image-aaabackend

Müasir Azərbaycanın qurucusu, Xalqın xilaskarı

image-reklam_sirab_01

1993-cü ilin oktyabr ayının 3-də Azərbaycan dövləti və xalqı üçün yeni və möhtəşəm bir tarixin təməli qoyuldu. Bu tarix Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmışdır, çünki süquta uğramağa çox az qalmış, vətəndaş müharibəsi başlamış və bütün proseslərdə iflasa doğru gedən bir dövləti yenidən şahlandıran Ulu Öndər xalqın böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilir. Heydər Əliyevin hakimiyyətə gəlməsi müstəqilliyini canı və qanı bahasına qorumağa hazır olan bir xalqın mütləq tələbi idi. Əgər Ümummilli lider hakimiyyətə gəlməsəydi Azərbaycan öz müstəqilliyini itirməklə üz-üzə qalmışdı.

Ulu Öndər hakimiyyətə gəldiyi andan ölkənin inkişafı üçün uzun müddətli yol xəritələri tərtib olunmuş, yeni iqtisadi modellər üzərində çalışılmış, müharibə nəticəsində torpaqlarının 20 faizini itirmiş bir ölkənin ordusunun bərpası üçün mühüm addımlar atılmış, bir sözlə bütün sahələr üzrə strategiyalar hazırlanmış və həyata keçirilmişdir. Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində beynəlxalq mühüm layihələr həyata keçirilmişdir. O layihələr ki, həm ölkənin xarici siyasətində önəmli yer tutmuş, həm də iqtisadi olaraq dirçəlməsinə böyük töhvələr vermişdir. Xüsusilə əsrin müqaviləsi Azərbaycan tarixində özünə məxsus yer tutur. Əsrin müqaviləsi nəticəsində Azərbaycan öz neftini dünyaya çıxara bilmiş və iqtisadi gəlirlərinin kəskin şəkildə artmasına nail ola bilmişdir. Azərbaycanın yenidən müstəqillik əldə etməsindən ötən illər ərzində respublikamız Avropaya və dünya birliyinə inteqrasiya yolunda inamla irəliləyərək beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirmişdir. Hazırda müstəqil dövlətimiz beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən biridir. Qürurla deyə bilərik ki, Azərbaycan mülki cəmiyyət, hüquqi, demokratik və sivil dövlət prinsiplərini müvəffəqiyyətlə həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi tanınıb. Dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycanla hərtərəfli əməkdaşlığına maraq artmış, iri infrastruktur layihələrin həyata keçirilməsində ölkəmizin zəngin təcrübəsi beynəlxalq aləmdə örnək olmuşdur. Ulu öndər ilk növbədə elm, təhsil, mədəniyyət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsindən başladı. Çünki hər bir müvəffəqiyyətə düşünülmüş siyasətlə, savadla, biliklə, elmlə nail olmaq mümkün idi. O, kadrların seçilib-yerləşdirilməsi, işgüzar, bacarıqlı, idarəetmədə təcrübəsi olan insanları irəli çəkməklə Azərbaycanın bütün sahələr üzrə inkişafının tərəqqisinin əsasını qoydu. Ulu öndərin rəhbərliyi ilə yeridilən iqtisadi və sosial siyasət və bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsinə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi kimi müvəffəq olmaq mümkün idi.

Eyni zamanda, Ulu Öndər gənclər siyasətinin də təməlini qoymuş və bügun mövcud olan müasir, bacarıqlı gəncliyin müəllifi olmuşdur. O zamanlar Heydər Əliyev tərəfindən gənclərə verilən dəstək, gənclərin inkişafı üçün həyata keçirilən tədbirlər və təhsilli gəncliyin yetişməsi istiqamətində lazımi proseslərin həyata keçirilməsi nəticəsində savadlı, vətənpərvər gənclik ordusu yetişmişdir. Həmin gənclik Azərbaycanın inkişafında birbaşa iştirak etmiş və dövlətə sədaqətlə xidmət etmişdir. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Heydər Əliyevin Azərbaycan üçün verdiyi ən böyük töhfələrdən biri də ilk Milli Konstitusiyamızın qəbul edilməsidir. Konstitusiyanınqəbul edilməsi nəticəsində dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipinin, insan hüquq və azadlıqlarının tam qorunmasının təməli qoyulmuşdur. Məhz Ümummilli Liderin təşəbbüsləri ilə beynəlxalq  normalara söykənən hüquqi, demokratik dövlət yaradılmış, milli və mənəvi dəyərlərimiz qorunub saxlanılmış, vətəndaş cəmiyyəti formalaşdırılmışdır.

Bir sözlə Ulu Öndərin atdığı bütün addımlar Azərbaycanın gələcəyi üçün düşünülmüş, ölkənin inkişafının təməlini qoymuşdur. Heydər Əliyevin Azərbaycan üçün ən böyük hədiyyəsi isə itirilmiş torpaqları geri qaytaran, Azərbaycanı daha da uğurla inkişaf etdirən, böyük uğurlara imza atan Ali Baş Komandan İlham Əliyev olmuşdur. “Mən ona özüm qədər inanıram” dediyi İlham Əliyev Azərbaycan xalqının qanayan yarasına çarə olmuş, Azərbaycanın igid qəhrəmanları ilə birlikdə dəmir yumruqla düşmın başını əzərək torpaqlarımızı işğaldan azad etmişdir.

Yuxarıda sadalanan bütün faktlar Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi olduğunu özündə ehtiva edir. Əgər Ulu Öndər xalqın mütləq çoxluğu ilə hakimiyyətə gəlməsəydi bugün Azərbaycan adlı bir dövlətin aqibəti şübhə altında olardı. Öz həyatından və canından çox sevdiyi Azərbaycan Onun sayəsində, Onun həyata keçirdiyi və təməlini atdığı strateji addımların nəticəsində bugün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyaya səs salır, daha da sürətlə inkişaf edir. Heydər Əliyev hər zaman Azərbaycan xalqının qəlbində olacaq, çünki o bu xalqın və dövlətin xilaskarıdır!

 

Emil Aslanlı

Nəsimi rayonu İcra Hakimiyyəti yanında

İctimai Şuranın sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki