image-ramilbackend

Milli Məclisinin deputatı Ramil Həsən 1 illik gördüyü işlərin hesabatını təqdim etdi 

image-reklam_sirab_01
Vətənimiz Azərbaycan üçün ötən dövr mühüm və əhəmiyyətli iqtisadi hadisələrlə yadda qaldı. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası, “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi və qayıdışın başlaması ölkəmiz üçün mühüm hadisələrdir. Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına, eyni zamanda yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş torpaqlarımızın bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası, yüksək səviyyəli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsi ilə nəticələnəcəkdir. Bütün bunlara, əlbəttə ki, qətiyyətli, uzaqgörən siyasi rəhbərin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bilik və bacarığı, vətənimiz üçün yorulmaz fəaliyyəti, eyni zamanda I vitse-prezident Mehriban xanım Əliyevanın ölkə başçısı ilə daim çiyin-çiyinə dayanaraq göstərdiyi mənəvi dəstəyin sayəsində nail olduq.
Vurğulamaq istərdim ki, ötən ildə olduğu kimi, bu hesabat dövründə də vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında yerli icra hakimiyyəti orqanları və aidiyyəti qurumlarla əməkdaşlığımız sayəsində bir çox məsələlərin həllinə vaxtında nail olmuşuq.
Qeyd edim ki, Ucar rayonundan Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputat olaraq fəaliyyət göstərməyim üçün Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərargahının inzibati binasında tam şərait yaradılmış, rayon sakinlərinin qəbul edilməsi təmin olunmuşdur. Hakim partiyanın namizədi kimi parlamentdə təmsil olunduğum üçün fəaliyyətimin ən önəmli istiqaməti Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərinin və Möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında son 20 il ərzində qazanılan, müasir dünya tərəfindən qəbul olunan uğurların seçicilər arasında təbliği təşkil edir.
Deputat kimi fəaliyyətə başladığım ilk gündən etibarən çalışmışam ki, seçicilərin qaldırdığı məsələlərə diqqətlə yanaşaraq hər bir vətəndaşın, hər bir seçicinin üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün əlimdən gələni əsirgəməyim. Ötən dövr ərzində seçicilərimlə sıx təmasda olmuş, 328 nəfərin müraciətini telefon danışığı vasitəsilə, 2022-ci ilin dekabr ayının sonunadək 230 nəfərin, 2023-cü ilin yanvar, fevral və mart aylarında 189 nəfər olmaqla dinləmiş, beləliklə də ümumilikdə 419 nəfərin şifahi müraciətini dinləmişəm.
Hesabat dövrü ərzində seçicilərimlə rayon mərkəzində və kəndlərdə 11 səyyar görüş keçirilmiş, ümumilikdə 825 nəfər tərəfimdən dinlənilmiş və hər bir seçicinin müraciəti qanunamüvafiq olaraq cavablandırılmışdır. Sosial şəbəkələr vasitəsilə 326 nəfərin, yazılı olaraq isə 138 nəfərin müraciəti tərəfimdən araşdırılaraq aidiyyəti qurumlara məktublar ünvanlanmışdır. Onu da qeyd edim ki, deputat qərargahıma vətəndaşlar tərəfindən telefon əlaqəsi vasitəsilə 328, şifahi olaraq isə 419 müraciət edilmişdir.
Vətəndaşların problemlərinin həlli istiqamətində mümkün olan variantlar araşdırılmış, həll olunması imkanım daxilində olan məsələlər isə səlahiyyətim çərçivəsində icra olunmuş və ya nəzarətdə saxlanılmaqla aidiyyəti qurumlara ünvanlanmışdır.
Xüsusi olaraq diqqətə çatdırılmalıdır ki, əhalinin üzləşdiyi çətinliklər, əsasən işsizlik, kəndlərdə su çatışmazlığı, kənd yollarının vəziyyəti, kəndlərdə internet şəbəkəsinin çox aşağı səviyyədə olması, elektrik xətlərinin və elektrik dirəklərinin nasaz olması, Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində mərkəzi şosse yolunun işıqlandırılmaması, Ucar şəhərində küçə işıqlandırılması və şəhərin elektrik təsərrüfatının yararsızlığı ilə bağlı problemlər, mavi qaz yanacağı olmayan ərazilərə (Küçəkənd kəndi ərazisində Neftaşıran qəsəbəsi adlanan məhəllədə yaşayan sakinlərin evləri, Qulabənd kəndi ərazisində 16 mənzilli “pambıqzavod” yaşayış binası,) qaz xəttinin çəkilişi və Tibbi Sosial Ekspert Komissiyasının ərazi idarəsinin fəaliyyəti ilə bağlı olmuşdur. Onu da qeyd edim ki, ötən dövr ərzində qaz çəkilişi ilə bağlı seçicilər tərəfindən qaldırılmış məsələlərdən biri olan Ucar rayonunun Şahlıq kəndinin qazlaşdırılması ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir.
Hesabat ili müddətində 2036 seçicidən müraciət qəbul etmişəm, bu müraciətlərdən 78 %-i müsbət həllini tapmış, 2 %-i hazırda icraatda olan, 20 % isə əsassız müraciətlər olmuşdur. Vətəndaş qəbulu zamanı seçicilərin müraciətlərinin 24 %-i infrastruktur, 18 %-i təmir-tikinti, 19 %-i şəxsi problemlər, 36 %-i sosial problemlər, 2 %-i səhiyyə və 1 % hüquqla bağlı müraciətlər olmuşdur. Onu da qeyd edim ki, təkcə seçildiyim dairənin seçicilərinin deyil, başqa dairələrdən olan şəxslərin də məktub və müraciətlərinə xüsusi diqqətlə yanaşıram. Belə müraciətlərə misal olaraq Ağdaş, Göyçay, Abşeron rayonlarından, həmçinin Bakı şəhərindən daxil olan müraciətləri göstərə bilərəm.
Ötən dövr ərzində Milli Məclisin plenar iclaslarında seçicilərimin mənə ünvanladığı müraciətlərə əsasən, Ucar rayonundakı su çatışmazlığı, meliorativ tədbirlərin aparılmaması, kənd yollarının asfaltlanması, tibbi sosial ekspert komissiyalarının fəaliyyəti, rayonun bir neçə kəndində internet şəbəkəsinin olmaması, həmçinin respublikanın bütün regionlarına aid olan gənc ailələrin yaşayış evlərinin elektrik enerjisi ilə təminatında yaranmış çətinlikər barədə mütəmadi olaraq tərəfimdən məsələlər qaldırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində uğurla həyata keçirilən tədbirlərə dəstək olaraq 91 saylı Ucar Seçki Dairəsindən seçilmiş millət vəkili olaraq təşəbbüsüm əsasında yaradılmış müxtəlif yardım aksiyalarında, 2022-ci ilin mart ayında “Novruz bayramı” ərəfəsində ümumilikdə 143 şəhid, qazi və aztəminatlı ailəyə ərzaq yardımı, yuyucu vasitələr və uşaqlar üçün oyuncaqlar verilmişdir.
Aprel ayında Ramazan bayramı ilə əlaqədar şəhid, qazi və aztəminatlı ailələrə ümumilikdə 95 ailəyə ərzaq yardımı, iyul ayının 08-10 tarixində Qurban bayramı günlərində 190 şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatları verilmişdir.
Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə bağlı 25 oktyabr 2022-ci ildə 100 aztəminatlı ailənin övladına məktəbli geyimi və ayaqqabı dəsti, həmçinin 80 aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir. 26 dekabr tarixində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı ərəfəsində 170 nəfər Birinci Qarabağ Müharibəsi əlili, aztəminatlı ailəyə, eləcə də xüsusi qayğıya ehtiyacı olan insanlara ərzaq yardımları edilmiş, əlavə olaraq ailələrin hər birinin sosial vəziyyəti ilə maraqlanılmışdır. Başladılmış yardım aksiyaları 2023-cü ildə də davam etdirilməklə, cari ilin fevral ayında 1-ci qrup Qarabağ müharibəsi əlili Babayev Familin müalicəsi məqsədilə maddi yardım göstərilmiş, 100 nəfər azyaşlı uşağa isə ayaqqabı və isti gödəkçə verilmişdir.
09 mart 2023-cü ildə Ucar rayonunun Yuxarı Çiyni kəndində vətəndaş qəbul zamanı müraciət edən kənd sakini Şirinova Şamama Əziz qızına maddi yardım edilmiş, eyni zamanda Ə.Məmmədxanlı kəndində şəhid Bəxtiyar Quliyev adına küçənin abadlaşdırılmasına dəstək verilmişdir. Bundan əlavə 16-20 mart 2023-cü il tarixləri aralığında, Novruz bayramı ərəfəsində 160 şəhid, qazi və aztəminatlı ailənin evi ziyarət edilərək bayram sovqatı olaraq ərzaq bağlaması çatdırılmışdır.
Ümumilikdə hesabat dövründə müxtəlif zamanlarda keçirilən yardım aksiyalarında 1038 ailəyə baş çəkilərək ərzaq sovqatları çatdırılmışdır.
image-1 image-2
Yeri gəlmişkən, xoşməramlı yardım aksiyası təşəbbüsümə qoşularaq fəaliyyətimə hər zaman dəstək verən “Hünər” Şirkətlər Qrupunun, “İnvestAz” Qrupunun, Missiya Media Qrupunun, “For Azerbaycan” təşkilatının, “Sirab” Şirkətinin və xeyirsevər insanların əməyini də xüsusi vurğulamaq istəyirəm.
Hesabat dövründə televiziyalar, elektron və yazılı mətbuat orqanları ilə mütəmadi əməkdaşlıq etmiş, eləcə də sosial şəbəkələrdə fəallıq göstərərək şəbəkə istifadəçiləri ilə sıx təmasda olmuş, respublikada və eləcə də dünyada baş verən aktual məsələlərlə bağlı mütəmadi olaraq fikirlərimi bildirmişəm. Belə ki, elektron mediada 103 müsahibəm verilmiş, dövri mətbuatda isə 86 müsahibəm, 16 məqaləm dərc edilmiş, xarici və yerli televiziya kanallarının 46 verlişində müzakirələrə qoşulmuşam, internet televiziya kanallarında 58 müsahibə və çıxışım yayımlanmışdır.
Əlavə olaraq bildirim ki, 1 illik fəaliyyət dövrüm ərzində görülən işlər, o cümlədən daxili və xarici siyasətlə əlaqədar aktuallıq kəsb edən məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə Ramil Həsən rəsmi “facebook” və “tvitter” sosial şəbəkəsində izləyicilər üçün mütəmadi olaraq məlumat xarakterli yazılarım yerləşdirilmişdir.
Hesabatımın sonunda onu da qeyd edim ki, qarşıdakı fəaliyyət dövrüm ərzində də ölkə rəhbəri cənab İlham Əliyevin “Biz Birlikdə Güclüyük” şüarını əldə rəhbər tutaraq, seçicilərimlə daim sıx ünsiyyətdə olacaq və onların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında aidiyyəti qurumlarla birgə addımlayaraq, dövlət başçımız Möhtərəm Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, xalqa xidmət göstərəcək, xalqın hər bir nümayəndəsinin sosial rifahının yaxşılaşdırılması naminə “dövlət-xalq” birliyinin prinsiplərinə uyğun olaraq əlimdən gələni edəcəyəm.
Ramil Həsən
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki