı

image-reklam_sirab_01

“Tarixi Zəfərimizin ikinci ilini qeyd etdik. Artıq iki ildir ki, bayramları, həmçinin ərazilərimizin işğaldan azad edildikləri tarixləri sahibinə qovuşmuş torpaqlarımızda qeyd edir, Zəfərimizin yaratdığı reallıqları bir daha bu məkanlardan dünyaya çatdırırıq. 8 Noyabr-Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxış edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Qələbəmizi şərtləndirən amillərdən geniş bəhs edərək Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. “Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi” söyləyən ölkə Prezidenti bildirdi ki, müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdi.

Təbii ki, Ordunun gücləndirilməsi üçün güclü iqtisadiyyat lazım idi. Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlərdə həyata keçirilən siyasətin əsasında dayanır. Dövlət başçısı İlham Əliyevin təkmil islahatları nəticəsində iqtisadiyyatımız daha da inkişaf edir. İqtisadi müstəqilliyin möhkəmləndirilməsi Azərbaycanın siyasi müstəqilliyində də öz sözünü deyir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində rolu günbəgün artır. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz genişlənir. Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu atılan addımlarda, əldə edilən uğurlarda özünün aydın ifadəsini tapır. Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Qələbəmizi şərtləndirən amillərdən biri gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, gənclərimiz Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və getdilər. Cəmiyyətdə milli birlik, həmrəylik ideyaları üstünlük təşkil etdi. Azərbaycanda bir ailə kimi yaşayan bütün xalqların nümayəndələri Qarabağ uğrunda ölümə gedirdilər. Bu, Azərbaycanın böyük dəyəridir. 44 günlük İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, birliyi daha da gücləndirdi. Məhz bu amillər tarixi Zəfərimizə yol açdı.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, artıq xalqımız alnı açıq, müzəffər xalq kimi yaşayır: “Beynəlxalq tədbirlərə qalib ölkə kimi qatılan Azərbaycan işğal dövrü ilə yanaşı, Zəfərimizin reallıqlarından dünyaya bəhs edir, Qarabağın və Şərqi Zəngəzurun quruculuq meydanına çevrildiyini əsaslı şəkildə, iki ildə ölçüyəgəlməz dərəcədə görülən işlərin fonunda beynəlxalq ictimaiyyətə çatdırır. Bütün bu işləri Azərbaycan öz daxili imkanları hesabına həyata keçirir. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın timsalında digər işğaldan azad edilən ərazilərimizdə görülən işlərin miqyasının genişliyi barədə aydın təsəvvür yaratmaq mümkündür. Şuşa iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Hazırda paytaxt Bakı ilə yanaşı, Şuşa da beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilir.”

Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyev çıxışında Şuşaya iki ildə ondan artıq səfər etdiyini xatırlatdı: “Bu məqam da xüsusi vurğulandı ki, Zəfər yolu ilə Şuşaya yaxınlaşanda hərbçilərimizin 44 günlük İkinci Qarabağ müharibəsi zamanı qəhrəmanlığının, şücaətinin bir daha şahidi oluruq. Çünki “Zəfər Yolu” adlandırılan yol cəmi iki ilə yaxındır ki, çəkilib. Qəhrəman Azərbaycan oğulları dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdı. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla əlbəyaxa döyüşlərdə düşməni məğlub etdi, torpağımızdan qovdu, üçrəngli Bayrağımızı Şuşada qaldırdı. İllər keçdikcə hərbçilərimizin qəhrəmanlığı, şücaəti daha aydın görünür. Xalqımız yaşadığı bu qürurlu günlərə görə daim dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.”

Malik Həsənov diqqəti dastana çevrilən Şuşa əməliyyatına gedən yola yönəldərək bildirdi ki, müharibənin ilk günündən sonadək Azərbaycan Silahlı Qüvvələri yalnız irəli getdi: “Sentyabrın 27-də – müharibənin birinci günündə altı kəndin azad olunması xalqımızda tarixi Qələbəmizə böyük inam yaratdı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi. Azərbaycan Ordusunun qarşısında Ermənistan diz çökdü, kapitulyasiya aktına imza atdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsinin dünyaya təqdimatı oldu. Ərazi bütövlüyümüz bərpa edildi, işğala son qoyuldu. Bu sənədin imzalanmasından ötən iki ildə ölkəmizin siyasi, diplomatik və iqtisadi uğurlarının xronologiyasına diqqət yetirmək kifayətdir. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Azad edilmiş ərazilərimizin həyatında yeni dövr başlayıb.”

Millət vəkili qeyd edib ki, Müzəffər Ali Baş Komandanın hər bir çıxışı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. Cənab İlham Əliyev Şuşadan bir daha bu çağırışı etdi ki, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalı və odla oynamağın onlara baha başa gələcəyini bilməlidirlər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki