image-64jpg-1681124900backend

Möhkəmlənən mövqeyin nümayişi

image-reklam_sirab_01

“11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərindən 5 il keçir. Ölkəmizin həyatında əlamətdar olan hər bir hadisə daim keçilən yolun təhlili fonunda qarşıdakı dövrün hədəflərinə diqqət yetirməyi bir tələbə çevirir. Seçkilərin növbədənkənar keçirilməsi özündə bütün məqamları, çağırışları ehtiva edib. Belə ki, Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsi, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulması, xalqın hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılması üçün növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir. 11 aprel 2018-ci il prezident seçkiləri Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Cənab İlham Əliyevin 20 ilə yaxın Prezidentliyi dövrünün 2003-2020-ci illəri torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq, son iki ildən çoxu bu ərazilərdə  quruculuq işlərinin aparılması mərhələsi kimi xarakterizə edilir. Ümumilikdə cənab İlham Əliyevin bu illər ərzində xalqa verdiyi hər bir vədini konkret əməldə təsdiqləməsi Prezident-xalq birliyini daha da möhkəmləndirir, sarsılmaz edir. Möhtərəm Prezidentimiz ilk gündən bəyan etdi ki, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün ulu öndər Heydər Əliyevin siyasəti davam etdirilməlidir. 20 ilə yaxın dövrün reallıqları bu vədin sözdə deyil, əməldə təsdiqidir. Prezident İlham Əliyev Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində əksini tapan inamı və etimadı uğurlu siyasəti, təkmil islahatları ilə doğrultdu.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, 2003-cü ildə Heydər Əliyev siyasətinin davamına səs verən Azərbaycan xalqı qazanılan uğurların fonunda seçimində yanılmadığını bildirir: “Azərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik, xarici siyasət sahəsində davamlı uğurları ilə diqqətdə oldu. Cənab İlham Əliyev iqtisadi tərəqqini ilk gündən bütün inkişafın əsası kimi dəyərləndirdi və belə bir çağırışı etdi ki, “Neft kapitalını insan kapitalına çevirək!”. Regionların malik olduğu potensialdan səmərəli istifadə edərək qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün Regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edilir. Dördüncü Dövlət Proqramı cənab İlham Əliyevin Fərmanı ilə 2019-cu ildə təsdiqləndi. 2019-2023-cü illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının sonuncu ilindəyik. Onu da qeyd edək ki, tarixi Zəfərimizdən sonra yeni Dövlət Proqramlarının, İnkişaf Strategiyasının təsdiqlənməsinə böyük zərurət yarandı. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” bunun bariz nümunəsidir.”

Malik Həsənov bildirib ki, qeyri-neft sektorunun inkişafına geniş imkanlar yaradan enerji diplomatiyamız da dünyanın diqqətindədir: “2003-2018-ci illərdə enerji sektorunda qazanılan uğurların davamı olaraq 2018-ci ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin sonunda isə TAP istifadəyə verildi. Son illərdə bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasının əsas hədəf olduğunu nəzərə alsaq Azərbaycanın bu sahədə qazandığı uğurlar imzalanan sənədlərdən aydın görünür. Ötən ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, Buxarestdə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin nümayişidir.”

Azərbaycanın son 5 ildə qazandığı uğurları bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirən millət vəkili qeyd edib ki, 2018-ci ilin prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirdi: “Azərbaycan xalqı görülən işlərə səs verdi. Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir. Dövlət başçısı İlham Əliyev 2018-ci il 18 aprel tarixində keçirilən andiçmə mərasimində bildirmişdir ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir: “Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm. Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir.”

Malik Həsənov belə bir ümumiləşdirməni aparıb ki, əsrə bərabər olan 20 ilə yaxın dövrün zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi dayanır: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun çoxəsrlik tariximizə yazdığı Zəfər səhifəsi xalqımızın yenilməzliyinin, məğrurluğunun təsdiqi oldu.  Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Bu reallıqlar Azərbaycanın sözünün imzası qədər əhəmiyyətini daha da artırır. İşğaldan azad edilmiş ərazilərdə sıfırdan başlayan genişmiqyaslı bərpa-quruculuq işləri ölkəmizin malik olduğu iqtisadi imkanları nümayiş etdirir. İlklərə imza atan Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə dünyaya təkmil dirçəliş modelini təqdim edir. Azərbaycanın inkişaf strategiyası real hədəflərə yönəlib.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki