image-xudubackend

Müqəddəs  an – Zəfər Günü

image-reklam_sirab_01

 

Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.

Hər il 8 may tarixini hüznlə qarşılayırdıq. Çünki həm coğrafi baxımdan, həm də mənəvi cəhətdən yüksəklikdə olan Şuşa şəhərini məhz 1992-ci ilin mayın 8-də itirmişdik. Qarabağın döyünən ürəyi olan Şuşa 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni qoşun birləşmələrinin şəhərə hücum etməsi ilə  əvvəlcə Şuşanı, ardınca yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçirmişdi.  İşğal nəticəsində Şuşa şəhəri və 30 kənd dağıdıldı. 195 nəfər dinc sakin həlak oldu, 165 nəfər yaralandı, 58 azərbaycanlı itkin düşdü, 24 mindən çox əhali etnik təmizləməyə məruz qaldı. Nəhayət, ötən ilin noyabrın 8-də Şuşa əsl sahiblərinə qovuşdu. 2020-ci ildə tarix yazan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu işğalçıları Şuşadan qovaraq bütünlükdə Qarabağı düşmən əsarətindən qurtardı. Azərbaycan Şuşanı əzəli, əbədi sahibinə qaytarmaqla tarixi ədaləti bərpa etdi. Ordumuzun Şuşa zəfəri 44 günlük Vətən Müharibəsinin dönüş nöqtəsi oldu. Şuşa azad ediləndən dərhal sonra Ermənistan ağ bayraq qaldıraraq təslim oldu, işğalçı ölkə kapitulyasiyaya imza atmaqla biabırçı məğlubiyyətini etiraf etdi. O tarixi andan artıq 6 ay keçir. Bu gün fəxr və qürur hissə ilə deyirik ki, artıq Şuşanın işğalı günü yoxdur. Tarixi şəhərimiz 8 mayı azad şəkildə qarşılayır. Azərbaycan ordusu nəinki düşməni diz çökdürərək onların 29 il qeyd etdikləri işğal “bayram”larını – 8 may gününü tarixdən sildi, Müzəffər Ali Baş Komandan əsl sərkərdəlik, siyasi iradə nümayiş etdirərək bizi həsrətində olduğumuz yurd yerlərimizə, tarixi ərazilərimizə qovuşdurdu. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzi olub. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdə yeri tamamilə başqadır. Şuşa Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır desək yanılmarıq. 29 ildən sonra ilk dəfədir ki, 8 may tarixini Şuşanın işğal edildiyi gün kimi yox, işğaldan azad olunan, tikilən, qurulan və Azərbaycanın mədəniyyət paytaxtı kimi qarşılayırıq. Bu il ermənilərin təqvimdə Şuşanın zəbt edildiyi gün kimi qeyd etdikləri 8 mayı hüznlə deyil, sevinclə yaşayırıq. İşğal gününün ötən il 21-ci əsrin müharibəsini aparan ordumuz tərəfindən tarixin zibilliklərinə atılması gələcək nəsilləri də qürurlandıracaq! Azərbaycan illərlə səbirli, əzmli şəkildə güclənərək iqtisadi-hərbi potensialını artırmaqla Şuşanın, ümumilikdə Qarabağın azad edilməsinə doğru irəlilədi. Nəhayət, bu tarix yaşandı, indi dünyanın aparıcı ölkələri Azərbaycan Ordusunun məhz Şuşada reallaşdırdığı hərbi əməliyyatları öz hərbi dərsliklərinə salırlar. İrəvanda hələ də kabus kimi xatırlanan, erməni əsgərlərin qorxulu yuxusuna çevrilmiş xüsusi təyinatlılarımızın başlatdığı Şuşa əməliyyatının səs-sorağı dünyanın dörd bir yanına yayılıb. Azərbaycan hərbçiləri bir gecədə Şuşa qalasını, sıldırımlı qayaları, aşılmaz dağları fəth etməklə ordumuzun hansı potensialda olduğunu, Vətən, torpaq anlayışının qəhrəman əsgərlərimiz, xalqımızı üçün nə qədər böyük məna kəsb etdiyini bir daha sübut etmiş oldu.

Azərbaycan Universiteti –Aytəkin Kərimova

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki