image-0e276c12-7a4d-4214-8458-8867c18d7d31backend

Münxen Təhlükəsizlik Konfransı ölkəmizin beynəlxalq nüfuzunu bir daha təsdiqlədi

image-reklam_sirab_01

Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il fevralın 17-19-da Almaniya Federativ Respublikasının Münhen şəhərində 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak edib. Ənənəvi olaraq hər ilin fevral ayında təşkil edilən Münxen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu olmaqla yanaşı, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır. Builki Münxen Təhlükəsizlik Konfransında da ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilib. Bu mötəbər beynəlxalq tədbirə 800 nəfərdən çox iştirakçı rəsmi şəkildə dəvət olunub. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev ilə yanaşı, 40-dan çox ölkənin dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak ediblər. Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçıları arasında Prezident İlham Əliyevin olması Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, möhtərəm Prezidentimizə göstərilən yüksək hörmət və etimadın əyani təsdiqidir.

Konfrans çərçivəsində ölkə Prezidenti bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, rəsmi şəxslər, şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirib, “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması”adlı plenar iclasda çıxış edib, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüş keçirib və Azərbaycan televiziya kanallarına müsahibə verib.

Münxen Təhlükəsizlik Konfransının məqsəd və məramına, missiyasına diqqət yetirdikdə Azərbaycana, Prezident İlham Əliyevə böyük dəyərin verilməsini şərtləndirən amillər özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan qalib ölkədir. Dövlətimizin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün son iki ildə atdığı addımlar göz önündədir. Prezident İlham Əliyevin konfransın əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi dövlətimizin başçısının qlobal səviyyəli lider kimi şəxsiyyətinə böyük hörmətin göstəricisidir. Həmçinin ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun qəbul edilməsi, tanınmasıdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional kommunikasiya xətlərinin açılması, “Orta Dəhliz” kimi məsələlərdə ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu effektiv tərəfdaşlıqlar, Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq tədbirin maraq dairəsindədir.

Builki tədbir də ölkəmiz üçün uğurlu nəticələrlə yadda qalacaq. Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması”adlı plenar iclasda çıxış etdi. Bu iclasda Prezident İlham Əliyevlə yanaşı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak etmişlər.

Debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi.

Qeyd edildi ki, Azərbaycan xalqı müharibənin nə olduğunu bilir. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə də ölkəmiz Avrasiyada sülhün bərqərar olmasını istəyir. Öz çıxışında cənab Prezident xususi vurğuladı ki, Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu vardır. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsindəki görüşlər Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzu, ölkəmizə, onun liderinə göstərilən etimad özünü bir daha aydın şəkildə nümayiş etdirdi. Bu, həm də onun göstəricisidir ki, Azərbaycan Münxen Təhlükəsizlik Konfransının ən fəal iştirakçısıdır.

Vahid İsmayılov

Tarix üzrə fəlsəfə doktoru  

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki