image-photo-2022-05-10-00-06-00backend

MüasirAzərbaycanın yeni inkişaf tarixinin müəllifi Ulu Öndər

image-reklam_sirab_01

Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi Ulu Öndər Heyər Əliyevdir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı uzun illər həsrətində olduğu müstəqilliyini qanı bahasına yenidən bərpa etdi: Bu, ölkəmizin və xalqımızın həyatında dönüş nöqtəsi, yeni bir tarixi mərhələ idi. Lakin təəssüflər olsun ki, bu tarixi hadisə heç də istədiyimiz nəticəni vermirdi. Müstəqilliyimizin elə ilk illərindəcə ölkəmiz çox böyük sınaqlar, çətinliklər, bəlalarla üz-üzə dayandı. O vaxtki hakimiyyətin siyasi səriştəsizliyi, idarəetmə bacarığının olmaması ölkəmizdə dərin siyasi və iqtisadi böhranın yaranmasına səbəb olmuşdu və ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaranmışdı.
Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi.
İctimai-siyasi sabitliyə nail olduqdan sonra Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində ümummilli lider tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbulu oldu: 1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı. Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim olundu.
Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi idi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi: Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı. Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti və mənfi imici aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.
Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.
İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib, regionun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə mövqeləri xeyli möhkəmlənib. Hər bir Azərbaycan vətəndaşı ölkəmizdə gedən inkişafın müsbət nəticələrini öz həyatında hiss edir”.
Talıbzadə Fatimə. YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki