Moskva vilayətinin Korolyov şəhərində Xocalı soyqırımının qurbanları anılıb.
Korolyovdakı Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə keçirilən anım mərasimində diaspor və şəhərin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimdə Xocalı, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi ehtiram və sevgi ilə yad edilib, onların ruhuna dualar oxunub.
Tədbirdə çıxış edən Korolyov şəhəri Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Şamil Vəliyev bildirib ki, Azərbaycan xalqı olaraq bu faciəni heç vaxt unutmayacağıq: “Xalqımıza qarşı törədilən bu qətliamı yeni nəsillərə çatdırmaq lazımdır. Bugünkü mərasim də bu məqsədə xidmət edir. Biz azərbaycanlılar hər zaman birlik, həmrəylik içində olmalıyıq”.
Mərasimdə çıxış edən digər natiqlər “Şəhidlər ölməz” kimi şüarlar səsləndirərək, Xocalı soyqırımının hər zaman anılacağını vurğulayıblar.