image-7f4a2b82-2612-4c65-84ce-879e7ea3a99ebackend

Mühüm əhəmiyyət kəsb edən proqram

image-reklam_sirab_01

44 günlük İkinci Qarabağ müharibəsində qazanılmış Şanlı Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, tarixi ədaləti bərpa etdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində Şanlı Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin pozulmuş ərazi bütövlüyü bərpa edildi, xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşa azad olundu. Bu da Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 200 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu.

Bu savaşın xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir. Başqa sözlə, bu uğur regionun yenidən inkişafına böyük stimul verdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, Qələbənin yekunu kimi Azərbaycanın maraqlarını təmin edən tarixi sənəd imzalandı. Bu nəticənin qazanılmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün Ordumuzun və hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu vardır.

Bu gün dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlamaqdır. Artıq bu bölgələrə “Böyük Qayıdış”ın vaxtı gəlib çatıb. Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir. Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunan “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib.

Dövlətimiz artıq “Böyük Qayıdış” proqramının icrasına başlayıb. Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər yüksək səviyyədə təmin olunması əhəmiyyətli şərtlərdəndir. Bütün infrastrukturunun yaradılması – avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir.

Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması böyük əhəmiyyət kəsb edir. “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharbəsində qazandığı Zəfər nəticəsində torpaq həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimiz doğma yurdlarına qayıdırlar. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir.

Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi oldu, burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulub. Burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.

Hazırda Zəngilanda bir sıra logistik layihələr həyata keçirilir. Zəngəzur dəhlizinin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın qədim Zəngəzura yenidən qayıdışını təmin edəcəkdir. Bu dəhliz həmçinin beynəlxalq logistika marşrutları üçün əhəmiyyətli rol oynayacaqdır.

 

 

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki