image-malik-22-2backend

Malik Həsənov: Ulu Öndər hakimiyyətə qayıdışı ilə bugünkü uğurlarımız üçün möhkəm təməl yaratdı

image-reklam_sirab_01
“Azərbaycanın bugünkü uğurlarını düzgün dəyərləndirmək üçün müstəqilliyimizin bərpasının ilk illərinə diqqət yetirməyə böyük zərurət duyulur. Müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin müqayisəli təhlili Azərbaycanın bugünkü inkişafına, tərəqqisinə görə kimə borclu olduğumuza aydınlıq gətirir. 1993-cü ilin may-iyununda ölkədə yaranan gərginlik, mürəkkəb hadisələr Azərbaycanın müstəqilliyi üçün ən böyük təhlükə idi. Respublikanın düşdüyü ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi böhran daha da dərinləşərək son həddə çatmışdı. Daxili sabitlik pozulmuş, ayrı-ayrı qüvvələrin qarşıdurması, bəzi cinayətkar qrupların, separatçı qüvvələrin respublikanı parçalamaq niyyətlərini həyata keçirmək istəyi vəziyyəti daha da ağırlaşdırmışdı. Bir sözlə, Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Belə çətin dövrdə xalq üzünü xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu. Xalqımız bilirdi ki, ən çətin anlarda dövlətinin, xalqının yanında olan Ümummili Lider zəngin dövlətçilik təcrübəsinə söykənərək Azərbaycanı düşdüyü vəziyyətdən xilas edəcək. Elə də oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını uğurla həyata keçirərək Azərbaycanı həmin dövrün xaosundan, anarxiyasından, iqtisadi böhrandan xilas etdi. 1994-cü il may ayının 12-də dahi şəxsiyyətin səyləri nəticəsində Ermənistanla atəşkəs sazişi imzalandı. Bununla da daxili sabitliyin, bütün sahələrdə inkişafın əsası qoyuldu. 1993-cü il oktyabrın 3-də xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən ulu öndər Heydər Əliyev andiçmə mərasimində “And içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında, dünya birliyində ləyaqətli yer tutmasına çalışacağam” söyləməklə hədəfləri açıqladı, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində davamlı uğurlara imza atdı.”

Vətəninfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, xalqına verdiyi bütün vədləri həmişə olduğu kimi sədaqəti ilə doğruldan Ümummilli Lider “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” bəyan etdi: “Ulu öndər Heydər Əliyevin bu çağırışı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın daha da sıx birliyini, həmrəyliyini şərtləndirdi, həyat amalına çevrildi. Müstəqil Azərbaycanın əsas ideyasının azərbaycançılıq olduğunu önə çəkən Ümummilli Lider bildirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Azərbaycançılığı-Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməlidir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli, qalib Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Azərbaycanın dünyaya səs salan tarixi Zəfərində dünya azərbaycanlılarının birliyi əhəmiyyətli rol oynadı. Bu ilin qürurverici hadisələrindən bəhs edərkən Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşanın Dünya azərbaycanlılarının Zəfər qurultayına şahidlik etməsini xüsusi qeyd etməliyik.”

Millət vəkili bildirib ki, hər bir ölkənin inkişafında iqtisadi və siyasi müstəqilliyin rolunu önə çəkən ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycanda yaradılan sabitlik ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoydu: “Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi və siyasi mövqeyi daha da möhkəmləndi. Ölkəmizin etibarlı tərəfdaş kimi tanınması əməkdaşlığın coğrafiyasının genişlənməsinə, regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına səbəb oldu. Bu fikir daim böyük inamla qeyd edilir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq mövqeyinin hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi. Dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır.”

“Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini bir yazıda əhatə etmək mümküm deyil. Reallıq budur ki, Onun şah əsəri olan müasir müstəqil Azərbaycan dünyaya Günəş kimi doğdu. Ümummilli Lider, eyni zamanda, 2003-cü ildə xalqa tarixi müraciəti ilə Azərbaycanın tarixi Zəfərinin əsasını qoydu. Belə ki, cənab İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili Azərbaycanın Qələbəyə hazırlığına, torpaqlarımızın işğaldan azad edilməsinə yönəldi. Ölkəmiz bütün sahələrdə uğurlu nəticələrə nail oldu. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. İki il bundan öncə möhtəşəm Qələbəmiz tarixi ədaləti bərpa etdi, 30 illik işğala son qoydu, yeni reallıqlar yaratdı. Hazırda Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Tezliklə Böyük Qayıdış proqramı uğurla başa çatacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyacaq”,- deyə Malik Həsənov bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki