image-5794b717-e8c7-47d9-a04a-6c7c24db341dbackend

Milli maraqlarımızın müdafiəsi ən ali dəyərdir

image-reklam_sirab_01

 

Prezident İlham Əliyevin xarici siyasət kursunun uğurları müstəqil dövlətçiliyimizin inkişafında böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə dövlət başçısının əldə etdiyi uğurlar bütün dünyaya məlumdur. Erməni təxribatının qarşısını almaq üçün Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən başlayan zəfər yürüşü nəticəsində düşmənin darmadağın edilməsi heç vaxt yaddaşlardan silinməyəcək. Zəfərlə başa çatan 44 günlük haqlı savaşımız diplomatiya meydanında da böyük uğurlara çevrildi. Məhz buna görə də danışıqların şərtlərini Azərbaycan tərəfi diktə etdi. Başqa sözlə, Prezident İlham Əliyev işğala əsaslanan və uzun illər davam edən status-kvonu dəyişməyi bacardı.

Ali Baş Komandanımız öz prinsipiallığını və qəti əzmini dünyaya nümayiş etdirərək Ermənistanın havadarları tərəfindən olan təzyiqlərin və təhdidlərin də öhdəsindən layiqincə gəldi və bütün dünyaya güclü, qüdrətli lider olduğunu bir daha sübut etdi.

Torpaqlarımızın azadlığı uğrunda savaşın ilk günlərindən xalqımız öz liderinin – Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Bu, dövlətimizin başçısının 17 il ərzində insanların dərin rəğbətini qazanmasının parlaq sübutu idi. Vətən müharibəsindəki möhtəşəm Qələbə ölkə başçısı İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında Müzəffər Sərkərdə, diplomatik cəbhədə isə böyük strateq nümunəsi sərgilədi. Bütün bunların nəticəsidir ki, 44 günlük hərbi əməliyyatlar ərzində heç bir beynəlxalq təşkilat Ermənistanın müdafiəsinə qalxmadı. Azərbaycan isə bütün dünyaya BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünün suveren hüquqlarını qoruduğunu, ölkəmizin təcavüzə məruz qalan dövlət kimi özünümüdafiə haqqını gerçəkləşdirdiyini və buna görə kiminsə onun haqq mübarizəsini əngəlləmək gücündə olmadığını bəyan etdi. Bu məqamda xatırladaq ki, savaş günləri ərzində Fransa istisna olmaqla, dünyanın heç bir dövləti açıq şəkildə Ermənistanın müdafiəsinə qalxmadı. Beləliklə, Ermənistan siyasi baxımdan beynəlxalq ictimaiyyətdən dəstək almadı və bütün bunların fonunda dünya işğalçının məhz Ermənistan olduğunu gördü.

Prezident İlham Əliyev müharibə dövründə 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Dövlətimizin başçısı həmin müsahibələri ilə dünya ictimaiyyətində Qarabağ problemi, habelə bu münaqişənin hüquqi aspektləri haqqında aydın təsəvvür yaratdı. Başqa sözlə, Ali Baş Komandan İlham Əliyev beynəlxalq müstəvidə Qarabağın və Şərqi Zəngəzurun məhz tarixi Azərbaycan torpaqları olduğunu faktlarla sübut etdi.

Bununla da dövlət başçısı İlham Əliyevin hakimiyyəti dövründə həyata keçirdiyi müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində işğalçı Ermənistanın təcavüzkar, məkrli planları alt-üst oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz, qəhrəman əsgər və zabitlərimiz düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızı azad edərək xalqımıza möhtəşəm Qələbəni ərməğan etdi. Yurdundan didərgin düşən yüzminlərlə soydaşımızın doğma ata-baba yurduna qayıdış ümidləri reallığa çevrildi.

Postmüharibə dövründə Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara ənənə halını almış səfərləri həm də erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş rayonlarımızın yenidən qurulması layihələri ilə bağlı yerində qərar qəbul etmək məqsədi daşıyır. Dövlət başçısının tapşırığı əsasında hazırlanan baş planlar işğaldan azad edilmiş yaşayış məskənlərinin müasirliklə tarixiliyin sintezinə əsaslanan şəhərsalma-arxitektura elementləri əsasında bərpasına və yenidən qurulmasına imkan yaradır.

Beləliklə, Ali Baş Komandan olaraq Prezident İlham Əliyev eyni vaxtda həm döyüş, həm də informasiya cəbhəsində mahir Sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə etdi. Bu gün qalib ölkəmizin başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın ürəyindən xəbər verir. Ən əsası, cənab İlham Əliyev məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoyur. Bir daha sübut olunur ki, milli maraqlarımızın müdafiəsi Prezident İlham Əliyev üçün ən ali dəyərdir.

 

Cavid Əkbərov – araşdırmaçı-jurnalist

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki