image-modern-az-26-06-2021-1624698893backend

Milli qürur hissi ilə qarşıladığımız gün

image-reklam_sirab_01

29 ildən sonra ilk dəfədir ki, xalqımız Azərbaycan Resbublikasının Silahlı Qüvvələr Gününü  qürur hissi ilə qarşılayır. Çünki ötən il, 44 günlük Vətən müharibəsində  Silahlı Qüvvələrimiz döyüş meydanında düşməni darmadağın edib  təslim olmağa məcbur etdi. Ona görə də, işğalçı ölkənin baş naziri 10 noyabr tarixli kapitulyasiya aktını-təslimçilik sənədini imzalamağa məcbur oldu. Bu tarixi Qələbə xalqımıza təkcə torpaqlarımızı, Qarabağı qaytarmadı, 28 il ərzində sınağa çəkilən milli qürurumuzu xilas etdi. Qəhrəman Azərbaycan əsgər və zabiti sübut etdi ki, xalqımız səbrli və müdrik olduğu kimi, həm də döyüşkən xalqdır, öz haqqını və özünə məxsus olanı qorumağa qadirdir.

 

Torpaq, həqiqətən də, uğrunda ölən varsa,Vətəndir! Namus, milli qürur yalnız qorunduğu halda, onlardan danışmaq mümkündür. Şəhid və qazilərimiz canları-qanları bahasına, Silahlı Qüvvələrimiz şücaəti və fədakarlığıyla bütün dünyaya sübut etdilər ki, Azərbaycan övladı öz Ana Vətənini, namusunu və milli qürurunu təkcə ermənidən yox, istənilən düşməndən qorumağa qadirdir! Allah bütün Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və uzun ömür versin. Uca Tanrı Müzəffər Ali Baş Komandanımıza və Silahlı Qüvvələrimizə həmişə yar olsun!

 

Prezident İlham Əliyev 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə bir qrup hərbçini Vətən müharibəsində göstərdikləri şücaətə görə orden və medallarla təltif etdi, yüksək dövlət mükafatlarına layiq gördü. Prezident fərmanı ilə şəhid ailələri və qazilərlə bağlı vahid əlaqələndirmə Mərkəzi yaradıldı, azad olunmuş ərazilərdə xidmət göstərən hərbçilərin maaşlarına  əlavələr nəzərdə tutuldu, maaşları artırıldı. Tarixi ədalət həm də ondadır ki, Qarabağı işğaldan azad edən Silahlı Qüvvələr bayramının-26 iyun tarixinin təsis olunmasının altında  məhz Ümummilli Lider Heydər Əliyevin imzası dayanır. Ulu Öndərin 1998-ci il 22 may tarixli Sərəncamı ilə dövlətçilik ənənələrimizə, tarixi varislik prinsipinə dəyər verilərək Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün-1918-ci il iyunun 26-sı dövlət bayramı kimi tariximizə yazılıb.

 

Torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında qalmasının səbəbləri xalqımıza yaxşı məlumdur. Bu dövrdə beynəlxalq səviyyədə üzləşdiyimiz haqsızlıqlar, vasitəçilərdən bəzilərinin tərəfkeşliyi, Ermənistanın həyasızlığına və siyasi-hərbi təxribatlarına göz yumulması, torpaqlarımızın işğal faktı ilə barışmağımıza xaricdən yönələn təklif və təzyiqlər cəmiyyətimizə artıq məlumdur. O da məlumdur ki, BMT kimi ali beynəlxalq təşkilatın ayrı-ayrı ölkələrlə bağlı qətnamələri cəmi bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana aid olan məlum dörd qətnaməsindən heç biri 27 il ərzində yerinə yetirilmədi. Özümüzdən başqa heç kim işğalçı Ermənistanı məcbur etmədi, yaxud etmək istəmədi ki, beynəlxalq qanunlara hörmət et, qətnamələri yerinə yetir. Dövlətimiz özü işğalçını məcbur etməli oldu. Milli qürur hissi ilə qarşıladığımız bu bayram günündə hələ də ara-sıra davam etdirilməsinə təşəbbüs göstərilən çətinlikləri yenidən yada salıb, bayram ovqatnı korlamaq istəmirəm. Lakin bu acı həqiqətlər Qələbəmizin, təhlükəsizliyimizin qorunması naminə heç vaxt unudulmamalıdır.

 

Azərbaycan xalqının böyüklüyü həm də unutqan olmamasıdır. Biz hamımız  həqiqətləri bilirik, bildiyimizə görə də onları tariximizdə əbədi yaşatmalıyıq. Heç vaxt unutmamalıyıq ki, tarixi Qələbəmizin təməlində Şəhid və qazilərimizin canı-qanı, Silahlı Qüvvələrimizin cəsarəti  və fədakarlığı, bu övladları yetişdirən xalqımızın birliyi, xarici qüvvələrin çoxsaylı təhdid və təzyiqlərinə məhəl qoymadan, Azərbaycan xalqını bugünkü Qələbəyə gətirib çıxaran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Sərkərdə qətiyyəti dayanır. Bunları bilirik, daha çox bilməliyik və  hamımız bir yerdə bu dəyərləri qorumalı, daha diqqətli olmalıyıq. Həzrət Əli (ə) deyir ki: “Cəsarət on hissəlidir, biri qorxmamaq, doqquzu diqqət və ehtiyatdır”.

 

Ülvi Quliyev

Milli Məclisin deputatı

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki