image-thumb-2backend

Mehriban xanım Əliyevanın fəaliyyətinin başlıca amalı Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır

image-reklam_sirab_01
Milli Məclisin deputatı Elnur Allahverdiyev

– Elnur müəllim, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dünya miqyasında Azərbaycanın tanıdılması prosesinə töhfələri misilsizdir. Mehriban xanımın çoxşaxəli fəaliyyətinin dəyişməz olan, uğurlarının davamlılığını təmin edən, xalqın sevgisini qazandıran prinsipləri barədə fikirlərinizi bilmək istərdik…

– Mehriban xanım Əliyevanın həm ölkə hüdudlarından kənarda, həm də ölkə daxildəki fəaliyyətinin başlıca amalı Azərbaycanın şərəfli tarixi, rəngarəng mədəniyyəti və incəsənətini, zəngin dövlətçilik ənənələrimizi, istedadlı xalqımızın dünəni və bu günü barədə həqiqətləri dünyaya çatdırmaqdır. Bu, olduqca məsuliyyətli, savad, bacarıq, dünyagörüşü tələb edən işdir. Çünki söhbət nəticə etibarilə ölkəmizin və xalqımızın dünyada formalaşan reputasiyası, imicindən gedir. Bu, bacarıqlı və eyni zamanda, incə düşünülmüş təbliğati prosesdir ki, bu gün hər birimiz bu fəaliyyətin nə qədər uğurlu olduğunun şahidiyik. Mehriban xanımın Azərbaycanı dünyada təbliğ edən aksiyalara rəhbərliyi bir növ əsasında bizim mədəniyyətimizin, incəsənətimizin, musiqimizin, idmanımızın, görkəmli simalarımızım tanıdılması duran diplomatiyadır.

Biz bu fəaliyyətin vacibliyi və əhəmiyyətini 44 günlük Vətən müharibəsi ərzində və sonra xüsusilə hiss edirik. Çünki sirr deyil, hər birimiz bilirik ki, dünyada erməni amilinin təsirindəndirmi, yaxud hər hansı təəssübkeşlikdəndirmi, – bizim uğurlarımızı gözləri götürməyənlər çoxdur. 30 ildir torpaqlarımız işğalda idi, həmin dünya dövlətləri ermənilərdən özlərinin BMT Təhlükəsizlik Şurası səviyyəsində qəbul etdikləri qətnamələrin icra olunmasını tələb edə bilmirdilər, etmirdilər. Ərazilərimizin işğalına, yüzminlərlə soydaşımızın öz torpağında məcburi köçkün həyatı yaşamasına göz yumurdular. İndi təsəvvür edin ki, Mehriban Əliyevanın rəhbərliyi altında dünyada, xüsusilə də Avropada aparılan təbliğat işi nəticəsində xalqımız haqqında formalaşmış sivil, bəşəri ideayalara əsaslanmış təəssürat olmasa idi müharibə vaxtı bizə hansı təzyiqlər olardı? Biz Mehriban xanımın sivilizasiyalararası, dinlərarası dialoq, dini dözümlülük istiqamətində etdiyi təşəbbüsləri unutmamalıyıq. Məhz bu addımlar Azərbaycanın xüsusilə Qərbdə müasir, sivil, qabaqcıl dövlət olması barədə aydın təsəvvürlərin yaranmasına səbəb olub.

Mehriban xanım Əliyevanın həm dövlətçilik sahəsində, həm humanitar missiyasındakı fəaliyyətində başlıca fəlsəfə fikrimcə, müasir və eyni zamanda, tarixinə, mədəniyyətinə bağlı qadın imicini, obrazını təcəssüm etdirir. Azərbaycan qadını savadlıdır, qabaqcıldır, elmlidir və eyni zamanda, keçmişinə, bağlı, ailəsinə qayğı və nəvazişi ilə seçilən qadındır. Məsələn, Prezident cənab İlham Əliyevin azad olunmuş rayon və kəndlərimizə səfərlərini götürək. Mehriban xanım bütün səfərlərdə cənab Prezidenti müşayət edir. Bu, həm torpağa sevgidir, həm də azərbaycanlı ailəsi necə olmalıdır, – buna bir nümunədir. Sualınıza cavab olaraq deyə bilərəm ki, bütün bunlar bir məcmu halda xalqın sevgisinə səbəb olan amillərdir.

– Ölkəmizdə idarəçilik sistemində həyata keçirilən  yeniləşmənin, təkmilləşmənin təsdiqi olaraq vitse-prezidentlik institutunun yaradılması, Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi bugünkü uğurlarımıza necə təsir etdi?

– Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasını şərtləndirən amillər var. Təbii ki, Vətənə sədaqət, milli dəyərlərə hörmət bunların ən əsaslarıdır. Sırf professional nöqteyi-nəzərdən baxdıqda, Mehriban xanım 2005-2017-ci illərdə Milli Məclisin deputatı olaraq uğurlu fəaliyyəti ilə yadda qalıb. Mehriban xanım Əliyeva Cənubi Qafqazın ən iri siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının sədr müavinidir, ölkəmizdə və xaricdə çoxsaylı humanitar aksiyaları reallaşdırmış Ümummilli lider Heydər Əliyevin adını daşıyan fondun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü kimi zəngin təcürbəyə malikdir. Mehriban xanım təhsil, mədəniyyət kimi strateji sahələrdə çoxsaylı layihələrin təşəbbüskarıdır, həssas əhali qruplarına qayğıkeş münasibət, qazi və şəhid ailələrinin problemlərinin həlli istiqamətindəki uğurlu fəaliyyəti ilə tanınıb. Humanizm və çeviklik, qayğıya ehtiyacı olanlara ana nəvazişi Mehriban xanım Əliyevanın fəaliyyətində ehtiva olunan başlıca keyfiyyətlərdir. Bütün bu amillərin artıq dövlət vəzifəsində reallaşdırılması təbii ki, idarəetmə prosesində bir yenilikdir, keyfiyyətcə yeni mərhələnin göstəricisdir.

Mən sualınıza cavab kontekstində daha bir məqama xüsusi toxunmaq istəyirəm. Son illər ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli və köklü islahatların əsas istiqamətlərindən biri kadr islahatlarıdır. Çünki siyasətin də, iqtisadiyyatın da, humanitar həyatın da uğuru bacarıqlı kadr seçimindən asılıdır. Bu gün Azərbaycanın sürətlə dəyişən, müasir dünya ilə ayaqlaşa bilməsini təmin edən prioritet faktor insan kapitalı və kadr potensialıdır. Söhbət modern təhsilli, qabaqcıl dünyagörüşlü kadrlardan gedir. Indi gəlin baxaq, son illər ərzində mühüm, aparıcı vəzifələrə nə qədər belə gənclər təyin olunub, nə qədər yeni kadra cənab Prezident tərəfindən etimad göstərilib. Bu kadrların bir qismi, hətta deyərdim ki, əsaslı qismi Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunda çalışıblar. Onların idarəçi kimi formalaşmalarında Mehriban Əliyevanın böyük zəhməti var. Fikirmcə, əgər biz dövlət idarəçiliyində yeniliklərdən danışırıqsa, bu məqamı xüsusilə vurğulamalıyıq.

– Mehriban xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin zəngin  irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti olmaqla yanaşı, həm də Ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavinidir. Paralel şəkildə həyata keçirilən bu iki fəaliyyəti necə dəyərləndirirsiniz?

– Hər iki fəaliyyət olduqca uğurludur. Mən sizin öncəki suallarınızda qismən də olsa Mehriban xanımın Heydər Əliyev Fondundakı fəaliyyətinə, bu fondun xalqımızın və dövlətimizin həyatında oynadığı nəcib rola toxundum. Həm partiyamız, həm də Heydər Əliyev Fondunun fəaliyyətinin qayesini Ümummilli liderin bizə bəxş etdiyi irs, ənənə, təcürbə təşkil edir. Partiya siyasi təşkilatdır və təbii ki, burada söhbət siyasi, dövlətçilik, idarəetmə irsindən gedir. Heydər Əliyev Fondunun fəaliyyəti isə Ulu öndərin elan etdiyi və həyatı boyu əsas tutduğu humanizm, xalqa sevgi, tarixə sayğı, mədəniyyətə qayğı prinsiplərinə əsaslanır. Arxada qalan illər nümayiş etdirir ki, Mehirban xanımın hər iki sahədə fəaliyyəti tədqirəlayiqdir.

– Mehriban xanımın bu gün ölkə Prezidenti cənab İlham Əliyevlə birgə Azərbaycanın daha da qüdrətlənməsi, tarixi Zəfərimizin nəticələrinin möhkəmləndirilməsi  istiqamətində  səyləri xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Əgər mədəniyyət sferasından söz düşərsə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaya səs salan, yenidən ənənəyə çevrilən “Xarıbülbül” musiqi festivalının xalqımızda yaratdığı hissləri və dünyaya ünvanladığı mesajları  necə xarakterizə edərdiniz?

– Bu festivaldan öncə gəlin Qarabağımızın bir növ brendi olan, bu 30 ildə işğal edilmiş torpaqlarımızın mütləq qaytarılacağına təskinlik aldığımız muğamımızdan danışaq. Muğama marağın artmasında, muğam sənətinin bir növ dirçəlməsində, yeni istedadlı xanəndələr nəslinin yetişməsində, muğamın beynəlxalq tanıtımında Mehriban xanım misilsiz xidmətlər göstərib, tarixi rol oynayıb. İndi baxırıq Şuşamıza, Ağdamımıza və düşünürük ki, nə yaxşı ki, muğamımızı itirməmişik, yaşatmışıq. Axı “Xarıbülbül” festivalı bir növ elə muğamın özüdür! Bu festival mədəniyyətdən daha çox tarixdir, yaddaşımızın bərpasıdır, düşmənlərimizə gözdağıdır. Bu baxımdan, şübhəsiz ki, Şuşanın azad olunmasından cəmi bir neçə ay sonra belə bir mədəni-tarixi tədbirin keçirilməsi Azərbaycanımızın, xalqımızın böyük qələbəsi və dünyaya verilən mühüm mesajdır. Bu mesaj ondan ibarətdir ki, Qarabağ hər zaman Azərbaycan olub, bu gün də Azərbaycandır. Fikrimcə, Azərbaycanda hər bir vətəndaş əmindir ki, qarşıdakı illərdə sərhədlərimizin möhkəmlənməsi, torpaqlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı Qarabağın Azərbaycan olduğunu dünyaya çatdıracaq belə mədəniyyət hadisələrini çox görəcəyik və bir daha azərbaycanlı olduğumuzla fəxr edəcəyik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki