image-thumb-2backend

Malik Həsənov: “Üç qardaş-2021” birgə beynəlxalq təlimi Azərbaycan-Türkiyə-Pakistan dostluğunun aydın ifadəsidir

image-reklam_sirab_01

“Postmünaqişə dövrünün reallıqlarına uyğun olaraq səsləndirilən əsas çağırışlardan biri məhz dost, qardaş ölkələrin birgə səyləri nəticəsində qarşıya qoyulan hədəflərə nail olmaqdır. Nəzərə alsaq ki, 44 günlük İkinci Qarabağ müharibəsi bütün həqiqətlərə, regionda və dünyada cərəyan edən proseslərin əsl mahiyyətinə işıq saldı, bu halda Azərbaycan ona səmimi münasibətdə olan dövlətləri bir daha yəqinləşdirdi. Vətən müharibəsində dostluğunu, qardaşlığını  mənəvi və siyasi dəstəkləri ilə ifadə edən  Türkiyə və Pakistan postmüharibə dövründə də bunu qabarıq şəkildə nümayiş etdirir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan-Türkiyə birliyinə Pakistan da əlavə olunaraq bu həmrəylik fonunda regionda sülhün, təhlükəsizliyin, sabitliyin qorunub saxlanılması qaçılmazdır.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, sentyabrın 12-dən 20-dək  Bakıda ilk dəfə keçirilən Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş – 2021” birgə beynəlxalq təlimi bu üç  dost ölkənin yeni mərhələyə daxil olan   münasibətlərinin  aydın ifadəsini yaradır. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması idi.

Diqqəti bir daha 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın təcrübəsinə, ordumuzun nümayiş etdirdiyi qəhrəmanlığa və şücaətə  yönəldən millət vəkili vurğulayıb ki,  dövlət başçısı, Müzəffər Ali Baş Komandan postmüharibə dövrünün hədəflərindən bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edib ki, daha müasir ordu yaradılmalıdır. Beynəlxalq hərbi ekspertlər də bu həqiqəti təsdiqləyirlər ki,  Azərbaycan XXI əsrin müharibəsini apardı. Ölkəmizin bu sahədə də təcrübəsi təqdir edilir, araşdırılır və öyrənilməsinin vacibliyi bildirilir. Bu baxımdan  birgə hərbi təlimlərin keçirilməsi dostluq və qardaşlığın növbəti təzahürü olaraq hərbi sahədə təcrübə mübadiləsinə geniş imkanlar açır.”

“Dünyaya səs salan, günümüzün reallıqlarını özündə əks etdirən çağırışlarla zəngin Şuşa Bəyannaməsinin ardınca Bakı Bəyannaməsinin imzalanması, əməkdaşlığın ikitərəfli formatdan üçtərəfli formata keçməsi  təqdirəlayiqdir.  Şuşa Bəyannaməsinin imzalanması ilə regionda başlanan  yeni bir mərhələ Bakı Bəyannaməsi ilə daha da şaxələndi. Baş verən bütün bu proseslər isə qardaş ölkələrimizin,  xalqlarımızın gələcək inkişafı və daha da güclənməsi üçün çox mühüm strateji  planların ilk mərhələsidir”,- deyə Malik Həsənov vurğulayıb.

Millət vəkili  bildirib ki, bu gün Prezidentlər, xarici işlər nazirləri çərçivəsində aparılan danışıqlara  parlament sədrləri formatının da əlavə edilməsinin  təşəbbüskarı Azərbaycandır: “Hər üç qardaş ölkə istənilən beynəlxaq və regional platformalarda biri-birini  dəstəkləyir. Üç strateji tərəfdaşın arasında siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə əməkdaşlıq getdikcə daha da möhkəmlənir. Ölkələrimiz, xalqlar arasında dostluq və qardaşlığın təsdiqi üçün 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ölkəmizin hər yerində, paytaxt və bölgələrdə,  küçə və  meydanlarda,  binalarda,  müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə  ilə yanaşı, Pakistan bayrağının dalğalanmasına,  Azərbaycan Ordusunun əldə etdiyi zəfərlərin  qardaş ölkələrdə çoşğu ilə qarşılanmasına bir daha diqqət yetirmək  kifayətdir. “Üç qardaş – 2021” beynəlxalq təlimi Azərbaycan-Türkiyə-Pakistan əlaqələrini  daha da gücləndirəcək. Pakistanın dağlıq ərazilərdə, Türkiyənin terrorla mübarizədə, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi   təcrübənin  təlimlərdə  paylaşılması öz müsbət nəticəsini verəcək.  “Üç qardaş-2021” beynəlxalq təliminin açılış mərasimində Türkiyə və Pakistan nümayəndə heyətlərinin rəhbərləri polkovnik-leytenant Kürşad Konuk və polkovnik-leytenant Aamir Şahzad bu əminliyi ifadə etmişdilər  ki, xalqlarımız və ordularımız arasında bu dostluq bağı sürətlə dəyişən qlobal mühitdə zamanın sınaqlarından uğurla çıxacaq, beynəlxalq siyasi dəyişikliklərin güclü küləkləri bütün dünyanı bürüsə də, bu üç qardaş etibarlı regional tərəfdaş və əməkdaş olaraq daha da yaxınlaşacaq,   əlaqələrimiz daha da möhkəmlənəcək.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki