image-malik-hasanovbackend

Malik Həsənov: “TEKNOFEST” Azərbaycan və Türkiyənin əzəli, əbədi qardaşlığının təqdimatı oldu

image-reklam_sirab_01

“Artıq iki ilə yaxındır ki, bayramları, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan tarixi günləri işğaldan azad edilmiş torpaqlarımızda qeyd edirik. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  mayın 26-da Füzuli, Cəbrayıl, Zəngilan rayonlarına səfəri də diqqətçəkən oldu. İlk dəfə olaraq Müstəqillik Günü kimi qeyd etdiyimiz 28 May tarixi ilə bağlı yaşananlara diqqət yetirdikdə xalqımızın  nə qədər sevincli və qürurlu olduğunu görürük. Ötən il Müstəqillik Günü Ağdamda, bu il isə Füzulidə, Cəbrayılda və Zəngilanda qeyd edildi. Ən əsası Böyük Qayıdışın ilk addımı atıldı. Mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər. Hər bir səfər bərpa-quruculuq işlərinə baxış fonunda bir sıra sosial obyektlərin açılışı və təməlqoyma mərasimi ilə yadda qalır. Qısa müddətdə görülən belə genişmiqyaslı işlər ölkəmizin malik olduğu imkanların təqdimatı olmaqla yanaşı, xalqımızın qurucu xalq, öz torpaqlarına bağlılığını da  nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev Ağalı sakinləri ilə görüşündə də bu məqamı xüsusi qeyd etdi ki, iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik. Ancaq hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir. Yəni, təsəvvür edin, nə qədər böyük işlər nəzərdə tutulur.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Prezident İlham Əliyev sözügedən  görüşdə  Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlayan müstəqillik tariximizdən geniş bəhs edərək  əsl müstəqilliyin  məhz müstəqil siyasət apara bilmək olduğunu açıqladı.  Azərbaycan   özünün əsl müstəqilliyinə  1993-cü ildə ulu öndər  Heydər Əliyevin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  qovuşdu: “Tarixi Zəfərimiz dövlətimizin müstəqil siyasətinin uğurlarına bir daha işıq saldı. Təkcə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə ölkəmizə qarşı təzyiqlərə nəzər salmaq kifayətdir. Amma Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev  dəyişməz mövqeyindən bir addım da belə geri çəkilmədi. İlk gündən müharibəni hansı şərt daxilində dayandıra bilcəyimizi bəyan etdi. 30 ilin işğalına 44 gündə son qoyan Azərbaycan bu şanlı Qələbəsi ilə ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətin  gücünü nümayiş etdirdi.”

Millət vəkili vurğulayıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyev  Zəngilandan  mesajlarını da ünvanladı: “Ermənistanda faşistlər  baş qaldırmağa cəhd göstərirlər. Onlara elə gəlir ki, əgər  hakimiyyətdə olsaydılar müharibənin nəticələri başqa cür ola bilərdi. Qətiyyən yox! Onlara elə gəlir ki, əgər  hakimiyyətə gəlsələr, nə isə əldə edə bilərlər. Qətiyyən yox! Əksinə, əgər istəmirlərsə ki, onların başı bir daha əzilsin, otursunlar və bu tərəfə heç baxmasınlar. Biz hələ ki, səbirlə bu mənzərəni izləyirik. Amma bunu Ermənistan faşistləri  bilsinlər ki, hər an onların dərsini verməyə bir daha hazırıq. Necə ki, İkinci Qarabağ müharibəsi zamanı bu dərsi verdik.”

“Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri aparılır, Azərbaycan postmünaqişə dövrünün  gündəliyini formalaşdırır və dünya gücləri bu reallıqları qəbul edir” söyləyən Malik Həsənov bildirib ki, sadalananlar  ölkəmizin yeni səhifə açdığını, Ermənistana da gələcəyə baxmaq çağırışını etdiyini təsdiqləyir. Artıq Böyük Qayıdışa start verilir. “Ağıllı kənd” layihəsi çərçivəsində  müasir tələblər səviyyəsində qurulan Ağalı kəndi sakinlərini qarşılamağa hazırdır.

Millət vəkili diqqəti Müstəqillik Günündə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərinə, bayram tədbirlərində iştirakına yönəldərək  bildirib ki,  bu qardaşlıq işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərdə də özünün aydın ifadəsini tapır: “Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında birgə iştirak edən  Azərbaycan və Türkiyə Prezidentləri  iki dost, qardaş, müttəfiq ölkənin keçdiyi inkişaf yoluna nəzər salıb əzəli və əbədi qardaşlığımızı şərtləndirən amilləri açıqladılar. Azərbaycanın qarşılaşdığı  haqsızlıqlara, ədalətsizliklərə baxmayaraq, diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazdığı, cənab  İlham Əliyevin qətiyyətli liderliyi ilə aydın bir gələcəyə doğru əmin addımlarla irəlilədiyi xüsusi qeyd edildi. Azərbaycan və Türkiyə harada haqsızlıq, ədalətsizlik varsa, orada səsini ucaldır, ədalətə çağırışlar edir. İki dost ölkə  hər zaman bir yerdədirlər. “TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan və Türkiyə gənclərinin nümayiş etdirdikləri birlik, həmrəylik fonunda iki  qardaş ölkənin münasibətlərinin gələcək inkişafının da aydın mənzərəsini yaratdı. Hazırkı dövrdə elmin, yeni texnologiyaların, yeni ideyaların  ölkələrin inkişafında rolunu nəzərə alsaq hər bir yeniliyə açıq olan iki qardaş ölkənin gənclərin inkişafına göstərdikləri diqqət təqdir olunur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikri böyük inam və əminliklə qeyd etdi ki, Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı davam edəcəyik.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki