image-adilbackend

Milli Məclis sədrinin müavini Adil Əliyev: “Vətəndaşlarla sıx təmas, sosial ədalət, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə icra başçılarının fəaliyyəti üçün əsas prinsiplər olmalıdır”

image-reklam_sirab_01

Milli Məclis sədrinin müavini Adil Əliyev: “Vətəndaşlarla sıx təmas, sosial ədalət, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə icra başçılarının fəaliyyəti üçün əsas prinsiplər olmalıdır”

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkədə kadr islahatlarını uğurla davam etdirir. Prezidentin 25 iyul 2022-ci il tarixli sərəncamları ilə Masallı, Lerik və Göygöl rayonlarının yeni icra hakimiyyəti başçıları təyin edilib. Təyinat münasibəti ilə yeni icra başçılarını qəbul edən Azərbaycan Prezidenti bir daha ölkədə aparılan islahatların, xüsusən kadr islahatlarının davam edəcəyini qətiyyətlə  bildirib və islahatların əsas hədəflərini bəyan edib, yeni kadrlardan gözləntilərini açıq və birmənalı surətdə ifadə edib.

Ölkə Prezidenti bəzi kadrların, o cümlədən bir neçə rayonun İcra Hakimiyyəti başçısının onlara göstərilən etimadı doğrultmadıqlarını, işlərində ciddi nöqsanlara yol verdiklərini və üzərlərinə düşən vəzifələri lazımınca yerinə yetirmədiklərini diqqətə çatdırıb. Bir neçə belə icra başçısı məsuliyyətə cəlb olunmuş, barələrində cinayət işi qaldırılmış və məhkəmə hökmü verilmişdir. Rüşvətxorluq və korrupsiya əməllərinə yol verən kadrlara qarşı barışmaz mübarizə aparılır. Cinayət məsuliyyətinə cəlb edilmiş kadrlar və icra başçıları da buna nümunədir. Bununla belə, bəzi məmurlar yenə də qanunsuzluqlara yol verir və ölkə başçısının xəbərdarlıqlarına baxmayaraq, köhnə vərdişlərindən əl çəkmirlər.

Qeyd edilənləri nəzərə alaraq, ölkə Prezidenti Masallı, Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarına və onların simasında digər məmurlara öz tapşırıq və tövsiyələrini verib, neqativ hallara yol verilməməsi, korrupsiya və rüşvətxorluğun bağışlanılmaması barədə bir daha xəbərdarlıq edib. İcra başçılarına verilən əsas tövsiyələrdən biri onların təyin olunduqları rayonların ərazisində, xüsusən kənd yerlərində vətəndaşlarla müntəzəm təmasda olmaq, onların problemləri ilə yerində və yaxından maraqlanaraq, həlli istiqamətində çalışmaq idi. Prezidentimiz onu da vurğulayıb ki, rayonun imkanları xaricində olan problem və məsələlərin həlli üçün Prezident Administrasiyası, Nazirlər Kabineti və digər qurumlara müraciət edilməlidir. Amma ilk növbədə çalışmaq lazımdır ki, problemlər yerində və mümkün qədər rayonun daxili imkanları hesabına həll olunsun. Bu da yerli icra hakimiyyəti orqanlarından işə məsuliyyətlə yanaşmaq və can yandırmaq tələb edir.

Prezidentin digər tövsiyəsi icra hakimiyyəti başçılarının öz fəaliyyətlərində sosial ədalət prinsipinə riayət etmələri barədədir. Sosial ədalət, ümumiyyətlə, ədalət prinsipləri cəmiyyətdə əsas prinsiplərdən biridir. Ədalətin hökm sürdüyü yerdə isə sağlam cəmiyyət formalaşır. Sosial ədalət cəmiyyətimizdə həmrəyliyin möhkəmlənməsi baxımından da zəruri şərtdir. Sosial ədalət olmadan cəmiyyətdə tam həmrəyliyə nail olmaq mümkün deyildir. Çox sevindirici haldır ki, bu gün Azərbaycan cəmiyyətində həmrəylik hökm sürür, xalq-iqtidar birliyi günü-gündən möhkəmlənir. Daxilimizdə olan bu möhkəm həmrəylik beynəlxalq miqyasda mövqelərimizin güclənməsi və xarici siyasətimizin uğurlu olması üçün ciddi təməl kimi çıxış edir və münbit zəmin yaradır.

Məhz ölkə daxilində möhkəm həmrəylik, iqtidar-xalq birliyi və uğurlu xarici siyasət sayəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuz 44 günülük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Bununla bağlı ölkə Prezidenti qeyd edib ki, “heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub”. Təəssüf ki, müharibə itkisiz olmur, Vətəni şəhid vermədən azad etmək, qorumaq olmur. Ona görə də canını Vətən uğrunda fəda edən şəhidlərimizin ailələri, sağlamlıqlarını itirmiş qazilər və müharibə əlilləri daim hər bir vətəndaşımızın, dövlət məmurlarının və xüsusən də rayon icra hakimiyyəti orqanlarının diqqət mərkəzində olmalıdırlar.

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlamağı rayon icra hakimiyyəti başçıları üçün bir daha prioritet istiqamətlərdən biri olaraq müəyyən edib, onlara öz fəaliyyətlərində vətəndaşlarla sıx təmasda olmaq, sosial ədalət və şəffaflıq prinsiplərinə riayət etmək, korrupsiya və rüşvətxorluqla mübarizə aparmağı qətiyyətlə tapşırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki